Ukrayna türklərin qisasını alır: “Hər görüşdə...”
12-02-2016, 18:47
Münhendə keçirəcəyim hər görüşdə Rusiyanın Krım tatarlarına soyqırımı məsələsini qaldıracağam.
Axar.az xəbər verir ki, bunu öz Tvitter səhifəsində Ukraynanın Xarici İşlər naziri Pavel Klimkin paylaşıb. O, bütün dünyanın işğalçıların cinayətləri haqqında həqiqəti öyrənəcəyini bildirib.
Qeyd edək ki, dünəndən etibarən Krımda tatarların həbsinə başlanılıb. Rusiya xüsusi xidmət orqanları həbsləri dini radikallığın təbliğatına qarşı mübarizə adı altında aparırlar. Ukrayna Xarici İşlər Nazirliyi artıq Moskvanın bu addımını pisləyib.
1944-cü ildə SSRİ rəhbəri İosif Stalin Krım tatarlarını Almaniyaya xidmət etməkdə günahlandıraraq kütləvi deportasiya həyata keçirib. Cəmi iki gün ərzində Krımdan 193 mindən çox tatar Mərkəzi Asiyaya göndərilib. Sonradan aclıq və xəstəliklər ucbatından deportasiya olunanların, rəsmi rəqəmlərə görə, 10%-i, qeyri-rəsmi rəqəmlərə görə isə 20%-i həyatını itirib. Stalinin bu qərarı yalnız 1989-cu ildə ləğv edilib və tatarların yenidən ana vətənlərinə geri qayıtmasına izn verilib.
Krım 2014-cü ildə yenidən Rusiya tərəfində anneksiya edilib.