Çovdarov-Tağı Əhmədov qovğası: sabiq metro şefi də həbs oluna bilər

10-09-2016, 08:29           
Çovdarov-Tağı Əhmədov qovğası: sabiq metro şefi də həbs oluna bilər
“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi, YAP-ın Yasamal təşkilatının sədri Tağı Əhmədov son günlər mətbuatın gündəmində olan əsas fiqurlardan birinə çevrilib.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarova 3 milyon “xərac” verməsi faktının üzə çıxması və bu pulu haradan alması T.Əhmədovu həbs təhlükəsi ilə üz-üzə qoyub.
Yüksək məbləğin Çovdarova nə üçün verilməsinə gəlincə, iddia edilir ki, MTN-ə 10 ədəd “Range Rover” markalı avtomobil lazım olub. Bunun üçün büdcədən pul ayrılıb. Lakin A.Çovdarov ayrılan məbləği mənimsəyərək, Tağı Əhmədovdan həmin maşınları alıb verməsini istəyib. T.Əhmədov isə bundan imtina edib. A.Çovdarov da intiqam məqsədi ilə onun ətrafında olanlar barədə araşdırma aparıb. T.Əhmədovun qardaşı oğlu Şövqi Tağıyev və digər qohumu Elşən Tağıyev (qardaşı oğlu) A.Çovdarovun göstərişi ilə saxlanılıb.
Onlara MTN-də fiziki təzyiq olunub. Sonda T.Əhmədov məcburən 3 milyon manatı verməyə razılaşıb. Onun oğlu Ruslan və qardaşı oğlu Əli 1,2 milyon dollar, 1,5 milyon avro və 300 min manat pulu qara idman çantasında A.Çovdarova verib…
para dolu çanta ile ilgili görsel sonucu

T.Əhmədov A.Çovdarovun həbsindən sonra aparılan araşdırmalar zamanı istintaqda dindirilib və hadisəni danışıb. Müstəntiqin ondan “Siz 3 milyon manatı necə əldə etmişdiniz ki, Akif Çovdarova bu məbləğdə pulu ödəyə bildiniz?” sualına “40 illik əmək haqqımdı, yığıb saxlamışdım” deyə cavab verib.
Onun istintaqa verdiyi ifadə də işlədiyi müddət ərzində bu qədər məbləği necə əldə etməsi sualının cavabı olmayıb. Hazırda onunla bağlı əsas müzakirə olunan məsələlərdən biri də budur. T.Əhmədov Azadlıq Radiosuna müsahibəsində 3 milyonu necə əldə etməsinə bu cür aydınlıq gətirib: “Ancaq 40 ildir metropolitendə işlədiyimə görə əlavələr var, onu alıram, “Fəxri dəmiryolçu” kimi əlavələr var, bir də üstəliklər (?-red.) var, onu alıram. Yəni, təkcə 890 manat deyil, bundan bir qədər artıq pul alıram. Amma sırf maaşım 890 manat olub”.
T.Əhmədovla bağlı təhlükələr təkcə bununla bitmir. A.Çovdarovun həbsxanadan vəkili vasitəsilə göndərdiyi açıqlamada onun övladları barəsində səsləndirdiyi ittihamlar kifayət qədər ciddidir. O, T.Əhmədovun balaca oğlunun maşınla adam vurduğunu, digər oğlu barəsində də polis idarələrində materiallarının olduğunu və buna görə də ona qarşı T.Əhmədovdan istifadə edildiyini bildirib. Bu ittihamların ardından sabiq rəisin dindirməyə cəlb olunacağı iddia olunur. Həm 3 milyonu necə əldə etməsi, həm də iki oğlu barəsində Çovdarovun dedikləri ilə bağlı…
aslan ismayılov ile ilgili görsel sonucu
Tanınmış hüquqşünas Aslan İsmayılov qaynarinfo.az-a deyib ki, Tağı Əhmədovun Akif Çovdarova 3 milyon manat verməsi sübut olunsa, o, özü də həbs edilə bilər. T.Əhmədovun Çovdarova 3 milyon verdiyi özü tərəfindən inkar olunmur, əksinə təsdiqlənir. Metropolitenin sabiq rəisi övladları ilə bağlı deyilən ittihamların qarşısında isə susur. Bu da bir sıra müəmmalara yol açır.
Hüquqşünas Müzəffər Baxış qəzetimizə açıqlamasında T.Əhmədovun həbs ehtimalları ilə bağlı bunları deyib: “Tağı Əhmədovu səmimi bir insan kimi tanıyıram. Onun özü də deyir ki, 3 milyon topladığım əmək haqlarıdır. Qanuni yolla əldə etdiyi əlavə gəlirlər də ola bilər. Qohumlardan da ala bilər, borc da alması mümkündür. Eyni zamanda o, bədii yaradıcılıqla məşğuldur. Məndə həmin məbləği onun qeyri-qanuni yollarla əldə etməsi barədə heç bir məlumat yoxdur. Çünki onu yoxlamamışam. Araşdırmamışam ki, o, vəzifədə olduğu müddət hansısa qanunsuz yollarla pullar əldə edib. Amma Azərbaycan reallığında Tağı Əhmədovun geniş ətrafı ola bilər, yəni imkanlı şəxslərin ətrafında olması mümkündür. Yaxın qohumları ona qarşı belə bir təcavüz edilməsindən xəbərdar olub, kömək də edə bilərlər. Hüquq mühafizə orqanlarında belə bir şübhələr varsa, araşdıra bilərlər. Azərbaycan reallığında indiki şəraitdə Tağı Əhmədov zərərçəkmiş şəxs sayılır. Akif Çovdarov və digərlərinin cinayətkar əməllərlə məşğul olduqlarını əvvəlcədən bilirdim”.
M.Baxış qeyd edib ki, onlara həmin vaxt heç kimin gücü çatmırdı: “Tağı Əhmədovun bir oğlunu tanıyıram, çox səmimi şəxsdir və hakim işləyir. Çovdarovun dediklərinə inanmıram. Düşünürəm ki, o kimlərisə şantaj edir. Tağı Əhmədovun oğlu adam vurubsa, həmin hadisə o vaxt araşdırılmalı, sürücünün texniki imkanları öyrənilməli idi. Bunu ən yaxşı istintaq aparılıbsa, istintaqı aparan şəxslər bilər. Əgər qanuni istintaq aparılmayıbsa, prokuror bunu ləğv edib, yenidən araşdırma apara bilər. Əgər Vəkillər Kollegiyasının üzvü tərəfindən Çovdarovun adından belə ciddi ittihamlar səsləndirirsə, Cinayət Məcəlləsinin 206-cı maddəsi ilə baş prokuror həmin vəkili dəvət etməlidir, araşdırmalara başlanmalıdır. Çox ciddi məlumatdır və hər bir halda araşdırılmalıdır. Azərbaycan ictimaiyyətinə bu barədə məlumat verilməlidir”.
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.