MÜƏLLİM HAZIRLIĞI VACİB MƏSƏLƏDİR
1-04-2024, 09:04

Dunya təcrübəsi gostərir ki, vacib və zəruri amillər olsa da, nə təhsilə cəlbetmə səviyyəsinin artırılması və təhsilin müddəti, nə təhsil infrastrukturunun gücləndirilməsi və təhsil müəssisələrinin sayının çoxaldılması, nə də mükəmməl normativ sənədlər özlüyündə mocuzə yarada bilmir, yəni insanların bilik və bacarıqlarının yüksəlməsinə tam təminat vermir. Bilik və bacarıqlar öyrənmə prosesinin keyfiyyəti ilə əldə edilir ki, burada da əsas və həlledici sima təhsilverəndir – müəllimdir. Vaxtı ilə Məhəmməd Peyğəmbər demişdir ki, elm xəzinədirsə, onun acarı daim oxuyub öyrənən və öyrədən insanın əlindədir.
Müəllimin səviyyəsi şagirdlərin səviyyəsini müəyyən edir, onların səviyyələri mütənasiblik təşkil edir. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına müəllimin təsiri daha çox onun akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır. Müəllimin bu keyfiyyətləri ilə təhsil alanların nailiyyətləri arasında sıx korrelyasiya movcuddur. “...Hec bir təhsil sisteminin gucu onun tərkibində fəaliyyət gostərən müəllimlərin gucundən üstun ola bilməz…”.
Deməli, təhsildə ən vacib və aktual şüar yenə də “Hər şeyi kadrlar həll edir”dir.
Bəs qarşısına təhsilimizi keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə dünyanın aparıcı təhsil sistemlərindən birinə çevirmək vəzifəsi qoyulmuş müəllimlərin hazırlıq və peşə-ixtisas səviyyəsi qənaətləndiricidirmi ?
Yadımdadır, hələ 2010-cu ildə Təhsil Şurasının sessiyasında təhsil müəssisələrində işləyən müəllimlərin yarıdan coxunun peşə-ixtisas səviyyəsinin günun tələblərinə cavab vermədiyi yüksək səviyyədə etiraf edilmişdi.
2013-cü ildə müəllimlərin XIV qurultayında təhsil naziri yenidən bu məsələyə qayıdaraq demişdi: “Təhsildə olan qusurların əsas səbəblərindən biri pedaqoji heyətin xeyli hissəsinin hələ də kifayət qədər ixtisaslı olmamasından irəli gəlir”.
10 il sonra XVI qurultayda isə təhsil naziri deyir: “…yaşlılar (yəni yaşlı müəllimlər-İ.V.) 30-40 il əvvəl öyrəndiklərini indi uşaqlara öyrədirlər”.
Belə anlaşılır ki, on üç ərzində təhsil sitemində yeni pedaqoji kadraların hazırlanması, mövcud pedaqoji kontingentin peşə-ixtisas səviyyəsinin yaxşılaşdırılması istiqamətində nöqsanlar davam etmişdir
Düzdür, bu gün məktəblərimizdə yüksək peşə-ixtisas və ümumi mədəni səviyyəyə, peşəkarlıq səriştəsinə malik, ömrünün çoxunu evində yox, məktəbdə keçirən, ürəyini uşaqlara verən minlərlə fədakar müəllim işləyir. Ağır vəziyyətə düşən təhsilimiz hələ ki onların çiyinlərində durur. Amma bunların sayı yetərincə deyil.
Bəs görəsən, özləri – “öz fəaliyyətlərində dönüş yaratmaq əvəzinə, ənənə üzrə bütün günahları müəllimlərin, həm də ən təcrübəli müəllimlərin üstünə atan”, müəllim hazırlığı üçün məsuliyyət daşıyan ETN və onun idarələri bu 13 ildə nə iş görüblər?! “Heç nə desək”, düz olmaz. Bir sıra işlər görülmüşdür. Amma müəllimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi üçün görülən işlər tam səmərəli və qənaətləndirici olmayıb. İnnovativ təlim metodları və texnologiyaları vasitəsi ilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yuksək nufuzlu təhsilverənlərin formalaşdırılmasına – onların peşəkarlıq səviyyəsinin daim yuksəldilməsini təmin edən, innovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanmasının təmin edilməsinə, əlavə təhsil uzrə strukturların yaradılmasının stimullaşdırılmasına, təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə özunu doğrultmuş innovativ modellərin tətbiqinə, yeni modul-kredit və rəqabətəsaslı təlimlər sisteminin yaradılmasına; müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması uzrə təzə sistemin qurulmasına yetərincə əhəmiyyət verilməmişdir.
Ona görə də təxirə salmadan yeni müəllim hazırlığı və mövcud müəllim korpusunun keyfiyyət tərkibini yüksəltmək üçün elmi şəkildə əsaslandırılmış, peşəkarların müzakirəsindən keçmiş, reallığa və milli təhsil ənənələrinə uyğunlaşdırılmış, müasir təhsilin çağırışlarına uyğun fəaliyyət planı hazırlanmalı və icrasına başlanmalıdır. Çünki “müəllim hazırlığı sistemindəki paradoksal vəziyyət” aradan qaldırılmayınca, oz peşəsinə yararlı, pedaqoji ustalığa və yeni pedaqoji təfəkkürə sahiblənmiş gənc pedaqoqlar hazırlanmayınca, mövcud müəllim korpusunun bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblər səviyyəsinə catdırılmayınca, təhsilin keyfiyyət gostəricilərinin Avropa standartlarına catdırılmasını gozləmək sadəlövhluk olar.
Pedaqoji peşəkarlığın əsası, onun özülü ali və ya orta-ixtisas təhsil prosesində, ilkin müəllim hazırlığı, yəni bakalavr təhsili zamanı qoyulur.
Ona görə universitet və kolleclərdə müəllim hazırlığı ciddi nəzarətə götürülməlidir. Çox hallarda pedaqoji ali məktəblərə daxil olan tələbələrin müəyyən qisminin pedaqoji peşə seçmələrinin onların maraq və motivlərindən, yaxşı müəllim olmaq arzusunun reallaşdırılmasından irəli gəlmədiyi özünü göstərir. Yaxşı olar ki, bu ixtisasa qəbul zamanı akademik biliyi ölçən imtahanlarla yanaşı, abituriyentlərin bu peşəyə münasibəti və peşəylə bağlı bacarıqları da dəyərləndirilsin. Sirr deyil ki, universitetləri və kollecləri qurtarıb işə başlayanların da çoxunun peşə-ixtisas səviyyəsi aşağı olur. Düzdür, pedaqoji tədqiqatlar göstərir ki, universitet təhsilli gənc pedaqoji kadrlarda elmi və pedaqoji bacarıqların tam formalaşması başa catmır, bu bacarıqlar, əsasən, 5-6 ilə məktəblərdə - iş prosesində tam formalaşır. Amma bəzən səviyyə o dərəcədə aşağı olur ki, qeyd edilən bacarıqların formalaşacağına umid belə qalmır.
Bir məsələni xüsusi vurğulamaq istərdik. Müəllim hazırlığı zamanı çalışmaq lazımdır ki, gələcəyin müəllimi özünün xalq və dövlət qarşısındakı borcunu və məsuliyyət daşıdığını aydın dərk etsin. Müəllimlik peşəsinin şərəfli olduğu qədər də məsuliyyətli, çətin və mürəkkəb olması barədə dahi Ü.Hacıbəyov belə yazırdı: "Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən başqa uşağın tərbiyəsi dəxi müəllimin öhdəsindədir. Uşaq dəxi qabili-tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cür də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar. Bu ağır sənətə qədəm qoyan müəllim əfəndi bunların hamısını əvvəlcə mülahizəyə almalıdır”. “...hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisidir, ən lazımlısıdır”(H.Əliyev).
Universitetlər elmi biliklərin verilməsi ilə yanaşı, gələcək kadrların pedaqoji ustalığının və zəruri kompetensiyalarının formalaşmasına, müasir təlim metodlarının və pedaqoji innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, kreativ düşüncəni inkişaf etdirən və məktəblilərin fərdi xüsusiyyətlərini nəzərə alan müasir fəal - interaktiv təlim metodlarının oyrədilməsinə, beynəlxalq və yerli təcrübələrin, müasir təhsil çağırışlarının təbliğinə, “Hafizə məktəbindən təfəkkür məktəbinə!” keçidə hazır olan kadrların yetişdirilməsinə, internaturaların təşkilinə və s. ciddi əhəmiyyət verməlidirlər.
Hazırda ölkə universitetlərinin xeyli qismində (hələ kollecləri demirik) müəllim kadrları hazırlanır. Zənn edirik ki, buna ehtiyac yoxdur. Hazırda movcud pedaqoji kadrların sayı onlara olan real tələbatı 3-4 dəfə ustələyir. Əgər belə davam edərsə, yaxın gələcəkdə pedaqoji təhsilli işsizlər toplumu yaranacaq. Təklif edirik ki, müəllim hazırlığı ADPU başda olmaqla potensialı olan bir neçə universitetdə mərkəzləşdirilsin. Müəllimlik ixtisasına yüksək keçid balı tətbiq olunmalıdır. Plan doldurmaq xatirinə 150-250 balla müəllimlik ixtisasına qəbul olanların gələcəkdə təhsilimizə fayda verəcəyinə, yəqin ki, heç bu işin təşkilatçıları da inanmırlar.
Mövcud müəllim korpusunun hazırlıq səviyyəsinin yüksəldilməsi isə həm yuksək səviyyədə, həm də yerli təhsil müəssisələri səviyyəsində icra olunmalı və bir-birini tamamlamalıdır.
İxtisasartırma tədbirlərinin imkanlarından daha səmərəli istifadə edilməlidir. Bizcə, belə tədbirlər ARTİ-da, digər elmi potensialı olan universitetlərdə, kolleclərdə, elmi mərkəzlərdə, tanınmış və qabaqcıl ümumtəhsil məktəblərində fəal iş prosesində təşkil edilsə, daha effektli olardı. Burada müəllimlərin ali məktəblərdə oyrəndiklərinin təkrarından, nəzəriyyəbazlıqdan, səmərəsiz slaydların və sxemlərin nümayişindən, yersiz terminlərin əzbərlədilməsindən, milli təhsil ənənələrini nəzərə almadan xarici təcrübənin tətbiqinə təkiddən daha cox, praktik işlərə, pedaqoji ustalığın inkişafına, ixtisas səviyyəsinin yüksəldilməsinə üstunluk verilməli və bu işlər müdavimlərin sifariş, maraq, təklif və ehtiyaclarına uyğunlaşdırılmalıdır.
Keçmiş RTŞ-nin nəzdində fəaliyyət göstərən, lakin RTİ-ı yarananda ləğv edilən metodik kabinetlərin fəaliyyəti ən azı içtimai əsaslarla davam etdirilməlidir. RTİ-də formalaşdırılan TDM-lər bu kabinetlərə rəhbərlik və köməklik göstərməlidir.
Müəllimlərin peşə-ixtisas səviyyəsinin yüksəldilməsi işlərinin müxtəlif “lisenziyalı” kurslara, onların təlimçilərinə, qeyri-hökumət təşkilatlarına, qeyri-peşəkarlara həvalə edilməsi caiz deyil. Rayonlarda “təşkil olunan” səmərəsiz təlimləri (proyektor tamaşalarını), o cümlədən başaldadan, nəzarətsiz onlayn təlimləri yığışdırmaq lazımdır. Dövlət üçün strateji sahə olan təhsildə yüksək nufuzlu təhsilverənlərin formalaşdırılması ilə dövlət təşkilatları özləri məşğul olmalıdırlar, şübhəli “tenderlərin” qalibi olan qeyri-dövlət təşkilatları yox.
Təklif edirik ki, ümumtəhsil məktəblərində pedaqoji işcilərin peşəkarlıq səviyyəsinin artırılması üzrə özünü doğrultmuş modellərin, innovativ təlim metodlarının və müvafiq resursların tətbiqini təşkil etmək, fənn metod birləşmələrinin fəaliyyətini tənzimləmək, yeni təlim texnologiyalarını təbliğ etmək, qabaqcıl yerli və beynəlxalq iş təcrübələrini yaymaq, pedaqoji işcilərin peşə-ixtisas səviyyələrinin monitorinqini aparmaq və s. ücün də metodiki şuraların fəaliyyəti canlandırılmalıdır. Burada metodiki işin kollektiv formasına aid edilən konfrans, işgüzar müşavirə və konsilumlar, treninqlər, bulleten və jurnalların buraxılması, problemlər uzrə qrupların təşkili, mühazirələr, pilot məktəbləri ilə tanışlıq, innovativ təlim metodları ilə işləyən müəllimlərin iş təcrübələrinin oyrənilərək yayılması, polemikalar, proqram və layihələrin hazırlanması, radio və televiziya verilişlərinin izlənilməsi; fərdi işə aid edilən özünütəhsil, ixtisasartırma, fərdi konsultasiya, mətbuata abunə, dərslərə qarşılıqlı gediş və təcrübə mübadiləsi, ədəbiyyatlar üzərində müstəqil iş, şəxsi hesabat hazırlamaq, məktəb rəhbərlərinin təklif və tovsiyələri kimi iş formalarından səmərəli istifadə olunmalıdır. Metodiki şuraya zəngin iş təcrübəsinə malik olan müəllimlər seçilməli və onların əməyinin stimullaşdırılması nəzərdə tutulmalıdır. Bu işlərə fənlər üzrə metodbirləşmələr də cəlb edilməlidir.
Müəllim hazırlığı ilə məşğul olanlar unutmalı deyllər ki, müəllimlik yaradıcı işdir. Yaradıcılıq müəllimdən bütöv pedaqoji prosesi müşahidə və təhlil etməyi, onun qanunauyğunluqlarını nəzərə almağı, pedaqoji problemlərin optimal həlli yollarını müəyyən etməyi nəzərdə tutur. Yaradıcılıq müəllimə nikbinlik, sevinc bəxş edir. O, hazır göstərişlərlə, reseptlərlə işləyə bilməz. Zəruri kompetensiyalar, müasir təlim metodları və pedaqoji innovasiyalar, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, kreativ düşüncəni inkişaf etdirən müasir fəal – interaktiv təlim formaları və üsulları və s. barədə ona ancaq təklif və tövsiyələr edilə bilər.
Hər bir müəllim zamandan geri qalmamalı, müstəqil olaraq da özünün peşə-ixtisas və ümumi-mədəni səviyyəsinin yüksəldilməsinin qayğısına qalmalıdır. Məşhur pedaqoq K.Uşunski yazırdı ki, məllim nə qədər ki, oxuyur, öyrənir, o, yaşayır, oxumağı dayandırdıqda ondakı müəllimlik ölür.
Üzərinə cox böyuk məsuliyyət, qarşısına cox mühum strateji hədəflərin gercəkləşdirilməsi tələbi qoyulan təhsilverənlərin nüfuzu və ictimai rolu da hər vasitə ilə qorunmalıdır. Təəssüf ki, indi müəllim nüfuzuna ciddi zərbə vurulub, müəllimə olan ənənəvi hörmət aşınmaya məruz qalıb. Bu mənada Kolumbiya Universitetinin professoru olmuş Jak Barze haqlı olaraq deyib: “Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir". Bu, çox təhlükəli haldır. Unutmayaq ki, “Bir milləti məhv etmək üçün onun təhsilini və müəllimini gözdən salmaq kifayətdir” (A.Çexov). Albert Eynşteyn isə deyirdi: “Müəllimə qarşı laqeyd olan ölkə intihar edir deməkdir”.
Ona görə də məktəbə, müəllim nüfuzuna xələl gətirən söz-söhbətlərə son qoymaq lazımdır. Məktəbə, müəllimə yerli-yersiz hücumlar dayandırılmalı, onların nüfuzunun qaldırılması üçün bütün səylər birləşdirilməlidir. Məktəb və müəllimlərlə bağlı neqativ halların qabardılması yolverilməzdir:
Müəllim nüfuzunu qorumaq və yüksəltmək istəyənlər ulu öndərimiz H.Əliyevi nümunə götürə bilərlər. O deyirdi: “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətimizə görə məktəbə, müəllimə borcluyuq...”.
Onu da qeyd etməyi vacib sayırıq ki, müəllimin nüfuzunun yüksəldilməsi onun özündən birbaşa asılıdır. Ş.Aslanın yazdığı kimi “Müəllimlərin şəxsi xüsusiyyətləri peşənin sosial statusuna təsir edən ciddi amildir. Müəllim uşaqları sevən, onlarla ünsiyyət qura bilən, hər bir təhsilalana fərdi yanaşa bilən, onlarla dostluq etməyi bacan, eyni zamanda uşaqların psixologiyasından anlayan biri olmalıdır. Eyni zamanda, tədris etdiyi fənnin elmini yaxşı bilməli, sahəyə dair yenilikləri izləməli, tədqiqatlarını geniş tutmalıdır. Müəllim yalnız orta məktəbin tədris proqramında nəzərdə tutulanlarla kifayətlənməməlidir. Müəllim, biliyi, düşüncəsi və peşəsində usta olması baxımından şagirdləri üçün nümunə olmağı bacarmalıdır. Zamandan geri qalmayan, dərin bilik, mədənilik, mənəviyyat nümunəsi olan müəllimin nüfuzu da yüksək olur. Yersiz hərəkət, ədalətsiz münasibət, ehtiyatsız söz müəllimi nüfuzdan sala bilər”.
Bizcə, məktəblərdə peşə-ixtisas səviyyəsi aşağı olan, oz üzərində işləməyən, yuxarıda da dediyimiz kimi, “başgirləyən”, haqqında şagird, müəllim və valideynlər arasında mənfi rəy formalaşmış, fədakar müəllim adına ləkə gətirən “müəllimlərdən” sertifikasiya yolu xilas olmaq ən ədalətli yoldur. Belə “Biliksiz müəllimlər susuz bulağa, işıqsız lampaya bənzərlər”. (Y.A.Komenski).
Müəllimlərin nüfuzunun yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi ücün ayrıca dovlət proqramının qəbul edilməsi və onların dovlət qulluğunun xüsusi kateqoriyasına aid edilməsi nüfuzu aşağı düşməkdə olan təhsilverənlərin statusunun və nüfuzunun yüksəlməsində, sosial müdafiəsinin gücləndirilməsində həlledici rol oynaya bilər. Bu həm fəaliyyət gostərən müəllimlərin əməyini güclu şəkildə stimullaşdırar, həm “müəllim peşəsinin cətin və ağır olması ilə yanaşı az maaşlı olması” düşüncəsinə, “müəllimlik qadın peşəsidir” stereotipinə son qoyar və müəllim peşəsinin nüfuzunu yuksəldər, həm də savadlı, istedadlı və müasir duşuncəli gənclərin məktəblərə müəllim kimi gəlişini təşviq etmiş olar.
Üzərinə cox boyuk məsuliyyət, qarşısına cox mühum strateji hədəflərin gercəkləşdirilməsi tələbi qoyulan müəllimlər ekvivalent olaraq dovlətin və cəmiyyətin qayğısı ilə əhatə olunmalıdırlar. Daha doğrusu, müəllimlərə gostərilən diqqət və qayğı daha da artırılmalıdır. Yeni qaydalara görə bir qrup müəllim və məktəb rəhbərinin əmək haqqında yaranmış artım minnət qoyulmuşcasına başa qaxılmamalıdır. Unutmayaq ki, müəllimlərin yetişdirdiyi deputataların, prokurorların, polis işçilərinin və digər bir çoxlarının əmək haqqı müəllimlərin əmək haqqından dəfələrlə çoxdur. Yadıma böyük Atatürklə bağlı bir söhbət düşdü. Ondan deputatların əmək haqlarının nə qədər artırılmasını soruşanda deyibmiş ki, elə edin ki, öyrətmən maaşını keçməsin. Ulu öndərimiz də deyirdi: “...Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir...”.
Çalışmaq lazımdır ki, müəllimlərin ehtiyacdan doğan maddi-məişət qayğıları peşə-ixtisas və ümumi mədəni səviyyələrini yüksəltmək qayğısını üstələməsin. AXC-nin Maarif və Dini Etiqad Naziri N.Yusifbəyli parlamentdə etdiyi çıxışların birində demişdi: ”Müəllimlərin maaşını nə qədər artırsanız, yəqin ediniz ki, bundan bir şey itirməyəcəksiniz, çünki bizim varlığımız və gələcəyimiz ancaq müəllimlərin əlindədir. Müəllim nə qədər ac olsa, nə qədər gözü ətrafda və özgə əlində olsa, əlbət ki, o müəllim bir şey verə bilməz və o məktəbdən bir şey çıxmaz.”
Birdəfəlik bilməliyik ki, muəllimin hazırlıq səviyyəsi və işinin səmərəsi daha cox bu diqqət və qayğıdan asılıdır. Belə bir qayğı isə onun halal haqqıdır. Cunki müəllim cəmiyyətin memarı və təhsil sistemində əsas sima – həlledici şəxsdir. Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin Azərbyacan müəllimlərinin XVI qurultayının iştirakçılarına ünvanladığı təbrik məktubunda dediyi kimi, “...fədakar müəllimlərimiz gənc nəslə bundan sonra da mükəmməl bilik verməklə yanaşı, onların milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda böyümələri üçün var qüvvə ilə çalışacaqlar”.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi,