“Elektron mediaya yardım xeyirdən çox ziyan gətirəcək”
26-07-2015, 00:20

Bugünlərdə Mətbuat Şurasının sədri Əflatun Amaşov yaxın gələcəkdə elektron mediaya maddi yardımın göstərilə biləcəyini qeyd edib. Ə.Amaşovun sözlərinə görə, Azərbaycanda keçirilən I Avropa Oyunları zamanı elektron medianın rolu və əhəmiyyəti bir daha özünü müsbət baxımdan göstərdi: “İnternet media bizim bu günümüz üçün çox önəmlidir. I Avropa Oyunlarında bu amil bir daha özünü göstərdi. Sirr deyil ki, onlayn jurnalistika ölkədə ictimai fikrə təsir göstərən, ictimai fikri formalaşdıran ən mühüm mətbuat vasitələrindən biridir. Məhz internet üzərindən yayımlanan media vasitəsilə Azərbaycan özünün imicini xarici ölkələrdə daha asan, daha uğurlu formalaşdıra bilər”.
Maraqlıdır, elektron mediaya maliyyə yardımının göstərilməsi bu sahədə vəziyyəti yaxşılaşdıra biləcəkmi? Belə bir yardımın göstərilməsi nə dərəcədə məqbuldur? Bu, elektron medianın müstəqilliyinin itiirlməsinə gətirib çıxarda bilərmi?
Bununla bağlı Moderator.az-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri, media eksperti Mehman Əliyev belə bir yardıma lüzum görmədiyini vurğuladı. Ekspertin sözlərinə görə, bundan öncə çap mediası ilə bağlı yaşanan oxşar təcrübə belə bir addımın xeyirdən daha çox ziyan gətirdiyini təsdiqləməkdədir:
“Elektron mediaya göstəriləcək yardımın hansı nəticəni verəcəyini bilmək üçün öncə çap mediası ilə bağlı təcrübəyə nəzər salmaq lazımdır. Bildiyiniz kimi, bir neçə ildir ki, çap mediasına bu cür yardımlar göstərilir. Lakin bu müddət ərzində çap mediasının vəziyyəti yaxşılaşmayıb. Əksinə, vəziyyət bir qədər də pisləşib. Heç bir yardım, heç bir güzəşt vəziyyəti düzəldə bilməz. Bununla nəyəsə nail olmaq mümkünsüzdür. Çap mediasına göstərilən yardımlar medianı demək olar ki, iflic vəziyyətə gətirib çıxartdı. Bu gün həmin sahədə ciddi bir böhran mövcuddur. Elektron KİV-ə göstəriləcək yardım da bu sahədə vəziyyəti ağırlaşdıracaq və ciddi böhrana səbəb olacaq. Buna görə də süni yardımlar, süni ödəmələrdən yaxşı heç nə gözləmək olmaz. Bunlar ancaq medianın zərərinə işləyən faktorlardır”.
M.Əliyevin sözlərinə görə, medianın inkişafına nail olmaq üçün mediada azad rəqabət mühiti formalaşdırmaq lazımdır:
“Rəqabət və maraq olmayan yerdə inkişafa nail olmaq olmaz. Quyuya su tökməklə quyu sulu olmaz. Su quyunun özündən çıxmalıdır. Buna görə də, medianın təbii şəkildə inkişafına nail olmaq lazımdır. Əks təqdirdə hakimiyyətin media ilə bağlı qazdığı quyuya çox jurnalist düşəcək, necə ki, bəzi jurnalistlərin bu quyulara necə düşdüyünə şahidəm”