Xocalıya ədalətin bir addımlığında

27-02-2023, 12:04           
Xocalıya ədalətin bir addımlığında
Xalqımızın tarixindən ən faciəli günlərdən birinin üzərindən 31 il keçir, Xocalı qətliamını törədənləri ədalət məhkəməsinə çıxara bilməsək də, canılərin adları, soyadları, əmr gələn mərkəzlər bəllidir – Rusiyanın dəstəyi və erməni qançənlərinin əli ilə törədilmiş qətliamdır.
Azərbaycanın hüquq-mühafizə orqanları bu məsələdə illərdir “dişsiz” davranırlar, səbəbini anlayıram, amma qəbul edə bilmirəm. Yaxşı, siyasəti, geosiyasəti, diplomatik dil və üslubu anlamağa çalışırıq, amma indi Xocalının bir addımlığənda 2 ildən çox dayanmağımızı necə anlayaq?! 10 noyabr 2020-ci il sazişinə görə Qarabağa qaçqın və məcburu köçkünlərin qaytarılması bəndi də var – orada yazılmayıb ki, ancaq erməni əsilli azərbaycanlılar bölgəyə qayıtmalıdır, elə deyil?! Bəs niyə Kreml, şəxsən Putin fəxrlə Xankəndi və ətrafına 40-50 min erməni əsilli azərbaycanlıların qaytarıldığını söyləsə də, bizimkilər nədən hələ də 1 nəfər etnik türklərin, azərbaycanlıların ora qaytarılmasını tələb etmirlər?! Niyə tarixən sırf türk əsilli azərbaycanlıların yaşadığı Xocalı şəhərinə qayıtmaq məsələsini Moskvanın qarşısına sərt şəkildə qoya bilmirik?! Əslində bu bizim tək konstitusiyaya görə deyil, həm də 10 noyabr sazişinə görə haqqımızdır!
Xocalı faciəsinə görə az da olsa ədaləti bərpa etmək istəyiriksə bu il mütləq Azərbaycanın Dövlət orqanları Xocalı şəhərinə dinc şəkildə daxil olmalı, orada infrastruktur və təhlükəsizliklə bağlı bütün tədbirləri görəndən sonra əhalinin ora köçürülməsi məsələsinə başlamalıdır. Bilirsiz ki, hökumətin “ağıllı kənd/şəhər” konsepsiyasını dəfələrlə tənqid etmişəm, mənasız və bahalı işlə məşğuldular və işğaldan azad olunan bölgələrə əhalini bu yanaşma ilə köçürmək mümkün olmayacağını bilirəm, amma bir tək Xocalı şəhərini ağıllı şəhər konsepsiyası ilə nə qədər baha olsa da inşa edilməsinin tərəfdarıyam. Tam təhlükəsizlik şəraitində müasir, insansevər bir yaşam məkanı yaradılmalıdır ki, Xankəndindən baxanda orada güllü-gülüstanlə, çıl-çıraqlı bir şəhər görünsün, ən yaxşı həyat səviyyəsi yaradılsın, rol-modelə, örnəyə çevrilsin, hətta Xocalıda böyük bir Universitet qurub oranı sülh və inkişaf örnəyinə çevirmək lazımdır.
Bir daha: Hələ ki, tam ədalətin bərpasını, cinayətkarların cəzalandırılması bacarmasaq da Xocalıya tarixi ədalətin bərpasının bir addəməndayıq, bu addımı atmağa Dövlətin gücü-təpəri çata bilər və atmalıdır, bütün xalq da bu addımı tam dəstəkləyəcək.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin, onların qarşısında borcum uzdur ki, rifah və ədaləti ilə tanınan, öyünən bir ölkə quraq...
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru