"Bu vəziyyətdən minimum itkilərlə çıxmağı bacardıq” - Azərbaycan prezidenti

12-02-2016, 22:02           
"Bu vəziyyətdən minimum itkilərlə çıxmağı bacardıq” - Azərbaycan prezidenti
“Biz indi yaşadığımız vəziyyəti neft hasilatının azalmağa başladığı bir dövrdə - ola bilsin, 15-20 il bundan sonra proqnozlaşdırmağa çalışırdıq. Biz bu dövrə hazır deyildik”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi” mövzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı deyib.

“Əslində, biz postneft dövrünə 2030-cu ildən sonra hazırlaşmağı planlaşdırırdıq. Lakin bu yaxınlarda Nazirlər Kabinetinin iclasında söylədiyim kimi, neftdən sonrakı dövr artıq bizim üçün başlayıb və bu, gözlənilməz idi. Səmimi söyləsəm, hesab edirəm ki, neftin qiymətinin dörd dəfə aşağı düşəcəyini heç kim təsəvvürünə gətirə bilməzdi. Biz hazır deyildik, heç kim hazır deyildi. Ona görə çox qısa vaxt çərçivəsində biz büdcənin necə tarazlaşdırılması, sosial proqramların necə davam etdirilməsi və hansı investisiya layihələrinə maliyyələşdirmənin dayandırılması yolunu tapmalı idik. Bu, asan deyildi. Çünki biz 100 dollardan baha olan qiymətə öyrəşmişdik. Əlbəttə ki, bizim uzun illər üçün nəzərdə tutulmuş inkişaf planımız var idi. Bizim daha yüksək neft qiymətinə əsaslanan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyamız var idi. İndi isə neftin qiyməti aşağıdır”, - deyə o vurğulayıb.

Azərbaycan prezidenti qeyd edib ki, bu, real bir çağırış idi: “Lakin yenə də qeyd etmək istəyirəm ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi və infrastruktura sərmayə qoyuluşu siyasəti sayəsində, hesab edirəm ki, bu vəziyyətdən minimum itkilərlə çıxmağı bacardıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.