"Sıradan bir müstəntiqi AZAL-a göndərsən iki saat Cahangir Əsgərovu həbs edər"
30-04-2016, 00:06
Moderator.az xəbər verir ki, tanınmış hüquüşunas Aslan İsmayılov «Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL)-ın rəhbəri Cahangir Əsgərovun dəyəri yüz milyonlarla ölçülən yaxta almasına münasibət bildirib.
"Mətbuatda Cahangir Əsgərova məxsus dəyəri yüz milyonlarla ölçülən yaxtanın şəkili paylaşılıb. Əminəm ki, bu düzdür. Onun Azərbaycan Xalqından oğurladıqları pullar hesabına topladığı sərvətlər yüz milyonlarla ölçülür. Cahangir Əsgərov qədər bu ölkəni talayan, onun qədər bu Xalqı aşağılayan, yuxarıdan aşağı baxan ikinci bir şəxs başqa millətlərdən də yoxdur. O, bu Xalqa həmişə yuxarıdan aşağı baxıb, həmişə həqarətlə yanaşıb.
AZAL-ın işçilərini biz yoxlasaq, orada bir nəfər belə Azərbaycan dilində səlist danışanı tapmaq çətindir. O, Azərbaycana gəldiyi ilk illərdə, 1994-cü ildə AZAL-ın Türkiyədə nümayəndəsi olduğu zaman da büdcəni talamışdı. Onu yol verdiyi cinayətlərinə görə AZAL-ın keçmiş rəhbəri Ədalət Əliyev vəzifədən azad edib haqqındakı materialları prokurorluğa göndərmişdi. Əvəzində necə oldusa "Cahangir Ədaləti işdən çıxartdırdı".
Təxminən 2000-ci ildə Cahangir Əsgərovun həyat yoldaşı Bakıdan “Nord-Ost”da konsertə gedib, orada əsir düşəndə, o, Azərbaycanın milyonlarını çeçen döyüşçülərinə verib və onu əsirlikdən azad elətdirdi. 23 iyul 2015-ci il tarixdə mən şəxsən Azərbaycanın Baş Prokuroru Zakir Qaralova onun haqqında cinayət işi açılması barədə müraciət eləmişəm (şərhdə). O, korrupsionerdir, başçılıq etdiyi qurum isə korrupsiya bataqlığı olmaqla yanaşı Azərbaycana düşmən kəsilib və onun iqtisadiyyatını məhv edir. O, tək AZAL-ı yox, Azərbaycanda turizm sektorunu məhv edib. Bu barədə bir dəfə Turizm və Mədəniyyət naziri Əbülfəz Qarayev özü də demişdi.
O, Azərbaycan gediş-gəlişi elə çətinləşdirib ki, heç kim ölkəmizə gəlmək istəmir. Onun fırıldaqlarını hələ sağ ikən rəhmətlik Heydər Əliyev də ifşa etmişdi (şərhdə). Son günlər yayılan arxiv materiallarının yəqin ki, çoxlarınız şahidi oldunuz. Necə oldusa o vaxt da məsuliyyətdən qaçdı.
Bir daha təkrar edirəm, AZAL şefi bütün addımları ilə həmişə Azərbaycan xalqını aşağılamaqla məşğuldur. Son konsert olayı daxil yüzlərlə belə misallar var. Heç bir təcrübəsi olmayan sıradan bir müstəntiqi AZAL-a göndərsən iki saat araşdırma aparmaqla Cahangir Əsgərovun milyonlarla dollarlıq yeyintilərini aşkar edib onu həbs edər. Bilet fırıldaqlarından başqa Cahangir Əsgərovun oğurluq yanacaq, dizel alveri də var. Bunlar hamısı Azərbaycandan oğurlanır. Cahangir Əsgərov CİNAYƏTKARDIR və onun həbs olunmaması hüquq-mühafizə orqanlarına ləkədir. Bu gün arxasını Xalqa söykəyib Vətən uğrunda vuruşan müdafiə naziri Zakir Həsənovla Cahangir Əsgərov kimisinin bir kabinetdə təmsil olunması Azərbaycan hakimiyyətinə və Xalqına təhqirdir.!"