19 oktyabr mitinqi haqda şok iddia: “İqtidar daxilindəki müqavimət qrupu...”
26-10-2019, 07:56
“Prezident ölkəni yeni bir mərhələyə, daha müasir bir ölkə, daha çevik bir idarəetmə, daha gənc kadrların öhdəsində olan dövlət modelinə keçirir”.
ƏTRAFLI
hunergroup.az
“Yeni Sabah” xəbər verir ki, bu sözləri Real TV-yə müsahibəsində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib. R.Arifoğlu bu müsahibəsində prezident İlham Əliyevin son günlər kadr islahatları ilə bağlı atdığı addımları şərh edib.
“Prezident Azərbaycanı yeniləyir”, deyən R.Arifoğlu müsahibəsinin girişində dövlət başçısının son addımlarını bu cür özətləyib. O, Prezidentin son çıxışlarına dayanaraq, bildirib ki, İham Əliyev Azərbaycanın “postneft” mərhələsinə daxil olduğunu elan edib və hazırda bu mərhələ üçün hazırladığı yeni strategiya ilə hərəkət edir.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri hesab edir ki, ictimaiyyətin xəbər vasitələrində gördüyü fraqmentlər İlham Əliyevin hazırladığı strategiyanın mühüm, çox önəmli parçalarıdır: “Prezident dövlət idarəçiliyini daha yeni, daha gənc və daha modern kadrların öhdəsinə verir. Azərbaycanın idarəedilməsinə yeni model gətirilir. Eyni zamanda Prezident kriteriyalarını da bəyan edib: xarici təsirlərdən uzaq, vətənpərvər, yeni dövrün tələblərinə cavab verə biləcək kadrlarla işləyəcək. Bu dəyişim incə, həssas, həm də tamamilə yeni bir taktika ilə həyata keçirilir.
Mən və media qrupumuzdakı ekspertlər o fikirdəyik ki, hakimiyyətdə bu qədər genişmiqyaslı və ardıcıl dəyişikliklərin hazırlanmasına kifayət qədər zaman ayrılıb. Yəni indi az qala hər gün izlədiyimiz struktur və kadr dəyişiklikləri spontan hərəkətlər deyil, tətbiq zamanı da xüsusi olaraq seçilmiş bir prosesdir. Bizim qəti qənaətimizcə, ilham Əliyevin kadr dəyişikliyində seçdiyi incə taktika dövlət idarəçiliyində öyrəniləcək, hətta kitablara salınacaq təcrübədir. Ona görə ki, iqtidardakı ən köklü “ağacları” əhatə edən radikal kadr dəyişikliyi kimsəni incitmədən əməyi keçənlərin, xidmət göstərənlərin (hətta bəzən islahatlara mane olanların) qiymətini və dövlət mükafatlarını verərək, tətbiq edilir.
Digər bir fraqmentdə isə biz həmin prosesin davamını seyr edirik, irəliyə çəkilən, rəhbərliyə gətirilən kadrları görürük. O kadrlarla Prezidentin təmaslarını izləyirik. Prezident həmin şəxslərin timsalında Azərbaycanımıza, bizim hər birimizə mesaj verir, xitab edir. Hər kəs o mesajlardan özünə aid olan həm vəzifələri, həm qənaətləri çıxarır”.
R.Arifoğlunun fikrincə, İqtisadiyyat Nazirliyinin başına gətirilən Mikayıl Cabbarovla prezidentin görüşü hər kəs üçün ciddi bir məlumat qaynağıdır. O, hesab edir ki, burada verilən mesajlar eyni zamanda Azərbaycanın gələcəyinin şəkilləndirilməsi, yenilənməsi istiqamətində hansı addımların atılacağının göstəricisidir.
“Ən önəmlisi də, xalq gördü ki, islahatların davam edəcəyinə dair ali iradə ortadadır. Prezident açıq bəyan etdi ki, hər hansı bir faktor bu iradəyə, bu kursa təsir etməyəcək. Bu cür dialoq-mesajlar sayəsində ictimaiyyət anlayır ki, Prezident hər şeyi hesablayıb və bu dəyişikliklərin strategiyasını öncədən hazırlayıb.
Burada önəmli həm də odur ki, məlumatların ildırım sürətilə yayıldığı indiki zamanda bu informasiyalar nyu-media vasitələrinə, sosial şəbəkələrə düşməyib, ötürülməyib. Görünür, iqtidarda olan və planlaşdırılan dəyişimlərin əhatəsinə düşəcək vəzifəli məmurların çoxu bu cür strateji məlumatlara yaxın buraxılmayıb. Bu da Prezident planının önəmini, ciddiyyətini göstərən və eyni zamanda onlara qarşı müqavimət təşkil olunmasını önləyən bir faktordur. Bu məsələdə də gözümüzün önündə yeni bir praktika ilə üz-üzəyik.
18 oktyabrda Prezidentin yanında keçirilən müşavirədə müəyyən dəyişikliklərin anonsu verilmişdi. İlham Əliyevin mediaya manşet olan məşhur çıxışından hər kəs anlamışdı ki, yaxın zamanlarda Azərbaycanı nələrsə gözləyir. Lakin bu qədərini kimsə gözləmirdi. Prezident o çıxışında yenilənmənin həm kriteriyalarını, həm də strategiyasını bəyan etmişdi: iqtidar komandasının gəncləşəcəyi, modernləşəcəyi, yeni dövrün, yeni çağın tələblərinə uyğun kadrların irəli çəkiləcəyi, həmin tələblərə cavab verməyəcək kadrların isə yola salınacağı açıq şəkildə bəyan olundu.
Prezident ilk dəfə orda göstərdi ki, iqtidarın daxilində bu islahatlara mane olan qüvvələr var.
“Yeni Müsavat”ın baş redaktorunun sözlərinə görə, prezidentin qərar və addımlarına toplu halda baxanda, onun nə istədiyi və Azərbaycanı hara apardığı bəlli olur:
“İlham Əliyevin Azərbaycanın bugününə və gələcəyinə baxışı nədir? Bu suala cavab tapmaq üçün Prezidentin Azərbaycana gətirdiyi ASAN Xidmət modelinə, DOST Agentliyi konsepsiyasına baxmaq yetərlidir. O, Azərbaycanın gələcəyini bu platformalarda modelləşdirdi və indi həmin modelin miqyasını böyüdür. Yəni, vətəndaş məmnuniyyətinə hesablanmış siyasət, şəffaflıq, yeni texnologiyaların tətbiqi ilə xalqa sosial xidmətin təşkili iqtidarın bütün sferalarına gətirilir. İlham Əliyev neft ölkəsini, neft iqtisadiyyatlı dövləti sosial dövlət modelinə keçirdir. Bu istiqamətdə artıq böyük islahatlar aparılıb və indi onlar dərinləşdirilir.
Biz hamımız istəyirik ki, Azərbaycan yenilənsin, daha yaxşı və daha modern bir ölkə olsun. Bu baxımdan da bunu istəyən hər kəs Prezidentin xəttinə dəstək verməlidir”.
R.Arifoğlu müsahibədə eyni zamanda müxalifətə də səslənib. O, vurğulayıb ki, Prezidentin “islahatlara iqtidar daxilindən də bəzi məmurların müqaviməti var” ifadəsinin ardınca, müxalifətin bəzi kəsiminin küçələrə çıxmasının eyni zamana təsadüf etməsi qəribədir:
“Sanki o kəsimlə - müqavimət göstərən məmurlarla müxalifətin radikal kəsiminin bağlantısı var. Sanki iqtidar daxilindəki müqaviməti məhz onlar küçəyə daşıyırlar. Azərbaycanı və komandasını yeniləmək istəyən bir Prezidentə ölkə və dünya miqyasında problem yaratmaq istəyirlər. 14 ildir küçəyə çıxmayan bir lider (AXCP sədri Əli Kərimli nəzərdə tutulur - red.) qəfil küçəyə çıxır. İndiyədək bu qədər aksiya olmuşdu, amma o adam küçələrə çıxmamışdı. Oktyabrın 19-da çıxdı, skandallar yaratdı, polisi toqquşmaya təhrik etdi...
Ardınca da dünya miqyasında bir kampaniya başladıldı. Elə bil hazır durub, gözləyirdilər. Sanki iqtidarın öz içindən gizli müqavimət göstərən bir kəsim müxalifətin içindəki bir kəsimlə əlbir şəkildə Azərbaycanda islahatları dayandırmaq istəyir. Mən vətəndaşlarımızın bu məqamda ayıq-sayıq olmasını istəyirəm. Səmimi müxalifətçilərin, mənim dostlarımın ayıq-sayıq olmasını istəyirəm. Bizlərə hər kəsdən daha çox lazım olan, əslində hər kəsə lazım olan bu prosesə açıq gözlə baxsınlar, dəstək verməsələr də, əngəl olmasınlar”.