Ermənistanın Qarabağda darmadağın ediləcəyini deyən ekspertdən anons: "Gözləyin"
12-03-2016, 13:11
Rusiyanın Hərbi və Siyasi Analiz İnstitutunun direktor müavini Aleksandr Xramçixinin “Suallarla dolu forpost” məqaləsi müzakirələrə səbəb olub.
Ekspert Rusiya-Türkiyə gərginliyi fonunda Ermənistan ordusunun potensialını şərh edib. O bildirib ki, Ermənistan hazırda Cənubi Qafqaz ölkələri arasında ən az hərbi texnikaya malik bir orduya malikdir və işğal altındakı Qarabağda nə qədər hərbi texnikanın və canlı qüvvənin dislokasiya olunduğu haqda dəqiq məlumat yoxdur.
Onun Azərbaycan ordusunun üstünlüklərini vurğulaması Ermənistan mediasında və siyasi dairələrində birmənalı qarşılanmayıb.
Modern.az xəbər verir ki, Xaramçixin məsələ ilə bağlı “Qolos Armenii” agentliyinə müsahibə verib.
Hərbi icmalçı qeyd edib ki, məqalədə onun tərəfindən göstərilən bütün faktlar açıq mənbələrdən götürülüb və onları məxfi informasiya kateqoriyasına aid etmək olmaz.
O həmçinin bildirib ki, oxucular Azərbaycan Silahlı Qüvvələri haqqında məqaləni gözləməlidirlər.
"Tezliklə bu məqalə həmin nəşrdə (wpk-news.ru) dərc ediləcək. Hər kəs müqayisə edib nəticə çıxardar”,-deyə anons verib.
Bununla yanaşı, o söyləyib ki, staus-kvo rəsmi Bakını qane etmir və buna görə də Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanın müharibədən başqa variantı qalmayıb.
Məlumat üçün bildirək ki, Xramçixin sözügeən analizində göstəricilərlə Ermənistan ordusunun zəifliyi barədə faktlar sadalayıb.
Xramçixinə görə, Ermənistan ordusunun və onun Qarabağda yerləşdirilmiş işğalçı birləşmələrinin cəmi canlı qüvvəsi və texnikası hələlik Azərbaycan ordusunun hücumuna müqavimət göstərməyə imkan verir.
Lakin tendensiya Ermənistan üçün əlverişli deyil. Azərbaycanın iqtisadi göstəriciləri qat-qat yaxşıdır, sürətlə silahlanır və hazırda havada Ermənistan üzərində əzici üstünlüyə malikdir.
Müəllif qeyd edib ki, 102-ci baza və Ermənistanın bütün ordusu bir yerdə Türkiyə ordusu ilə müqayisədə zəifdir. Əgər Türkiyə bu toqquşmada bütn arsenalını işə salsa Ermənistan üçün ciddi problem olacaq. Ermənistan bu halda üstəlik şimaldan daha güclü rəqib Azərbaycanla da qarşılaşacaq.
“Bu zaman Ermənistanın hərbi baxımdan tamamilə darmadağın edilməsi, bütün ərazisinin işğal olunması və təbii ki, Qarabağın da birdəfəlik itirilməsi təhlükəsi meydana çıxacaq”,- deyə Xramçixin yazıb.