Daha bir tibb ocağında maliyyə fırıldağı - İTTİHAM

5-08-2016, 11:59           
Daha bir tibb ocağında maliyyə fırıldağı - İTTİHAM
Artıq bir neçə müddətdir ki, bizimdovr.az-a daxil olan məlumatlarda Cəlilabad Müalicə-Diaqnostika Mərkəzinin fəaliyyətində müşahidə olunan çeşidli nöqsanlardan bəhs olunur. Aldığımız açıqlamalarda bu tibb müəssisəsinin baş həkimi Eldar Hacıyevin fəaliyyətinə dair ciddi iradlar irəli sürülür. Bildirilir ki, bu diaqnostika mərkəzində istənilən həkimin qəbuluna girdikdə xəstədən mütləq pul tələb olunur. Xəstə dövlət tibb müəssisələrində xidmətlərin pulsuz olduğunu xatırlatmaq istəyəndə isə, həkimlər çox nəzakətlə cavab verirlər ki, məndən inciməyin, çünki mən baş həkimə həftəlik haqq verirəm. Digər tərəfdən isə, aldığımız məlumatlarda bu səhiyyə müəssisəsində əhaliyə tibbi xidmətlər göstərən həkimlərin peşəkarlığı da şübhə altına alınır. Belə ki, Cəlilabad Müalicə və Diaqnostika Mərkəzində bu ilin aprel ayında baş vermiş ölüm hadisəsi də belə şübhələrin artmasına ciddi əsaslar verib. Bizdə olan məlumata görə, həmin vaxt Cəlilabad şəhər sakini Hüseynov Məhəmməd Xanlar oğlu burun çəpərində əməliyyat olunmaq üçün Diaqnostika Mərkəzinə müraciət etmişdi. Cərrah Xəyal həkimin və həkim-anestezioloq Sənubər Manafovanın nəzarəti altında əməliyyata alınarkən isə, Məhəmməd Hüseynov “narkoz” maddəsinin artıq dozada verilməsi səbəbindən dünyasını dəyişmişdir. Bir müddət əvvəl redaksiyamıza daxil olmuş növbəti açıqlamalardan da belə qənaətə gəlmək olur ki, müəssisənin baş həkimi Eldar Hacıyevi burada əldə olunan gəlirlərdən başqa heç nə narahat eləmir. Məlumatda deyilir ki, Eldar Hacıyev USM və tomoqrafiya müayinəsi şöbələrinin qapıları önünə yaxın adamlarından xüsusi nəzarətçilər qoyub. Onların vəzifələri bu şöbələrə müraciət edən xəstələrin say qeydiyyatını aparmaqdan ibarətdir. Belə ki, hər bir xəstə yalnız adını baş həkimin “nəzarət dəftəri”nə yazdırdıqdan sonra içəri daxil ola bilər. Bununla da baş həkim gün ərzində neçə xəstənin USM və ya tomoqrafiya otağına girməsindən xəbər tutur və günlük alacağı pulun məbləğini müəyyənləşdirir. Həmçinin aldığımız digər bir məlumata görə, Eldar Hacıyev dövlət büdcəsindən ayrılan vəsaitlərin də mənimsənilməsinə də davamlı olaraq yol verir. Məsələn bildirilir ki, təkcə bu il Cəlilabad Müalicə və Diaqnostika Mərkəzinin cari təmir xərcləri adı altında büdcədən 10 min manat vəsait ayrılmışdır ki, bu pulun hara sərf olunduğunu bilən də yoxdur.

Biz mütəmadi olaraq qəzetimizin səhifələrində ölkənin səhiyyə sistemində yer almış neqativ halların və bu halları şərtləndirən bir çox səbəblərin müzakirəsinə həsr olunmuş tənqidi məqalələr dərc edirik. Məlum olduğu kimi bu gün respublikamızın səhiyyə sistemində həyata keçirilən əsaslı islahatlar Azərbaycanın bu sahədə hələ də uyğunlaşa bilmədiyi beynəlxalq standartlar səviyyəsinə yaxınlaşması məqsədini güdür. Lakin etraf etməliyik ki, ümumilikdə ölkənin səhiyyə sistemində vəziyyət hələ də ürək açan deyildir. Dəfələrlə qeyd olunduğu kimi dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin istər keyfiyyəti, istərsə də bu zaman həkimlər tərəfindən irəli sürülən pul tələbləri ilə bağlı mövzular hər zaman istər media, istərsə də ictimaiyyət tərəfindən diqqət mərkəzində saxlanılır. Cəlilabad Müalicə və Diaqnostika Mərkəzində baş verənlər barədə aldığımız məlumatlar isə, bu problemin hələ də öz aktuallığını qoruyub-saxlamasını bir daha təsdiq edir.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.