“Partiyaların vahid mərkəzdə birləşməsi münasibətlərin korlanması ilə nəticələnir” - Arif Hacılı

10-03-2016, 16:09           
“Partiyaların vahid mərkəzdə birləşməsi münasibətlərin korlanması ilə nəticələnir” - Arif Hacılı
“Hazırda siyasi partiyaların koalisiyasını zəruri edən ciddi əsaslar və tələblər yoxdur”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A. Hacılı Müsavatın digər müxalifət partiyaları ilə funksional əməkdaşlığa üstünlük verdiyini bildirib: “Müsavat Partiyası siyasi mübarizənin müxalifət daxilindən çıxarılması və ümumilikdə mövcud hakimiyyətə qarşı aparılması konsepsiyası əsasında fəaliyyət göstərir. Biz bu məqsədlə müxalifət qüvvələri ilə funksional əməkdaşlıq münasibətlərinə üstünlük veririk. Konkret olaraq, bu istiqamətdə müəyyən addımlar atılıb, seçki kampaniyası dövründə Müsavat Partiyası ilə “NİDA” və “REAL” Vətəndaş hərəkatlarının funksional əməkdaşlıq münasibətləri qurulmuşdu. Biz bundan sonra da belə münasibətlərin davam etdirilməsinin tərəfdarıyıq”.

Müsavat başqanı bir qrup müxalif partiya rəhbərinin iştirakı ilə yaradılan “antiböhran koalisiyası”nda Müsavatın təmsil olunmamasının səbəblərini də açıqlayıb: “Təcrübədən bilirik ki, siyasi partiyaların vahid mərkəzdə birləşməsi istiqamətində aparılan müzakirələr bir qayda olaraq siyasi partiyalar arasında münasibətlərin daha da korlanması ilə nəticələnir. Ona görə də Müsavat Partiyası konkret məsələlər ətrafında əməkdaşlıq münasibətlərini daha səmərəli hesab edir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.