Astara ƏSMM kasıb ailənin yardımını dayandırıb - ŞİKAYƏT VAR
30-04-2016, 00:17
Redaksiyamıza daxil olmuş növbəti şikayət ərizəsinin müəllifi, Astara rayonu Ərçivan kənd sakini Məmmədov Tofiq Oruc oğlu özünün və ailəsinin ağır güzaranlarından bəhs edib. Onun sözlərinə görə, Məmmədovlar ailəsi hazırda hətta kommunal ödənişləri belə həyata keçirmək iqtidarında deyillər. Bu səbəbdən də, ailənin elektrik və təbii qaz sərfiyyatına görə artıq 500 manatdan artıq borcları yaranıb. Digər tərəfdən isə, yeddi nəfərdən ibarət və son dərəcə yoxsul vəziyyətdə yaşayan bu ailənin üzvlərindən biri, Fatma Məmmədovaya da nədənsə Astara rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzindən sosial yardımın verilməsindən imtina edilib. Öz ərizəsində Tofiq Məmmədov yazır: “Bir evdə 7 nəfər yaşayırıq. Yalnız anam Məmmədova Səmayə Vəli qızı Ərçivan kənd orta məktəbində xadimə işləyərək 100 manat məvacib alır. Bundan başqa ailəmizin heç bir gəlir yeri yoxdur. Bacım 2015-ci ilin oktyabr ayına qədər ünvanlı sosial yardım alsa da, sonradan yardım kəsilib. Yenidən tələb edilən sənədləri toplayaraq təhvil verdikdən sonra da ona ünvalı sosial yardım verilmədi və bizi səbəbsiz get-gələ saldılar. İşsizlikdən və maddi təminatsızlıqdan əziyyət çəkdiyimizə görə, dəfələrlə rayon icra hakimiyyətinə və ƏSMM-nin direktor əvəzi Emin Eminova müraciət etmişəm. Amma müraciətlərimə baxılmayıb. Yüksək instansiyalara göndərilən müraciətlərimiz isə, baxılması üçün yenidən rayon icra hakimiyyətinə göndərilib...” Tofiq Məmmədovun sözlərinə görə, Astara RİH-nin başçısı Qəzənfər Ağayev də onun şikayətlərini dinləmir. Dəfələrlə başçının qəbulunda olsa da, heç bir müsbət cavab almayıb. Onu Astara rayon Məşğulluq Mərkəzinə göndərsələr də, mərkəz rəhbərliyi ona 80 manatlıq iş təklif edib. Bundan sonra rayonda bütün ümidləri üzülən Tofiq Məmmədov paytaxta üz tutub: “Bakıya gəldikdən sonra parklarda, küçələrdə gecələməli olmuşam. Köməklik olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə üz tutmuşam. Lakin burada gördüyüm vəziyyət məni bir qədər də sarsıtdı. Nazirlik əməkdaşları məni və onlarla digər mənim kimi şikayətçini qəbul etməkdən imtina edirdilər. Bunun əvəzində isə, etirazçıları sakitləşdirmək üçün göndəriln əməkdaş məni sanki ələ salırmış kimi, gəl sənə toyuq alaq verək, get yaşa – dedi. İndi tamam çıxılmaz vəziyyətdəyəm. Açığını deyim ki, özümü nazirliyin binası qarşısında yandırmağı düşünürəm. Həyatdan ümidim tam olaraq üzülüb. Təsəvvür edin ki, Bakıya gəlmək üçün qapı-qapı düşüb pul toplamışam. Necə qayıdacağımı bilmirəm. Rayonda da bir yeşik məktub var. Yazıram, göndərirəm yüksək instansiyalara, onlar da yollayır Astara Rayon İcra Hakimiyyətinə. Ordan da mənə başdangetdi bir cavab yazıb göndərirlər. Axırda mən də yazdım ki, sizin göndərdiyiniz kağızdan evimizdə bir yeşik var. Mənə kömək edin, kağız göndərməyin. Heç o məktubuma da cavab gəlmədi. Evimdə 7 nəfər külfətim var. Anamın 60 yaşı var, xadimə işləyir. İcra başçısı açıq-aşkar deyir ki, sən demaqoqsan, əl çək, büdcədə pul yoxdur. Heç olmasa, torpaq sahəm var, dəstək versələr əkin-biçin edib başımı saxlayaram. Onu da etmirlər...”
Maraqlıdır ki, Tofiq Məmmədovun bizə müraciətindən bir qədər əvvəl redaksiyamıza Astara rayon ƏSMM-nin fəaliyyətində yer almış bir çox neqativ məqamlar barədə açıqlamalar da təqdim olunmuşdu. Məlumatlarda bu mərkəzə rəhbərlik edən Emin Eminovun yol verdiyi özbaşalıqlardan, aztəminatlı vətəndaşların problemlərinə qarşı biganəliyindən bəhs olunmuşdu. Daxil olan məlumatlara əsasən belə qənaətə gəlmək olur ki, Astara rayonu Əhalinin Sosial Müdafiə Mərkəzi özünün yarıtmaz fəaliyyəti ilə, digər analoji qurumlar arasında daha çox seçilən idarələr sırasındadır...
Materialda adı xatırlanan bütün instansiya rəhbərlərinin məsələyə münasibətini öyrənmək istərdik.