Beyləqan İcra Hakimiyyətində daha bir qalmaqal - Başçı pul yığdırır...

10-09-2016, 12:54           
Beyləqan İcra Hakimiyyətində daha bir qalmaqal - Başçı pul yığdırır...
Beyləqan mətbuatda ən çox tənqid olunan rayonlardan biridi. Az qala hər gün rayonda baş verən hadisələrlə bağlı məlumatlar dərc olunur, rəhbərliyin yol verdiyi nöqsanlar ictimaiyyətin diqqətinə çatdırılır. Amma nə icra başçısı Vaqif Abdullayev, nə də digər məmurlar öz əməllərindən əl çəkmir. Bu gün elektron poçtamıza Beyləqanla bağlı daha bir maraqlı məlumat daxil olub. Məktubda sentyabrın 6-da rayon Mədəniyyət Mərkəzində icra başçısı Vaqif Abdullayev, Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmov və Təhsil Nazirliyinin nümayəndəsi Akif Əliyev iştirak etdiyi görüşdə ali məktəblərə qəbul olunmuş tələbələrə verilən hədiyələrlə bağlı ilginc fakt qeyd olunur. Müəllif yazır ki, icra başçısı tələbə adını almış şəxslərə təqdim etdiyi hədiyyələr üçün məktəb direktorlarından məcburi şəkildə 150-300 manat pul yığdırıb. Bu pulla hədiyyələr alan Vaqif Abdullayev onları öz adından gənclərə bağışlayıb. Əslində bu hadisəyə ilginc demək olmaz. Çünki Azərbaycan reallığında icra başçılırının məktəb direktorlarından və büdcə təşkilat rəhbərlərindən müxtəlif bəhanələrlə pul yığdırması adi hala çevrilib. Hətta bu addımı atan icra başçılarının reytinqini hazırlasaq, Vaqif Abdullayev şübhəsiz ilk "onluq"da yer alar. Mətbuatda yayılan, bu günə qədər təkzib olunmayan məlumatlara görə, bəzi icra başçıları büdcə təşkilatlarının rəhbərlərinə aylıq "haqq" qoyub. Məhz bu məlumatlardan sonra Vaqif Abdullayevin məktəb direktorlarından pul yığdırması barədə xəbərlər inandırıcı görünür. Onu da qeyd edək ki, mətbuatda Vaqif Abdullayevin Xuraman Rüstəmovadan Təhsil Şöbəsinin müdiri olmaq üçün 70 min manat alması barədə də xəbərlər yayılmışdı. Qeyd edək ki, məsələ ilə bağlı Beyləqan rayon İcra Hakimiyyətinin münasibətini öyrənə bilmədik. İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.dia.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.