Xalqı su üzünə həsrət qoyan "Azərsu" - ŞİKAYƏT

1-05-2015, 09:51           
Xalqı su üzünə həsrət qoyan "Azərsu" - ŞİKAYƏT
Paytaxtın Bakıxanov qəsəbəsi susuz qalıb. Qəsəbənin Yavər Əliyev küçəsi, “Akkord” yaşayış kompleksi sakinləri bir həftədir ki, su üzünə həsrət qalıb.

Arqument.az-a müraciət edən sakinlər deyirlər ki, əvvəl fasilələrlə su verilirdisə indi ümumiyyətlə o da yoxdur. Yaşayış kompleksinin komendantları sakinlərə problemin “Azərsu” ASC-dən asılı olduğunu bildiriblər. Problemin nə olduğu məlum olmasa da, bir həftədir, suyun olmadığı məlumdur.

Sakinlər bildirirlər ki, gün ərzində bir neçə saat su verilir: “Biz də tələsik qablara, plastik butulkalara su doldurub saxlayırıq. Bir həftədir bu zülmü yaşayırıq. Əvvəllər günorta saat 12-dən 4-dək fasilə olurdu, sonra su verilirdi. Bir də gecə 12-dən səhər 6-ya qədər yenə kəsilirdi. İndi gün ərzində 1-2 saat su olur”.

Müraciətimizlə maraqlanan “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Arqument.az-a açıqlamasında, problemin, sözçüsü olduğu qurumdan qaynaqlanmadığını bildirib:

“Müraciətinizdən sonra Sabunçu su qovşağının rəisi ilə əlaqə saxlayıb problemi ona da bildirdim. Ancaq sözügedən ərazidə hazırda heç bir problem olmadığını bildirdi. Hər hansısa iş aparılsaydı, bu barədə məlumat verilərdi. Ancaq böyük ehtimalla problem “Akkord” binalarına verilən su anbarı ilə bağlıdır. Çünki sözügedən ərazilərə içməli suyun verilməsində heç bir məhdudiyyət yoxdur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.