Azərbaycan geosiyasi maraqların mərkəzində: Tarixi görüş – Şərh

18-07-2018, 08:31           
Azərbaycan geosiyasi maraqların mərkəzində: Tarixi görüş – Şərh
ABŞ – Rusiya münasibətlərinin normallaşmasından narahat olan qüvvələr var. Buna görə də, bu iki gücün Suriya, Ukrayna və digər geosiyasi məsələlərdə tapacağı həllin Cənubi Qafqaza, yaxud Azərbaycana təsir imkanları bir neçə istiqamətdə qiymətləndirilməlidir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Politoloq hesab etmir ki, yaxın gələcəkdə bu iki böhranın həlli istiqamətində dönüş nöqtəsi yaranacaq:

“Həll üçün o zaman imkan yaranacaq ki, Vladimir Putin və Donald Tramp arasında keçirilmiş görüşdə konkret məsələlərlə bağlı əldə edilmiş razılaşmaların icrası həyata keçiriləcək. Burada indiyədək Rusiya və ABŞ tərəfindən müzakirəyə çıxarılan, KİV-də təbliğ edilən və pərdəarxasında əldə edilmiş müxtəlif məsələlər var. Lakin real faktorları da nəzərə almaq lazımdır.

Məsələn, İran tərəfi ABŞ və Rusiya arasında İranla bağlı razılaşmanın olduğunu iddia edir və bundan öz narahatlığını bildirir. Avropa İttifaqında da, bu kimi məsələlərlə bağlı fərqli yanaşmalar var. Amma bu görüş nəticələrinin nədən ibarət olduğu bəlli olmayanadək müəmmalı qalacaq. Hesab edirəm ki, iki supergücün lideri arasında keçirlmiş görüşdə əldə edilmiş razılaşmalara dair, heç bir dövlətin məlumat almaq imkanı yoxdur. Buna görə də, müxtəlif fərziyyələr irəli sürürlər”.

Bu fərziyyələrin mənfi və müsbət tərəflərinin olduğunu deyən Elçin Mirzəbəyli qeyd edib ki, bu tərəfləri müəyyənləşdirmək üçün ABŞ və Rusiya arasında narazılıq yaradan məsələlərə baxmaq lazımdır. Buna görə də, o hesab edir ki, tərəflər arasında geosiyasi razılaşmaların əldə olunacağı gözlənilmir, bu dərin və ziddiyyətli prosesdir:

“Konkret olaraq, MDB məkanı ilə, Rusiya – Şərqi Avropa sərhədləri və burada gedən proseslərlə hansısa razılaşmanın əldə edilməsi mümkün görünmür. Çünki hər iki faktor Rusiya üçün fundamental əhəmiyyət kəsb edir. Rusiyanın Şərqi Avropa sərhədlərində zəifləməsi, Rusiya üçün ciddi problemlərə yol aça bilər. Eyni zamanda, Qara dəniz hövzəsi və Baltikyanı bölgədə gedən gərgin proseslərin səngiməsi və ümumi razılığın olması həddən artıq çətindir.

ABŞ Avropa İttifaqı və NATO-dakı müttəfiqlərini Rusiya təhdidlərini nəzərə alaraq, NATO-ya ayırdıqları pulların həcmini artırmağa məcbur edir. Lakin hesab edirəm ki, Rusiyanın təhdid faktoru kimi tamamilə aradan qaldırılması, ABŞ-ın maraqlarına xidmət etmir. Bu, Avropa İttifaqı və Rusiya arasında çoxşaxəli əməkdaşlıqların yaranmasına imkan aça bilər ki, bu, dünyaya ticarət savaşı elan etmiş ABŞ-ın maraqlarını əks etdirmir. Artıq İtaliya Rusiyaya sərmayə yatırmağa və bu sərmayələrin həcmini artırmağa hazır olduğunu bəyan edib. Buna görə də, Tramp-Putin görüşündə əldə edilmiş konkret məsələlərin həlli istiqamətində işlərin görülməsini gözləmək lazımdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.