18 nömrəli orta məktəbdə müxtəlif yığımlar həyata keçirilir

8-09-2016, 01:17           
18 nömrəli orta məktəbdə müxtəlif yığımlar həyata keçirilir
Rəna Süleymanovanın direktoru olduğu təhsil ocağında şagirdlərin dərsə davamiyyəti bərbad haldadır Paytaxtın Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi 6/10 ünvanında yerləşən Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin adı müxtəlif vaxtlarda bir sıra xoşagəlməz olaylarda hallanıb. Belə ki, təxminən, bir il bundan öncə adıçəkilən təhsil müəssisəsində dəhşətli hadisənin yaşandığını vurğulayan məlumatlı şəxsin paylaşdığı informasiyada deyilir ki, həmin vaxt Yasamal rayon sakini Anar Məmmədov 18 saylı orta məktəbdə qardaşı oğlunun müəllim biganəliyi nəticəsində ağır duruma düşdüyünü qeyd edib. Sözügedən təhsil ocağının 4-cü sinfində oxuyan qardaşı oğlu Əli Məlikovun digər sinif yoldaşları ilə oynayarkən təsadüfən yıxılıb və başından ağır xəsarət aldığını bildirən Anar Məmmədovun iddiasına görə, bunu görən müəllimə Sevda Cavadova uşağın valideynlərinə heç bir xəbər etməməsi bir yana, hətta ona gərəkən yardımın göstərilməsini də yubadıb. Deyilənlərə görə, hadisədən 18 saylı orta məktəbin direktoru xəbərdar olsa da, o da baş verənlərlə bağlı şagirdin valideynlərini, yaxınlarını məlumatlandırmayıb. Nəticədə uşağın vəziyyəti daha da ağırlaşıb. Əldə etdiyimiz digər məlumatlarda isə bildirilir ki, 100-dən artıq yaşı olan və hazırda 1659 şagirdin təhsil aldığı 18 nömrəli tam orta məktəbin direktoru Rəna Tofiq qızı Süleymanova bu şagirdlərin böyük əksəriyyətini müxtəlif yığımlara cəlb edir: «Deyilənlərə görə, ixtisasca Azərbaycan dili, ədəbiyyat müəlliməsi olan direktor vəzifəsinə və kollektiv üzvlərinə biganə münasibət göstərir. Bildiyiniz kimi, təhsil naziri Mikayıl Cabbarov tapşırıb ki, heç bir direktor, heç bir müəllim şagirdlərdən pul yığmasın. Lakin deyilənlərə görə, hazırda 18 nömrəli orta məktəbdə hər şey tamamilə əksinə cərəyan edir. Belə ki, bütün bayramlarda şagirdlər yığıma cəlb edilir. Hətta iş o həddə çatıb ki, Rəna Süleymanovanın gəlişindən sonra 18 saylı orta məktəbdə təhsilin səviyyəsi olduqca aşağı düşüb. Bu səbəbdən də əsasən 9, 10 və 11-ci siniflərdə şagirdlərin dərsə davamiyyəti bərbad haldadır. Hələ bu, harasıdır. Ali məktəblərə repetitor yanında hazırlaşan şagirdlər bir qayda olaraq direktorla nəyinsə qarşılığında anlaşıb dərsə gəlmirlər. Məktəb rəhbəri müəyyən maraqlarını təmin etdiyindən həmin şagirdlərin dərsə gəlməməsinə göz yumur. Bundan başqa, məktəbdə müəllimlər arasında ayrıseçilik salınır. Hansı müəllimənin məktəb rəhbəri ilə münasibətləri yaxşıdırsa, ona çox dərs saatı yazılır. Direktorun əməllərinə etiraz edən müəllimlərə isə az dərs saatı yazılır». Bu arada, müvafiq qurumların 18 saylı orta məktəbdə ciddi və obyektiv yoxlama aparacaqları təqdirdə texniki işçilərin ştat cədvəlində neqativ hallara yol verildiyinin müəyyənləşəcəyini deyən mənbənin sözlərinə görə, Rəna Süleymanova özünə yaxın olan bir neçə şəxsin adını məktəbdə texniki işçi kimi qeydiyyatdan keçirib: «Onu da nəzərinizə çatdırım ki, 18 nömrəli tam orta məktəbin bufetində natəmizliyin baş alıb getdiyi deyilir. Belə ki, sanitar-gigiyenik qaydalara əməl olunmur. Ən əsas məsələ isə şagirdlərə satılan məhsulların keyfiyyətsiz və vaxtı ötmüş olmasıdır. Əfsus ki, bu cür yeməklər Rəna Süleymanovanın direktoru olduğu təhsil müəssisəsində uşaqlara verilir. Bir sözlə, bufetdə nə gəldi satırlar, uşaqlar da heç nə başa düşmədiklərindən həyatları üçün təhlükəli olan ərzaqları alıb yeyirlər. Sonra da onlarda zəhərlənmələr, xəstəliklər baş alıb gedir. Bütün bunlarla bağlı dəfələrlə Təhsil Nazirliyinə və digər müvafiq qurumlara müraciət olunsa da, nədənsə hələ də Rəna Süleymanovanın əməllərinə lazımı qaydada qiymət verilməyib. Görünən odur ki, direktor kimlərsə tərəfindən ciddi şəkildə müdafiə olunur və məhz buna görə də aidiyyəti orqanlar 18 saylı orta məktəbdə yaşanan neqativ hallara əhəmiyyət vermirlər». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.Gundelik-Baku












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.