Ruslar Bismark-ı niyə saxtalaşdırırlar?

6-02-2016, 10:55           

Rusiyada təbliğat naminə tarixin saxtalaşdırılması halları son illərdə xüsusilə geniş yayılıb.

Saxtakarlıqlar o qədər “cəsarətli” şəkil alıb ki, nəinki tarixi hadisələr, hətta ayrı-ayrı tairixi şəxsiyyətlər, onların dedikləri də bu təhlükədən sığortalanmayıb.

Dmitri Treşşanin və Olqa Serebryanayanın bu yaxınlarda dərc edilmiş məqaləsində deyilir ki, bu dəfə saxtakarların hədəfi və qurbanı Almaniyanın “tarixi kansleri” Otto von Bismarck olub.

Məqalədə deyilir ki, Moskva hökumətinin təşəbbüsü ilə Rusiya paytaxtında açılmış “Rusiya – mənim tarixim” tematik parkının reklamlarında real tarixi şəxsiyyətlərdən, onların heç vaxt söyləmədikləri sitatlar yerləşdirilib.

Moskvadakı Polyanka metro stansiyasının yanındakı reklam stendində Bismarck-ın kəlamı kimi təqdim edilən ifadələrin bu tarixi şəxsiyyətə qətiyyən aid olmadığını Bismarck Fondundan da bildiriblər.

Bu stenddə belə yazılmışdı: “Ruslara qalib gəlmək mümkün deyil. Biz buna yüz illər ərzində əmin olmuşuq. Lakin ruslara yalançı dəyərləri sırımaq mümkündür və bu zaman onlar özləri öz üzərlərində qələbə çalacaqlar”.

Minlərlə tirajlanan “fake”

Məqalədə deyilir ki, bu stenddə yazılmış kəlamın müəllifi bu reklam stendini hazırlayanlar da deyil, çünki Almaniya siyasətçisinə sırınan bu sitat internetdə 2006-2007-ci illərdən bəri dövriyyə edir. Google axtarışı bu sitatı 25 min dəfə monitora gətirir. Müəlliflər qeyd edirlər ki, sitatı daha çox “Ruskiye Vedı” forumunda və ya qadağan edilmiş “Qanunsuz miqrasiyaya qarşı hərəkat” təşkilatına aid postlarda görmək olar.

Bu da qeyd olunur ki, sitatın sonluğunu asanlıqla tanımaq mümkündür. Bu hissə konspiroloji dairələrdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Allen Dulles-ə aid edilən “Dalles planı”nından götürülüb. Əslində onun Amerika kəşfiyyatı rəisinə çox az dəxli var, beləki onun bu adda planı olmayıb. “Dalles planı” Anatoli İvanovun “Əbədi haray” kitabında fəsillərdən birinin adıdır.

Sitatın bu fraqmenti qəsd nəzəriyyəsi tərəfdarlarının klassik saytında bu cür verilib:

"Müharibə qurtaracaq, hər şey çalxalanıb yerinə düşəcək. Və biz nəyimiz varsa ortalığa atacağıq: bütün qızılımızı, bütün maddi qüdrətimizi və insanların aldadılıb axmaq yerinə qoyulmasını! İnsan beyni, adamların şüuru dəyişməyə qabildir. Biz orada xaos toxumu səpərək, nəzərə çarpmadan onların dəyərlərini saxta dəyərlərlə dəyişər və onları bu saxta dəyərlərə inanmağa vadar edərik”.

Rusların “öz almanı”

Bu sitatın əvvəlinə oxşayan ifadələri başqa bir almanın – hərbi nəzərəyyəçi Carl von Clausewitz-in kitabında tapmaq olar. O Napoleon müharibələrinin nəticələrini təhlil edərkən (yeri gəlmişkənClausewitz 1812-1814-cü illərdə rus zabiti olmuşdu) yazırdı:

"Rusiya imperiyasını formal olaraq nəzarət altına almaq, yəni, xüsusən də indiki Avropa ölkələrinin gücü ilə işğal etmək mükün deyil. Bunu heç Napoleonun komandanlığı altında olan 500 minlik qoşun da edə bilməyib. Belə ölkəyə yalnız onun öz zəifliyi və daxili ziddiyyətlərinin nəticələri iləoyanamaqla üstün gəlmək olar”.

Özünün “Müharibə haqqında” əsərini Clausewitz 1816-cı ildən ölümünədək, 1831-ci ilədək yazıb və göründüyü kimi hərbi nəzəriyyəçi heç bir “yalançı dəyərlərin” “sırınmasını” təklif etmir.

Bismarck Fondundan professor Ulf Morgenstern də deyir ki, kansler belə ifadələri heç vaxt işlətməyib.

Bismarck “Ukrayna” sözünü bilmirdi

“Bismarck “biz” deyəndə, Prussiya və Almaniyanı nəzərədə tuturdu. Bu ölkələr Rusiyaya artıq onun ölümündən sonra hücum etmişdilər” – deyir tarixçi.

O həmçinin bildirir ki, Bismarck öz dəyərlərini ruslardan gizlətmirdi və əlbəttə ki, “Berlin Makiavellisi” üçün qonşuların problemləri yaxşı xəbər olmalıydı.

Morgenstern Bismarck-ın şərq qonşusu barədə sözlərini də yada salıb:

"Əgər slavyan kommunizmində, bizim sosializmimizdən daha artıq divanəlik varsa, buna maneçilik etmək imkanında olmayacağıq və belə bir vəzifəni qarşıya qoymağa ehtiyac da yoxdur...Rusiya kommunizmi ilə mübarizəni alman diplomatiyasının vəzifəsi kimi baş düşmək öz qüdrətimizin şişirdilməsi olardı...Ruslar öz tonqallarını yandıranda, onun ilk zərərçəkəni də özləri olacaqlar. Onlar bu odda öz barmaqlarını yandıracaqlar”.

Məqalədə deyilir ki, Bismarck-ı saxtalaşdıranlar hələ bundan da irəli gedərək onu müasir zəmanənin problemləri barədə “danışdırıblar”. Guya kansler Ukrayna haqqında belə deyib:

“Rusiya imperiyasının böyük vücudu üçün yalnız bir əməliyat ölümcül olardı – Ukraynanın amputasiyası. Ukraynanı nəinki Rusiyadan qoparmaq, onları hətta qarşı-qarşıya qoymaq, bir xalqın iki hissəsini vuruşdurmaq və sonra qardaşın öz qardaşını necə öldürdüyünə tamaşa etmək lazımdır”.

Bu sitatın saxtalığını isə ifşa etmək daha asandır. Bismarck sadəcə olaraq “Ukrayna” sözünü bilmirdi, çünki bu ad Avropa leksikonuna yalnız onun vəfatından sonra daxil olmuşdu.

Putinin general “ekstrasensləri”

Dmitri Treşşanin və Olqa Serebryanaya yazırlar ki, Bismarck-ın müəyyən mənada bəxti gətirib. Bu sayaq saxtalaşdırıldığından xəbəri yoxdur və qanı da qaralmır.

Lakin 2015-ci ilin iyununda Rusiya Milli Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev “Kommersant” qəzetinıə müsahibəsində deyib: “Siz yəqin ki, ABŞ dövlət katibi Madeleine Albright-ın qeydlərini xatırlayırsınız. O demişdi ki, nə Uzaq Şərq, nə də Sibir Rusiyaya məxsus deyil”.

O vaxt bu saxtakarlıq dərhal açılmışdı. Bu kəlamı xanım Albright-ın beynindən Rusiya Federal Mühafizə Xidmətinin rəhbəri “ekstrasens” general Boris Ratnikov “oxumuşdu”.

O demişdi ki, dövlət katibinin “slavyanlara patoloji nifrətini” və onun...Sibiri mənimsəmək istədiyini hiss edib.

Lakin hətta buna da baxmayaraq, sonradan bu kəlama Patruşevin rəisi Vladimir Putin də müraciət etmişdi:

“Axı biz rəsmi şəxslərdən də az qala eşitmişik ki, Sibirin bu qədər sərvətlə Rusiyaya məxsus olması ədalətli deyil. Necə yəni ədalətli deyil?” – demişdi Rusiya prezidenti 2014-cü ildə keçirdiyi böyük mətbuat konfransında.

Putin hələki Bismarck-dan sitat gətirməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.