BÖYÜK RİSK: ABŞ Qafqaza hərbçi göndərir
28-10-2019, 00:03

“Suriyadan çıxarılan ABŞ qoşunları Gürcüstandakı Axalkalaki hərbi bazasına yerləşdirilməlidir”.
Bu təklifi amerikalı ekspert, Böyük Britaniyanın müdafiə məsələləri üzrə sabiq dövlət katibi Liam Foksun müşaviri işləmiş Lyuk Koffi irəli sürüb. Qeyd edək ki, L.Koffi ilk britaniyalı nazirin baş məsləhətçisi təyin edilmiş ilk əcnəbi olub. “Hazırda Suriyanı tərk edən Amerika qoşunları Gürcüstana göndərilə bilər və İŞİD bərpa olunacağı təqdirdə, cəld reaksiya vermək üçün üfüqün kənarında ola bilər”-L.Koffi özünün “Tvitter” hesabında belə yazıb.
Onun sözlərinə görə, ABŞ Raqqadan 460 mil (740 kilometr) aralıda yerləşən keçmiş rus hərbi bazası Axalkalakini istifadə etməlidir. “Gürcüstan indi İraqdan daha etibarlıdır”, -deyə amerikalı siyasətçi əlavə edib. Xatırladaq ki, Rusiya ordusu Axalkalaki hərbi bazasını 2005-ci ildə tərk edib.
Politoloq Qabil Hüseynli isə hesab edir ki, ABŞ-ın belə bir addım atması Gürcüstanın milli təhlükəsizliyi üçün böyük problem yarada bilər:
“Koffinin təklifini həyata keçirmək çox çətindir. Bu, Gürcüstan üçün çox riskli addım ola bilər. Hətta demək olar ki, Gürcüstan dövlətçiliyi bu yükü daşıya bilməz. Amma strateji baxımdan, düzgün qərar sayıla bilər. Çünki Gürcüstan ərazilərinin 20 faizdən çoxu Rusiya tərəfindən işğal olunub. Amerika qoşunlarının Axalkalakiyə yerləşdirilməsi Gürcüstanın NATO-ya daxil olmasını sürətləndirər. Bu bundan sonra işğal olunmuş ərazilərin qaytarılmasına kömək edər. Bu həm dfə NATO-nun şərqə doğru genişləndirilməsini sürətləndirə bilər. Amma indiki şəraitdə Lyuk Koffinin təklifini yerinə yetirmək mümkünsüz görünür”.
Qeyd edək ki, Gürcüstanın 2021-ci ilə qədər NATO üzvlüyünə qəbul ediləcəyi gözlənilir. Bundan sonra ABŞ hərbi bazalarının Gürcüstanda yerləşdirilməsi planlaşdırılıb. Yəni Amerika qoşunlarının Gürcüstana gətirilməsi gözlənilən prosesdir.
Qabil Hüseynlinin sözlərinə görə, Rusiya NATO-nun bu qərarına müşahidəçi qalmayacaq:
”Rusiya Prezidenti Vladimir Putin də bəyan etdi ki, Gürcüstan NATO-ya qəbul edilsə, Rusiya tərəfindən hər cür sürprizlə qarşılaşa bilər. Yəni Gürcüstan dövlətini açıq təhdid etdi. Ona görə də Gürcüstanın NATO-ya daxil olması o qədər də asan məsələ deyil”. /Cebhe.info/