AAAF Parkda qanunsuz tikintiyə hansı dövlət qurumu İCAZƏ VERİB? - ARAŞDIRMA

27-07-2023, 11:44           
AAAF Parkda qanunsuz tikintiyə hansı dövlət qurumu İCAZƏ VERİB? - ARAŞDIRMA
Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksinin girişində qanunsuz tikinti işləri aparıldığını xəbər vermişdik.

Daha doğrusu bu iddia ilə bağlı Bizim.Media-ya sözügedən Kompleksin sakini Rasim Adıgözəlov çıxış etmişdi.

Dediyinə görə yaşadığı Xırdalan şəhəri Heydər Əliyev prospekti 167, 24 saylı küçədəki binanın həyəti qanunsuz zəbt edilib və 6 sotluq ərazidə 2 mərtəbəli obyekt tikilir. Tikinti işlərinə təxminən 10 gündən artıqdır ki, başlanıb. Şikayətçi yaşadığı binanın həyətinin həm sakinlərə, həm də uşaqların oyun oynaması üçün məhdudlaşdırıldığından gileylənir.

Həmçinin yanğına davamsız penepalas üzlükdən ibarət 3 binanın gələcəkdə baş verəcək yanğın hadisəsinə görə təhlükəli hesab edir.

Şikayətçinin sözlərinə görə 215 mənzilli əhali riskə atıldığı üçün FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət ediblər. Qurumdan əraziyə baxış keçirilsə də, tikintinin qanunsuz və ya dayandırılacağı ilə bağlı rəy verilməyib.

Biz də öz növbəmizdə sözügedən qurumla əlaqə saxlamışıq. Amma nazirlik məsələ ilə bağlı 1 həftəyə yaxındır ki, sorğumuza cavab vermir.

Məsələ ilə bağlı AAAF Parkdan reaksiya gəlib. Şirkətin hüquqşünası Emin Kərimov Bizim.Media-ya açıqlamasında bildirib ki, qeyd olunan ərazidəki torpaq sahəsi AAAF Park İnşaat MMC-yə məxsus deyil:

“O torpaq sahəsi özəlləşdirilmiş, mülkiyyət hüququ təsdiq olunmuş üçüncü şəxsə aiddir. Amma üçüncü şəxs tərəfindən aparılan tikintinin qanunauyğun olub-olmamasına şirkət cavabdeh deyil. Bu məsələ ilə bağlı aidiyyəti dövlət orqanları var. Marağına toxunan şəxslər həmin qurumlara müraciət edə bilər. AAAF Parkın 24-cü küçəsinin “Bazarstore”un qabağından kifayət qədər giriş-çıxış üçün yerlər var. Ora zatən sakinlər və ya uşaqlar üçün meydança kimi nəzərdə tutulmayıb”.

Abşeron rayon İcra Hakimiyyətinin rəsmisi Seymur Qasımov isə bildirib ki, tikinti aparılan ərazi şəxsi əmlakdır:

“Şəxs öz əmlakında hasarlama aparır. Vətəndaşın o əmlakı nə vaxt aldığını Dövlət Əmlak Komitəsindən və ya vətəndaşın özündən soruşa bilərsiz. Çünki çıxarışı verən o qurumdur”.

Dövlət Əmlak Komitəsinin mətbuat katibi Elmar Yaqubov isə bildirib ki, tikintiyə icazə və nəzarəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi verilir.

Müraciət etdiyimiz qurumların cavabından belə məlum oldu ki, tikintini aparan şəxs sözügedən ünvanda özbaşına torpaq sahəsi alıb və müvafiq normalara əməl etməyərək də “razılaşdırılmış” missiyasını yerinə yetirir.

Yoxsa çıxarış verən qurum bəlli, torpaq sahəsini ayıran qurum bəlli, tikintiyə nəzarət edən qurum da bəllidir... Elə məsələni də azdırmaq bəllidir...

Ümid edirəm, daha yuxarı instansiyalar özbaşına və tikinti qaydalarını kobud şəkildə pozanları məsuliyyətə cəlb edəcək...

Biz isə sakinlərin haqlı narahatlığına son verilənə qədər araşdırmamızı davam etdirəcəyik...

Qeyd edək ki, sözügedən problemlə bağlı tikinti normalarına və qaydalarına riayət olunmur. Bina ilə yeni tikinti arasında 4 metr ara məsafəsi saxlanılıb. Halbuki binalar arasındakı məsafə yan-yana binalarının hündürlüklərinin cəmi qədər olmalıdır. Minimum isə ikisinin hündürlüyünün cəminin yarısı qədər olmalıdır. Əgər evlərin arasında yol varsa, yolun eni ən azı iki metr olmalıdır. Yoldan sonra isə iki metr səki olmalıdır.

Bütün bunlara riayət olunarsa, həmin kompleksdəki binaların arasında 25-30 metrə qədər məsafə olmalıdır.

Mövzunu diqqətdə saxlayacağıq... //Bizim.Media//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.