Xamneyinin nümayəndəsi Nardarandan danışdı: “Azərbaycana qarşı hücum olarsa, İran könüllü qüvvələri onu qoruyacaq”
4-12-2015, 21:15
İranın ali dini lideri Xamneyinin Ərdəbil üzrə nümayəndəsi və imamcüəsi ayətullah Amili Nardaranda baş vermiş son hadisələrlə bağlı Azərbaycan rəsmilərinə müraciət edib. İRİB-ə istinadən strateq.az bildirir ki, bugünkü cümə namazında xütbəsi zamanı Amili hadisələrdən narahat olduqlarını deyib. Ərdəbilin imam cüməsi həbs olunanlara qarşı irəli sürülən ittihamları “əsassız” hesab edib. Bununla yanaşı, Amili İranın bu məsələyə müdaxilə etməsi ilə bağlı iddiaları rədd edib: “Azərbaycan xalqı bilməlidir ki, heç bir ölkə İran qədər Azərbaycanın müstəqilliyini və inkişafını istəmir. Əgər bir zaman Azərbaycana qarşı hansısa hücum baş verərsə, İran bəsiciləri və könüllü qüvvələri onu qoruyacaqlar”. Ərdəbilin imam cüməsi daha sonra saxlanılan şəxslərin dinc təbliğat və siyasi fəaliyyətlə məşğul olduğunu iddia edib.