Deputat bir nəfərin 141 şirkətindən danışdı
28-04-2015, 12:09
Artıq neçənci dəfədir ki, bir adamın adına 100-dən artıq şirkət açılır. Vergilər Nazirliyinin apardığı son araşdırmalar zamanı 141 şirkətin dövlət büdcəsi vəsaitlərinin müəmmalı satınalmalar vasitəsilə “əridilməsində” iştirak etdiyi üzə çıxıb. Bir nəfərin idarə etdiyi bu qədər şirkətin məqsədi yalnız tenderlərdə iştirak etmək olub. Bu şirkətlər 2013-cü ilin sentyabr və noyabr aylarında və ötən ilin yanvar ayında elektron qaydada qeydiyyatdan keçib.
Eyni zamanda yanvar ayında oxşar tendensiya bir adamın adına olan 200 şirkətlə bağlı baş vermişdi. Artıq bununla necənci dəfədir ki, bu tip informasiyalar bu sahədəki real durumu göstərir. Əslində, Azərbaycan qanunvericiliyi buna imkan verir. Əgər əvvəllər bir nəfərin bir neçə şirkət təsis etməsi qadağan idisə, bir müddətdir ki, artıq bu aradan qaldırılıb. Nəticədə isə bu cür durum yaranıb.
Bəs dövlət vəsaitin bu yol ilə mənimsənilməsinin qarşısını necə almaq olar?
Millət vəkili Vahid Əhmədov bildirdi ki, qanun bir şəxsin bir neçə şirkət açmasına imkan verir. Burada qanuni baxımdan heç bir pozuntu yoxdur. Amma V.Əhmədov məhdudiyyətin olmamasına baxmayaraq hər bir şirkətin mütəmadi yoxlanmasının tərəfdarıdır: “Şirkətlər mütəmadi audit yoxlamasından keçir və auditorlar kimin adına neçə şirkətin olduğunu bilirlər. Fəaliyyətində qüsur aşkarlanan şirkət barəsində, görünür, tədbir görülmür ki, vəziyyə bu hala çatır. Bəzi şirkətlər, ümumiyyətlə, bu haldan istifadə edirlər. Heç bir vergi ödəməyən şirkətin adı dəyişdirilir və şirkətin sahibi başqa yeni bir şirkət yaradır. Fəaliyyətində qüsur olan şirkət isə ləğv olunmur, qalır. Ona görə mənə elə gəlir ki, yaranmış vəziyyətlə bağlı müəyyən tədbirlər görülməsinə ehtiyac var”.
Mənbə : Azadlıq