Lavrov nə deyib, Qafarova nə yazıb?- Hücum diplomatiyası belə olmur axı, canım…
25-09-2020, 00:29

Rusiya KİV-ləri xəbər verirlər ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun sözlərinin Azərbaycan Milli Məclisinin mətbuat xidməti tərəfindən sentyabrın 23-də düzgün şərh olunmaması ilə bağlı Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarovanın səsləndidiyi bəyanatdan sonra, Bakı, Moskva görüşü barədə öz xəbərinin ilkin mətninə düzəliş edib.
Xəbər verildiyi kimi, Milli Məclisin saytındakı mətndə göstərilmişdi ki, Sergey Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanın bu yaxınlarda səsləndirdiyi fikirlərin «Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi üçün maneə» olduğunu bildirib.
«Dağlq Qarabağ barədə Paşinyanın fikirləri münaqişənin tənzimlənməsi prosesinə mane olur. Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəf tənzimləmə prosesində işğal olunmuş 5 rayonun Azərbaycana qaytarılmasının, ərazidə (Dağlıq Qarabağ ətrafında - Red.) sülhməramlı qüvvələrin yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa edilməsinin tərəfdarıdır» - Azərbycan parlamentinin mətbuat xidməti xəbər verib ki, guya, Rusiya XİN başçısı görüş zamanı belə deyib.
Bunun ardınca, Rusiya XİN nümayəndəsi Mariya Zaxarova situasiyanı şərh edib və başqa şərhlərə yox, istisnasız olaraq Moskvanın mövqeyinə oriyentasiya etməyi məsləhət görüb.
«Sitatın korrektəsinə gəlincə, sizin diqqətinizi yönəltmək və prinsipcə bu sualı informasiyanın qaynaqlandığı mənbələrə ünanlamaq istərdim. Ona görə də, doğrusu, bunun üzərində hətta dayanmaq belə istəmirəm» - Zaxarova çərşənbə günü keçirdiyi həftəlik brifinqdə bildirib.
Rusiya mənbələri xəbər verirlər ki, bundan sonra Azərbaycan palamentinin saytındakı həmin mətn redaktə edilib. Lavrovun sözləri əhəmiyyətli dəyişikliyə «uğrayıb». Paşinyanın xatırladılması, «işğal olunmuş 5 rayonun qaytarılması» və «sülhməramlıların yerləşdirilməsi» barədəki fikirlər tamamilə «yoxa çıxıb».
«Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Sergey Lavrov bəyan edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir» - xəbərin son versiyasında belə deyilir.
Bundan başqa, bu sitatın əvvəlində Sahibə Qafarovanın «adına yazılmış» və əvvəlki mətndə olmayan iki əlavə cümlə yer alıb: «İstənilən halda, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək».
Bax, belə - məsuliyyətsizliyin dərəcə və şiddətinə diqqət yetirdinizmi? Bu məqamda böyük şair M.Ə.Sabirin sözləri yara düşür: «Hara gedir bunlar - bu boyda, bu boyda?!»
Hücum diplomatiyası belə olmur axı, canım…
Mirzə AĞ
AzPolitika.info