İlham Əliyev dollar qadağasını təsdiqləmədi

11-02-2016, 01:23           
İlham Əliyev dollar qadağasını təsdiqləmədi
Sahibkarların və investorların çoxsaylı müraciətləri nəzərə alınaraq, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 19 yanvar tarixli Qanun Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmadan Milli Məclisə geri qaytarılıb.

Bu barədə “Report”a Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidmətindən bildirilib.

Xatırladaq ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.

Həmin dəyişiklik Mərkəzi Bank və Maliyyə Nazirliyi tərəfindən irəli sürülmüşdü. Bu, keçmiş sovet respublikaları arasında tətbiq edilən ən sərt valyuta məhdudiyyəti hesab olunurdu və ekspertlər tərəfindən dəstəklənməmişdi. Hesab edilirdi ki, xaricə valyuta köçürmələrinə qoyulan bu inzibati məhdudiyyət xarici ticarət əməliyyatlarını və biznes fəallığını azaldacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.