Orta Dəhliz layihəsi ölkənin gələcəyində ciddi rol oynaya bilər...
18-08-2024, 12:54

Orta Dəhliz layihəsi ölkənin gələcəyində ciddi rol oynaya bilər – bunun üçün Azərbaycanda iqtisadi və idarəetmə sistemində köklü islahatlar aparılmalıdır.
Azərbaycanın coğrafi mövqeyi imkan verir ki, məmləkət region üçün böyük bazara çevrilsin, Şimala, Cənuba, Şərqə, Qərbə mal və xidmət çatdıran mərkəz olsun. Bunun üçün Vergi və Gömrük Məcəllələri biznes-dostu yanaşması ilə yenidən yazılıb qəbul etmək, kiçik və effektiv hökumət modelinə keçmək lazımdır. Daha vacibi, ölkədə azad və rəqabətli mühit olmalı, məhkəmə hakimiyyəti ədalətlə və sürətlə çalışmalıdır.
İdarəetmə sisteminin, köhnəlmiş qanunların, məcəllələrin yaratdığı maneələrinə və müqavimətinə baxmayaraq bu ilin ilk 7 ayında Orta Dəhliz vasitəsilə konteyner yükdaşımaları 14 dəfə (!!!) artıb. “Qazaxıstan Dəmir Yolları” rəsmi məlumat yayıb ki, ADY (Azərbaycan Dəmir Yolları) ilə effektiv əməkdaşlıq, ADY-nin yeni, müasir idarəetmə sisteminə keçidi nəticəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsi ilə bu ilin yanvar-iyul aylarında 2,5 milyon ton yük daşınıb. Qazaxıstan tərəfinin məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC ilə qurulan səmərəli əməkdaşlıq nəticəsində, bu ilin sonuna qədər Orta Dəhlizlə 4,2 milyon ton yük daşınacağını proqnozlaşdırır.
Orta Dəhliz və beynəlxalq logistika infrastrukturu Azərbaycan iqtisadiyyatı üçün post-neft dövrünün, sözün hər mənasında, lokomotivi ola bilər, qalır neft dövrünü puça verdiyimiz kimi davranmamaq, bu şansı doğru dəyərləndirmək – bu şansı da qaçırsaq iqtisadi dalğalanmalar və problemlər artacaq.
Natig Jafarli
TEREF