Abel Məhərrəmovdan rektorlara qoyulan qadağaya ETİRAZ
17-09-2015, 21:00
"Bəzən deyirlər ki, rektor 5 il işləməlidir və yaxud parlamentdə 5-10 il işlədi, bəsdir. Bunun əleyhinəyəm. İnsan işlədikcə püxtələşir".
Trend-in məlumatına görə, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru, deputat Abel Məhərrəmov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.
A.Məhərrəmovun sözlərinə görə, deputat universiteti, deputat ali məktəbi yoxdur ki, adamı hazırlayıb deputat edəsən: "Hərəmiz bir sahədəyik, burada ümumi qanunvericilik müstəvisində birləşirik. Kimin təcrübəsi çoxdursa, o, deputatlığa daha çox layiqdir. Köhnə korpusun əksəriyyəti deputatlığa namizəd olaraq qalır və mən tam əminəm ki, işlərimiz əvvəlkindən daha yaxşı olacaq. Çünki hər beş ildən bir adam daha da təkmilləşir. Biri var 5 il oxuyasan, biri var 15 il, 20 il oxuyasan. Mən həmişə tələbələrlə söhbət edəndə onlardan neçənci kursda olduqlarını soruşuram. Misal üçün, deyirlər 3-cü. Deyirəm, mən də 43-cü kursdayam, hələ mən də oxuyuram".
Rektorun fikrincə, təbii ki, deputatlar nə qədər çox oxusalar, o qədər yaxşı olar: "Təbii ki, parlamentdə yeniləri də olacaq. Mən yeni tərkibə uğurlar arzu edirəm. Vəzifə adamın alnına yazılmayıb ki. Vəzifə ömürlük də ola bilməz, o dünyaya vəzifə aparan deyilik ki. Vəzifə bir gün gəlir, bir gün də getməlidir, burada heç bir narahatlıq yoxdur. Hələ rektor işini apara bilsək, böyük məsələdir".