YAP-ın seçki siyahısı gələn həftəyə qaldı - hakim partiyada son sözü İdarə Heyəti deyəcək

28-08-2015, 20:57           
YAP-ın seçki siyahısı gələn həftəyə qaldı - hakim partiyada son sözü İdarə Heyəti deyəcək
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti parlament seçkiləri ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən Milli Məclisə seçkilər 2015-ci il noyabrın 1-nə təyin edilib. Beləliklə, sentyabrın 1-dən etibarən ölkədə 60 günlük seçki həyəcanı başlayır. Ölkədəki bütün ictimai-siyasi qüvvələr, fərdi qaydada seçkilərə qoşulmaq istəyən şəxsləri daha çox maraqlandıran isə hakim Yeni Azərbaycan Partiyasının (YAP) seçki siyahısında kimlərin adlarının əks olunmasıdır. YAP-ın rəhbərliyində olan şəxslər isə bu barədə yalnız prezident sərəncamının imzalanmasından sonra danışmağın mümkün olduğunu deyirdilər. Artıq birinci şəxs seçki sənədini imzaladı, bəs, YAP siyahısını nə zaman açıqlayacaq? Bütün bu barədə suallarla YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzova müraciət etdik. İlk suala cavabından bəlli oldu ki, siyahı bu həftə də açıqlanmayacaq:

- Prezident sərəncam imzaladıqdan sonra o, dərc olunmalıdır. Dərc olunduqdan sonra sərəncam qüvvəyə minir. Bundan sonra Yeni Azərbaycan Partiyasının İdarə Heyəti öz qərarı ilə dairələr üzrə kimin namizədliyi irəli sürüləcəksə, bunları təsdiq edəcək. Həmçinin partiyanın səlahiyyətli nümayəndələrinin təsdiq olunması məsələsi də müzakirə olunacaq, təsdiqlənəcək və bundan sonra mətbuata veriləcək, partiyanın saytına da qoyulacaq ki, kimin hansı dairədən namizədliyi irəli sürülüb.

- Bu prosedurlar ümumilikdə neçə gün çəkəcək?

- Sabah (29 avqustda-E.P.) bizim şəhər seçki qərargahlarının rəhbərləri ilə toplantımız var. Orda bu ay ərzində qarşıda duran vəzifələrlə bağlı tapşırıqlar veriləcək. Bu, əsasən namizədin sənədlərinin DSK-lara təqdim olunması, imza vərəqələrinin götürülməsi və doldurulub müvafiq sənədlərlə birlikdə yenidən komissiyalara təqdim olunması, namizədlərin qeydiyyatdan keçməsi ilə əlaqədardır. Bundan sonra isə növbəti həftə ərzində İdarə Heyətinin iclası keçiriləcək. Qanunvericilikdə belədir ki, imzalar toplandıqdan sonra müvafiq sənədlərlə birlikdə ən çoxu 50 gün, ən azı 30 gün qalmış DSK-lara təqdim olunur. Yəni iki ay müddət qoyulmasına baxmayaraq, imzanı 10 gündən tez toplayıb DSK-ya təqdim etməyə qanun yol vermir, seçkilərə 50 gün qalmış imzaları toplayıb təqdim etmək olar. YAP-ın kifayət qədər potensialı var, biz bütün namizədlərimiz üçün imza toplamağa 1-2 gün vaxt sərf edəcəyik. O baxımdan da gələn həftə ərzində biz namizədləri təsdiq edib müvafiq sənədlərlə dairələrə təqdim edəcəyik. DSK-lar da bir neçə gün ərzində baxıb bunun qanunauyğunluğunu yoxlayandan, tələb olunan düzəlişlər edildikdən sonra imza vərəqələrini verəcək. 450 imzanı toplamaq üçün də biz hər namizəd üçün 10 nəfər partiya fəalını ayırmışıq, toplayıb təqdim edəcəyik. O baxımdan zaman kifayət qədər imkan verir ki, biz ən tezi 50 gün qalmış müvafiq sənədlərlə birgə imzaları DSK-lara təqdim edək.

- Hakim partiyanın 125 yerin hər birinə namizədinin olacağını demişdiniz…

- 125 yerin hər birinə namizədlər müəyyənləşib. İdarə Heyəti qərar qəbul etsə ki, hansısa dairədən ölkə üçün əhəmiyyətli, tanınmış, görkəmli bir nümayəndə namizədliyini irəli sürüb, buna alternativ versək, ona problemlər yarada bilərik, ola bilsin ki, orda ona güzəştlər olsun. Qalan hallarda bütün dairələrdə namizədlər müəyyənləşib.

- Dairələrin neçə faizində YAP-ın vazkeçilməz namizədləri var?

- Bizim bütün dairələrdə irəli sürdüyümüz namizədlər partiya tərəfindən seçilmiş insanlardır. Yerdə qalan məsələlər hamısı seçicidən asılıdır. Seçici kimi dəstəkləyəcəksə, kimə səs verəcəksə, təbii ki, onlar da seçiləcək.

- Partiya sədri artıq YAP-ın seçki siyahısına rəy verib, yoxsa hələ son söz deyilməyib?

- Bunlar hamısı İdarə Heyətinin növbəti həftədəki səlahiyyətlərinə daxil olan məsələlərdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.