“Qazprom”un şefi: “Nə Azərbaycan? O özü indi bizdən qaz alır…”
13-03-2016, 15:34
Xəbər verildiyi kimi, bu həftə Bakıda IV Qlobal Forum keçirildi. Bu forumda iştirak edən yüksək səviyyəli qonaqlar arasında Rusiyanın keçmiş baş naziri, “Qazprom”un Direktorlar Şurasının sədri Viktor Zubkov da var idi.
Zubkov haqqin.az saytının forumun işini izləyən əməkdaşının bir sıra mövzularda suallarını cavablandırıb. O, sanksiyaların Rusiya iqtisadiyyatına təsiri haqda danışarkən deyib ki, sanksiyalar istənilən ölkə üçün xoşagəlməzdir və Rusiya iqtisadiyyatına da öz neqativ təsirini göstərib. Ancaq neftin ucuzlaşması Rusiya iqtisadiyyatı üçün əsas mənfi amil oldu. Bununla belə ölkənin öz resurslarını işə salması üçün də fürsət yaratdı.
“Təəssüf ki, biz sanksiyalara və neftin ucuzlaşmasına qədər öz qeyri-neft sektorumuzu inkişaf etdirmədik. Bu, bizim ən böyük səhvimiz oldu. Lakin bizdə neft-qaz sektoru həmişə yaxşı inkişaf edirdi. Görünür arxayın idik ki, neft həmişə baha olacaq”-Viktor Zubkov deyib.
Zubkov “Qazprom”un energetikanı siyasətə qarışdırması barədə tez-tez səslənən ittihamlar haqda bildirib ki, onun rəhbərlik etdiyi şirkəti siyasət heç vaxt maraqlandırmayıb. “Sizi əmin edirəm ki, bu belədir. Bizim əsas məqsədimiz “Qazprom”u dünyanın aparıcı energetika şirkətlərindən birinə çevirməkdir. Biz tamam başqa işlərlə məşğuluq, siyasətlə məşğul olmağa heç fiziki imkanımız da yoxdur”-“Qazprom”un Direktorlar Şurasının rəhbəri bildirib.
Viktor Zubkovun sözlərinə görə, “Qazprom” hələ uzun müddət Avropanın əsas qaz təchizatçısı olaraq qalacaq. ABŞ sıxılmış qaz ixracını genişləndirsə də onun əsas bazarı Asiya, Yaponiya, başqa ölkələrdir. Avropada isə sıxılmış qazı qəbul etmək üçün infrastruktur yoxdur. “Ona görə də ABŞ Avropada bizə rəqib deyil”-Zubkov əlavə edib.
Bəs Azərbaycan necə? 2020-ci ildən Avropaya ildə 10 milyard kubmetr qaz çıxarmağa hazırlaşan Azərbaycan “Qazprom”a rəqib ola bilərmi?
Zubkov bu suala belə cavab verib: “Nə Azərbaycan? O özü indi bizdən qaz alır-ildə 2 milyard kubmetr. Bizim 2025-ci ilə qədər müqaviləmiz var”.
“Qazprom” direktorunun sözlərinə görə, Cənub Qaz Dəhlizinin nə vaxt işə düşəcəyini hələ gözləmək lazımdır. “Səhv etmirəmsə 2020-ci ildən tez olmayacaq, o vaxta qədər isə, necə deyərlər, hələ yaşamaq lazımdır. TAP kəmərinin işə düşməsinə hələ çox var”-Zubkov bildirib.