Azərbaycan ən çətin viza alınan 10 ölkədən biridir
13-02-2016, 10:43
Qubad İbadoğlu: «Vacib olan sərmayə qoyuluşunda öndə gələn seçilmiş ölkələr üçün viza tətillərinin elan edilməsidir»
Bahadur Bilalov: «Əcnəbilərin ölkəmizə səfəri zamanı viza problemi yoxdur»
Böyük Britaniyanın "Wanderlust" jurnalı Azərbaycanı "Dünyanın ən çətin viza alınan" 10 ölkəsi siyahısına daxil edib. Jurnal Azərbaycana vizaların rəsmiləşdirilməsi müddətinin dörd-altı həftə olduğunu iddia edir. Əlbəttə, Azərbaycan üçün bu gün əsas prioritetlərdən olan turizmin inkişafı üçün belə bir reytinq müsbət hal deyil. Xüsusilə postneft dönəmində turizmin inkişafı üçün sadələşdirilmiş viza rejiminə keçid vacib məsələlərdən sayılır.
Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu bu barədə şərhində qeyd edib ki, "dünyanın ən çətin viza alınan 10 ölkəsi" siyahısına Azərbaycanın da daxil edilməsi ölkənin xarici sərmayələrə və turistlərə ehtiyacının getdikcə artdığı indiki həssas məqamda ciddi qiymətləndirmələr aparmağı və nəticələr çıxarmağı tələb edir. "Baxmayaraq ki, 29 noyabr 2013-cü ildə Vilnüs şəhərində Avropa Birliyi və Azərbaycan Şərq Tərəfdaşlığı sammiti çərçivəsində viza liberallaşdırılması, 28 fevral 2014-cü ildə isə readmissiya sazişi imzalayıb. Readmissiya sazişi - hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılması proseduralarını müəyyənləşdirən sənəddir".
İqtisadçının fikrincə, son zamanlar online anket forması və ərizə qəbulu sahəsində mütərəqqi dəyişikliklər edilsə də, onun tətbiqi sahəsində problemlər müşahidə olunur: "Viza qərarının verilməsi isə bir neçə orqanın apardığı qiymətləndirmədən sonra qəbul edildiyindən izafi zaman tələb edir. Hesab edirəm ki, bu istiqamətdə ən düzgün yanaşma Azərbaycan üçün vacib olan, sərmayə qoyuluşunda öndə gələn seçilmiş ölkələr üçün viza tətillərinin elan edilməsidir. Bu imkandan Qazaxıstan son zamanlar bəhrələnməyə çalışır. Belə ki, bu ölkə hökumətinin qərarı ilə ABŞ, Almaniya, Avstraliya, Belçika, Birləşmiş Ərəb Əmirliyi, Böyük Britaniya. Fransa, Finlandiya, Hollandiya, İsveçrə, İspaniya, İtaliya, Malayziya, Monako, Norveç, Sinqapur və Yaponiyanın vətəndaşları, 16 iyul 2015-ci ildən 31 dekabr 2017-ci ilədək bu respublikanın sərhədlərini vizasız keçib, 15 gün ərzində Qazaxıstanda sərbəst qalmaq hüquqlarına malikdirlər. Bundan sonra Qazaxıstan hökuməti Avropa Birliyi və Böyük Britaniya ilə ikitərəfli qaydada viza prosedurlarının sadələşdirilməsi ilə müzakirələrə başlayıb. Bildiyiniz kimi, Gürcüstan və Ukrayna vətəndaşları üçün Avropa Birliyinə vizasız daxil olmaq barədə razılaşma əldə edilib".
Q.İbadoğlu hesab edir ki, Azərbaycan hökuməti də bu istiqamətdə yeni təşəbbüslərlə çıxış etməlidir: "Çünki ölkəyə xarici sərmayənin və turistlərin cəlb edilməsində həlli vacib olan əsas məsələlərdən biri də viza rejiminin liberallaşdırılmasıdır. Bu təklif Azərbaycan Demokratiya və Rifah Hərəkatının hazırladığı və 10 gün bundan əvvəl hökumətə təqdim etdiyi "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər" Paketinə də daxil edilib".
Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri, turizm məsələləri üzrə ekspert Bahadur Bilalov isə "Bizim Yol"a açıqlamasında Azərbaycanın viza almaq üçün dünyanın ən çətin ölkələrindən biri olması ilə razılaşmır: "Azərbaycana gəlmək istəyən əcnəbilər turizm şirkətlərindən 5 gün müddətinə viza əldə edə bilər.
Əcnəbilərin ölkəmizə səfəri zamanı viza problemi yoxdur. Hətta bəzi ölkələrlə sadələşdirilmiş viza rejiminə keçib. Həmin dövlətlərin vətəndaşları Bakı aeropotunda rahat viza ala bilirlər".
B.Bilalov əlavə etdi ki, turizmin inkişafı üçün Azərbaycan tərəfinin sadələşdirilmiş viza rejimli ölkələrin siyahısının artırılmasına ehtiyac var: "Hazırda15 ölkə ilə sadələşdirilmiş viza rejiminə keçilir. Düşünürəm ki, bu ölkələrin sayını çoxaltmaq lazımdır. Xüsusilə, Avropa ölkələrinin hamısına tətbiq etmək lazımdır. Təbii ki, 5-6 il əvvəl Azərbaycana viza almaq daha çox çətin idi. Məsələn, Finlandiyadan Azərbaycana gəlmək istəyən əcnəbi İsveçdəki səfirliyimizə müraciət etməli idi. Yəni uzun bir prosedur qaydaları var idi. İndi bunlar aradan qalxıb. Turizm şirkətlərinin xətti ilə elektron viza alıb Azərbaycana səfər etmək mümkündür. Əvvəllər bu məsələ 15 günə başa gəlirdisə, indi rəsmiləşdirmə müddətini 5 günə salıblar".
Kafedra müdirinin sözlərinə görə, Avropa, ABŞ, Kanada və Yaponiya vətəndaşları üçün viza rejimi sadələşdirilməlidir: "Yəni hava limanına daxil olduqda, orada viza ala bilmələri üçün şərait yaradılmalıdır. Türkiyə və Misir kimi turizm inkişaf edən ölkələrdə belə bir təcrübə var. Hava limanında əcnəbilərə 1 aylıq turist vizası verirlər. Düşünürəm ki, Azərbaycanda da bunu tətbiq etmək mümkündür".