ABŞ-ı saymayan İran , sanksiyalara məhəl qoymayan İrəvan, yumşaq ser Culianı - mənfəət üçbucağı?
17-10-2019, 10:49

ABŞ-ın tanınmış analitiki Con Boqner mühafizəkar çevrələrə yaxın “The Daily Wire” saytında prezident Donald Trampın vəkili, adı son günlərdə siyasi qalmaqallardan düşməyən Rudolf Culiani ilə bağlı maraqlı və tənqidi məqalə qələmə alıb.
Həmin yazıda ABŞ prezidentinin, demək olar ki, ən yaxın adamının Rusiyanın yaratdığı Avrasiya İqtisadi Birliyinin son konfransına dəvət olunması ətrafında yaranan müəmmalı siyasi gəlişmələrə diqqət çəkilir.
Burada Ermənistanın İranın beynəlxalq izolyasiyadan qurtulması, rəsmi Tehranın Avrasiya İqtisadi Birliyinə üzv qəbul olunması, habelə sonuncunun Avropa Birliyinə çıxış əldə etməsi üçün göstərdiyi xidmətlərdən danışılır. Con Boqner Rudolf Culiani kimi mühafizəkar siyasətçinin bu prosesdə hansı rol oynadığı barədə bir sıra maraqlı faktların üstünü açır və sonda ictimaiyyətə sual ünvanlayır.
Musavat.com həmin məqalənin tərcüməsini oxuculara təqdim edir:
Nyu-York şəhərinin keçmiş meri Rudi Culianinin adı ilə əlaqədar “Ukrayna qalmaqalı” və “prezidentə qarşı tətbiq edilən impiçment proseduru” ətrafında yaranan tapmacanın bir hissəsi sanki çatışmır.
Əgər hakim Respublikaçılar partiyasının xarici siyasəti barədə həqiqi bir şey söyləmək mümkünsə, bu da onun İrana qarşı sərt "quzğun" siyasətidir. Bu, 2015-ci ildə İranla imzalanan nüvə anlaşmasından çıxdığını açıqlayan və rəsmi Tehrana sanksiyalar tətbiq edən prezidentin hər kəsi ortaq məxrəcə gətirə bildiyi tək cəbhədir. R.Culiani özü də iranlılarla sərt müzakirələrin tərəfdarıdır və sentyabrda BMT-nin baş qərargahında bununla bağlı sərt bəyanat da verib.
Fəqət, elə R.Culianinin özünün Ermənistanda keçirilən Avrasiya İqtisadi Birliyinin (AİB) konfransında pullu əsasla çıxış etməsi yalnız son anda alınmayıb. Halbuki bu ilin oktyabrın 1-i və 2-də baş tutan iclas İranın keçmiş SSRİ-nin 5 respublikasının daxil olduğu və Rusiyanın himayəsində qurulan həmin təşkilata üzvlüyünün rəsmiləşdirilməsi üçün keçirilirdi. Doğrudur, sonradan Rudolf Culiani AİB toplantısına qatılmaqdan vaz keçsə də, keçənilki konfransda iştirakı və Ermənistan da daxil olmaqla bir sıra ölkələrə məxfi səfərləri ilə diqqət mərkəzinə düşməyi bacarıb.
Avropa Birliyinə qarşı yaradılan Avrasiya İqtisadi Bilriyinin anti-Qərb mahiyyəti daşıması dünya terrorizminin sponsoru sayılan İranı da daxil etməsi ilə daha parlaq şəkildə gözə çarpır.
Mərkəzi qərargahı Moskvada yerləşən bu təşkilat ötən il iranlılarla azad ticarət haqqında saziş bağlayıb. Bundan sonra AİB üzvü Ermənistan bu ilin aprelində rəsmi Tehranla gömrük əməkdaşlığı üzrə qarşılıqlı razılaşma haqqında müqavilə bağlayıb. Həmin sənədə görə, iki ölkə daşınan malların və nəqliyyat vasitələrinin qiyməti barədə informasiya mübadiləsi aparmaq barədə anlaşıblar. Başqa ifadə ilə desək, Tehranla İrəvan arasında ticarət heç bir məhdudiyyət olmadan həyata keçirilir.
Daha geniş strateji səviyyədə həm azad ticarət haqqında, həm də gömrük üzrə sazişlər İran, Avrasiya İqtisadi Birliyi və Avropa Birliyini bir-birinə bağlayan körpülərdir. İran prezidenti Həsən Ruhaninin dili ilə ifadə edilsə, “son sütun İranın Avrasiya İttifaqına daxil olacağı tarixdə -bu il oktyabrın 27-də qoyulacaq. Bununla da İran öz mallarını, demək olar, heç bir gömrük rüsumu olmadan qalan 5 ölkəyə ixrac etmək imkanı qazanacaq. Eyni zamanda rəsmi Tehran Ermənistana verdiyi təbii qazın həcmini də artıracaq”.
İran və AİB arasındakı bağlantıların bu tezlikdə möhkəmlənməsinə onunla eyni sərhədə malik Ermənistanın rəhbərlik etməsinə təəccüblənmək lazım deyil. Ermənistan həmçinin Avropa Birliyi ilə “sərbəst ticarət haqqında dərin və tamhəcmli sazişi” dəstəkləyən yeganə Avrasiya İttifaqı ölkəsidir. Bu isə Tehranla İrəvan arasındakı isti iqtisadi münasibətlərin bütün Avropada domino effekti yaradacağı anlamına gəlir.
Bundan başqa, Ermənistan İranın beynəlxalq sanksiyalardan qurtulması məsələsində uzun müddətdən bəri və hələ də davam edən siyasət həyata keçirir. “Reuters” erməni banklarının xarici müştərilərə verilən ödəmələrdə hiyləgərlik etməsindən, bununla rəsmi Tehranın nüvə və raket proqramını həyata keçirmək yolunda Qərb xüsusi xidmət orqanlarını aldatmasına şərait yaratmasından yazıb. Bu ilin avqustunda ABŞ İranla biznes əlaqələrinə malik iki Ermənistan şirkətinə sanksiyalar tətbiq edib.
Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Həsən Ruhani ilə görüşdən sonra sanksiyalara rəğmən iki ölkə arasındakı münasibətlərin geopolitik proseslərdən uzaq tutulması gərəkdiyini söyləyib.
Bütün bunlar bizi yenə də Rudolf Culiinanin çıxış etməsi gözlənilən Avrasiya İqtisadi Birliyinin son konfransına götürür. Həmin çıxış konfransın gedişində, Rusiya prezidenti Vladimir Putinin müşaviri (keçmiş-red.) Sergey Qlazyevin təşkil etdiyi bir paneldə baş tutmalı idi.
Sergey Qlazyevin özü isə Rusiyanın 2014-cü ildə Ukraynaya müdaxiləsindən sonra ABŞ tərəfindən sanksiyalara məruz qalan siyasətçilərdən biridir. Rudolf Culiani yığıncaqda nitq söyləyən yeganə amerikalı olacaqdı.
Necə ola bilər ki, vaxtilə hətta Respublikaçılar partiyasında prezidentliyə namizədliyini irəli sürən adam belə bir anti-Qərb xarakterli konfransın gündəliyinə düşə bilsin. Özü də bəhs olunan siyasətçi keçən il eyni zirvə toplantısında iştirak da edib.
“ProPublica” saytının xəbərinə görə, R.Culianinin 2018-ci ildə Avrasiya İqtisadi Birliyinə gəlişi Rusiya erməniləri ittifaqının sədri və Ümumdünya erməni konqresinin sədri Ara Abramyan tərəfindən maliyyələşdirilib.
A.Abramyan həmçinin keçmiş merə məxsus “Giuliani Partners” şirkəti üçün Rusiya və Ukryanaya səfərlər təşkil edən “TriGlobal Strategic Ventures” şirkətinin məsləhət şurasının üzvüdür. “The New York Times” qəzetini yazdığına görə, bu firma Rusiya oliqarxlarına və iri müştərilərinə Kremllə dərin əlaqələr qurmaq sahəsində imic-konsaltinq xidmətini həyata keçirir.
Rudolf Culiani Avrasiya İqtisadi İttfaqındakı nəzərdə tutulan çıxışından imtina etməzdən qabaq “The Washington Post” qəzetinə verdiyi müsahibədə “hər şey bitənə qədər şüurlu və məqsədyönlü şəkildə ruslarla heç bir danışıq aparmayacağını” söyləmişdi. Lakin vəziyyət heç də gülməli görünmür. Rəsmi Tehrana sərbəst ticarət qapısını aralayaraq Avrasiya İqtisadi Birliyi İran biznesini Avropa Birliyinə daşıyacaq yolu da açmış olur. Bu isə “anti-Qərb”in “Qərb”lə təmas edəcəyi əsl kabus ssenarisini xatırladır. Özü də onun aparıcılarından biri də olduqca nüfuzlu respublikaçı siyasətçi ola bilər.
Elə buna görə də Avrasiya Birliyinin konfransına qatılmamasına rəğmən, yenə də bir sual açıq qalır: Culiani ümumiyyətlə niyə oraya getməyi düşünürdü?
Məqalənin orijinalı ilə buradan tanış ola bilərsiniz
Musavat.com