“Quzğun kimi üstümə hücum çəkirlər”
28-08-2015, 22:37
Yeni Azərbaycan Partiyası parlament seçkiləri öncəsi Milli Məclisə iddia edəcək namizədlərinin adını hələ ki, açıqlamayıb. Hər zaman qalmaqallı açıqlamaları ilə gündəmə gələn Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az - a açıqlama verərək bildirib ki, o, YAP - ın bu il daha güclü namizədlərinin olmasının tərəfdarıdır:
“Biz müxalifət partiyasının təmsilçiləriyik, amma buna baxmayaraq mən iqtidar nümayəndələrinin güclü olmasının tərəfdarı olmuşam. Bu gün parlamentdə təmsil olunan 15 - 20 deputatdan başqa heç bir deputat işləmir, mən siyasətçi ola - ola onları tanımıram, insanlar hardan tanısın? Hamısı Milli Məclisə düşdükdən sonra özlərinə biznes qurublar, xalqa xidmət yaddan çıxıb. Bu deputatlar və bunlara bənzər məmurların özbaşınalığına görə insanlarımız narazılıqlar edir. Mən dünən sizin sayta Elmar Rüstəmovla bağlı açıqlama verdikdən sonra mənə zənglər gəldi, ehtiyatlı danışmam tövsiyə olundu, amma mən susmayacam, düzü - düz, əyrini - əyri deyəcəm. Bir söz deyən kimi quzğun kimi üstümə hücum çəkirlər, çünki mən həqiqətləri demişəm və bu günə qədər Azərbaycana, prezidentə xəyanət etdiyini dediyim bir neçə məmur da cəzasını alıb, bunu hamı gördü.”