"Mən hər gün atasızlığı hiss edirəm..."
Bu gün, 09:44

“Mən hər gün atasızlığı hiss edirəm. O mənim əvəzedilməzim, arxam, dayağım idi. Hər dəfə gedib o qara daşı qucaqlayıb ağlayanda bircə onu hiss edirəm ki, mən artıq atasız bir qızam. Mən məcburən, yalandan gülürəm. Bütün gülüşüm atamla birgə getdi. Qız övladı ataya bağlı olur. Mən atama çox bağlı idim. Uzaqda olsam belə ürəyim, canım həmişə onun yanında olub. Mən bu gün də onu tək buraxmıram, ayda 3 dəfə gedib məzarı ilə danışıram. O mənə cavab verməsə də mən onunla hər şeyimi bölüşürəm və ən acısı odur ki, mən oradan həmişə atasız qayıdıram”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Arif Quliyevin qızı Günel Quliyeva deyib.
O daha sonra əlavə edib:
“Həqiqətən də valideynsiz qalmaq çox çətindir. Atasız, anasız yaşamağın çətinliyini indi anlayıram. Bilirsiniz ki, atamın da valideynləri olmayıb. Onun nələr çəkdiyini indi başa düşürəm. Atam çox ağır günlər yaşayıb, amma bir an olsun belə bunu tamaşaçılara yansıtmayıb. Çünki əsl sənətkar idi, ürəyindəki böyük dərdlərlə tamaşaçıları güldürməyi bacarırdı. Atam istəməzdi ki, kiminsə gözündən bir damcı yaş axsın. Xalqın ürəyində taxt qurmuşdu. İndi onun kimi sənətkarlar barmaq sayı qədər qalıb. Atamın 75 yaşı tamam olur. Yubiley ilidir. O bu gün də sevənlərinin ürəyində yaşayır. Azərbaycan xalqı onu çox sevirdi. Bilirsiniz ki, atam koronovirus pandemiyası zamanı dünyasını dəyişdi. Sonuncu dəfə telefonda danışmışdıq, demişdi ki, hər şey yaxşı olacaq. Ondan xalqa, tamaşaçılara yadigar qalan obrazlarıdır, bizə isə öz əlləriylə hazırladığı təsbehlər, əl işləri.. Atam bu təsbehlərin üstündə saatlarla işləyirdi. O hədiyyə verib ürəkləri şad etməyi sevirdi”, - deyə sənətkarın qızı bildirib.
Sənətkarın qızı bildirib ki, bu gün səhnədə atasını yamsılayanlar var:
“Atamı kimsə əvəz edə bilməz. Yamsılamaq düz deyil, çünki hər kəsin öz yolu olmalıdır. Atam böyük sənətkarları görüb, amma bir dəfə də onların oyun tərzini yamsılamayıb. Əlbəttə ki, sənətkardan hansısa ştrixi götürmək olar, amma yamsılamaq yolverilməzdir”, - deyə Arif Quliyevin qızı deyib