Sumqayıt bağçalarında “pullu qəbul” problemi

10-09-2016, 11:43           
Sumqayıt bağçalarında “pullu qəbul” problemi
Valideynlərin gəldikləri qənaət belədir ki, bu problem Sumqayıt Şəhər İcra Hakimiyyəti səviyyəsində öz həllini tapmayacaq

Səbəb nədirsə, son vaxtlar Sumqayıtdan aldığımız əksər xəbərlər heç də ürəkaçan olmur. Elə bu günlərdə redaksiyamıza daxil olan telefon zəngi də, növbəti dəfə Sumqayıt sakinlərini narahat edən problemlərdən birinin araşdırılması üçün əməkdaşımızın bu şəhərə yollanmasına səbəb oldu. Problemin mahiyyəti isə, sakinlərin öz uşaqlarını Sumqayıtda fəaliyyət göstərən dövlət bağçalarına qəbul etdirə bilməmələri ilə bağlı idi. Artıq dəfələrlə qeyd olunduğu kimi, ölkəmizdəki uşaq bağçalarının fəaliyyəti hər zaman ictimaiyyətin tənqidinə tuş gəlib və bu tendensiya indi də davam etməkdədir. Həmçinin bir neçə il bundan öncə məktəbəqədər uşaq müəssisələrinin Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq, icra orqanlarının tabeliyinə verilməsi bir çox rüşvətxor bağça müdirləri üçün əlavə imkanlar da yaratmış oldu. Bu xüsusda müxtəlif instansiyalara ünvanlanan şikayət məktublarında da təsdiq olunur ki, bəzi müəssisə rəhbərləri öz neqativ fəaliyyətlərini daha da genişləndirmək qərarına gəliblər. Artıq bir çox bağça müdirləri icra strukturlarının yüksək vəzifəli əməkdaşları tərəfindən onlara “aylıq haqq” ödəmələrinin təyin olunduğunu bəyan edərək, həyata keçirilən pul yığımının “təyinat” siyahısına yeni bir bənd də əlavə etmişlər. Amma Sumqayıt sakinlərinin bu dəfəki şikayətləri, icra orqanlarının bəzi əməkdaşlarının uşaq bağçalarında yer alan özbaşınalıqlarda həqiqətən də “əlləri olduğunu” deməyə çox ciddi əsaslar verir.

Beləliklə, Sumqayıta yollanmış əməkdaşımızı şəhər təhsil şöbəsinin qarşısında toplaşmış 10-larla valideyn qarşıladı. Niyə məhz təhsil şöbəsinin? İndi buna da aydınlıq gətirərik. Məsələ bundadır ki, dövlət balansında olan uşaq bağçalarına övladlarını yerləşdirə bilməyən valideynlər əvvəlcə Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısına gəlirlər. Burada valideynlərə deyirlər ki, onları icra başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Lalə Hacıyeva qəbul edəcək. Qəbul isə, həftənin cümə günü şəhər təhsil şöbəsində baş tutacaq. Həqiqətən də, keçən cümə günü Lalə xanım valideynləri qəbul edir, şikayətlərini dinləyir və söz verir ki, bağça müdirlərinə müvafiq göstəriş veriləcək. Lakin aradan keçən bir həftə ərzində bağçalarda vəziyyət qətiyyən dəyişmir. Dünən isə, artıq qəbulu heç Lalə Hacıyeva heç özü də yox, şöbənin aparıcı məsləhətçisi Xəyal Məlikov həyata keçirib. Yenə də qeydlər aparılıb, vədlər verilib və... vəssəlam.

İndi isə, görək valideynlər Sumqayıtın uşaq bağçalarında yaranmış vəziyyət barədə nə deyirlər. Onu da deyək ki, şəhər sakinlərinin şikayətləri onların öz razılıqları ilə əməkdaşımız tərəfindən video-qeydə alınmışdır. Beləliklə, sakinlərin daha çox şikayət etdikləri müəssisələr 3, 11, 19, 23, 24, 34, 39, 44, 45, 46, 54, 55, 56 və 62 saylı bağçalar oldu. Valideynlər bildirirlər ki, bu bağçalarda uşaqların qəbulu müəssisənin “prestijindən” asılı olaraq 150 manatdan 400 manatadək rüşvət müqabilində həyata keçirilir. Məsələn, deyilənə görə, ən bahalı bağçalardan biri 11 saylı bağçadır ki, burada bir uşağın qəbulu 400 manata başa gəlir. Nisbətən ucuz müəssisələrdən isə, 34 saylı bağçanı göstərmək olar – qəbul cəmi 150 manata. Amma valideynlər bunu da deyirlər ki, müəssisə rəhbərləri heç kimdən birbaşa pul istəmirlər. Sadəcə olaraq, bağçaya müraciət edən valideynə bildirilir ki, yer yoxdur. Valideyn bağçanı tərk edəndə isə, ona ya xadimə, ya da digər kiçik vəzifəli işçilərdən biri yaxınlaşır və müəyyən məbləğ müqabilində məsələni “həll edə” biləcəyini deyir.

Həmçinin valideynlər bəzi bağça müdirlərinin ümumiyyətlə, qəbulun icra hakimiyyətinin bu və ya digər vəzifəli məmurunun göstərişi əsasında həyata keçirildiyini söylədiklərini də xüsusi olaraq vurğulayıblar. İstənilən halda, valideynlərin gəldikləri qənaət belədir ki, bu problem Sumqayıt Şəhər İcra Hakimiyyəti səviyyəsində öz həllini tapmayacaq. Məhz bu səbəbdən də, sakinlər ölkə rəhbərliyinə müraciət ünvanlamağa hazırlaşırlar.bizimdövr.
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.