Bakı Sosial-Pedaqoji Kollecində rüşvət “ənənəsi” - İTTİHAM VAR

7-09-2016, 12:53           
Bakı Sosial-Pedaqoji Kollecində rüşvət “ənənəsi” - İTTİHAM VAR
Ölkənin təhsil sistemində gedən proseslər, bu sahədə bir tərəfdə mütərəqqi islahatları, qarşı tərəfdə isə, mühafizəkar prinsipləri müdafiə edən qüvvələr arasında barışmaz mübarizənin yeni mərhələsinə start verildiyini göstərir. Təbii ki, bu mübarizəni yenilik və müasirliklə, köhnəliyin qarşıdurması kimi qələmə vermək olmaz. Məsələ bundadır ki, mühafizəkarlığı dəstəkləyən qüvvələrin əsas məqsədləri, ilk növbədə ölkənin bütün təhsil müəssisələrində rüşvətxorluq və korrupsiya hallarının olduğu şəkildə qorunub saxlanmasından ibarətdir. Bu məqsədlə həmin qüvvələr əsil koalisiyalar yaradaraq, bütün vasitələrdən istifadə etməklə mübarizə aparırlar. Mənbələr isə “rüşvət naminə” aparılan bu mübarizənin başında duran şəxslərdən biri kimi Bakı Sosial-Pedaqoji Kollecinin direktoru Vaqif Əmiraslanovu göstərirlər. Artıq dəfələrlə qeyd olunduğu kimi, bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan gözlənilən mütərəqqi nəticələr, rəhbərliyində səriştəsiz və məsuliyyətsiz kadrların durduğu bəzi tədris müəssisələri üçün hələ də əlçatmaz olaraq qalır. Məhz bu baxımdan Vaqif Əmiraslanovun da fəaliyyəti ictimaiyyət tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Kolleclə bağlı məlumatları təqdim edən mənbə iddia edir ki, hazırda adıçəkilən təhsil ocağında müxtəlif səpkili özbaşınalıqlar hökm sürdüyündən bu, kollecin müəllim və tələbə heyətinin ciddi narazılığına səbəb olur. İş o yerə çatıb ki, artıq tələbələrlə yanaşı, müəllimlərin də bir qismi Bakı Sosial-Pedaqoji Kollecində baş verənlərə, direktorun əməllərinə, yol verilən ciddi nöqsanlara etiraz edirlər. Bu xüsusda aldığımız məlumatlarda qeyd olunur ki, Vaqif Əmiraslanov bu gün də öz fəaliyyətini keçmiş nazir Misir Mərdanovun verdiyi tövsiyələr əsasında qurmaqdadır. Bu tövsiyyələr isə, təhsil ocağının əməlli-başlı gəlir mənbəyi kimi istismarına yol açır. Eyni zamanda da mənbə iddia edir ki, Vaqif müəllim qardaşı Əhliman Əmiraslanova güvənərək, rəhbərlik etdiyi kollecdə “bazar” pirinsiplərini hər növbəti tədris ili daha da dərinləşdirir. Yəqin ki, burada artıq Əhliman Əmiraslanovun Azərbaycan Tibb Universitetinin rektoru olduğunu vurğulamağa heç bir ehtiyac yoxdur.

Bu arada isə, Bakı Sosial-Pedaqoji Kollecindən təqdim olunan açıqlamalarda göstərilir ki, Vaqif Əmiraslanov hər semestr üçün bir tələbədən yığılan pulların məbləğini artıq 500-600 manat civarında müəyyənləşdirib. Deyilənə görə, bu məbləği ödəməyənlər istənilən halda bir bəhanə ilə məktəbdən xaric olunurlar. Həmçinin aldığımız məlumatlarda bildirilir ki, bu gün Bakı Sosial-Pedaqoji Kollecində təhsilin səviyyəsi indiyədək görünməmiş qədər aşağı düşüb. Xatırladaq ki, bu təhsil müəssisəsində Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təhsildə korreksiyaedici təlim; Məktəbəqədər təlim və tərbiyə ixtisasları tədris olunur. Sessiya imtahanları isə, son bir neçə ildə aşkar şəkildə alver predmetinə çevrilib. Mənbələrin iddialarına görə, bu kollecdə imtahanların qiyməti fənlərə və müəllimlərə görə dəyişir. Belə ki, hər bir fənnin və həmin fənn üzrə dərs deyən müəllimin “özünün” qiyməti var ki, tələbələr də artıq bunları çox gözəl bilirlər. Bundan başqa isə, kollecdə tələbələrdən qayiblərə görə də pul tələb olunur. Bir çox tələbələrin adı jurnalda getsə də, özlərinin dərslərdə iştirak etməməsi buna əyani sübutdur. Məlumatlarda qeyd olunur ki, dərslərdə iştirak etməməyin aylıq “xərci” 100 manatdır. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti son vaxtlar tamamilə dəyişib. Bu və ya digər fənn üzrə imtahandan yalnız pulla qiymət almağın mümkünlüyünü görən tələbələr dərsə davamiyyətə məhəl qoymurlar.

Eyni zamanda da, aldığımız məlumatda Bakı Sosial-Pedaqoji Kollecinin direktoru Vaqif Əmiraslanovun oğlu barədə maraqlı açıqlamalar təqdim olunur. Mənbə bildirir ki, bu gənc özünün bəzi qeyri-sağlam məşğuliyyət maraqları ilə diqqəti cəlb edir. Bu isə, onun tez-tez əmisi Əhliman Əmiraslanova müraciət etməsinə səbəb olur...

Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.
bizimdövr.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.