Qiymətlərin tənzimlənməsini bazar iştirakçıları müəyyənləşdirməlidir.
1-11-2024, 10:08
Hökumət indi də deyir ki, alkoqollu içkilər ucuz satılır, olmaz, mən minimum qiymət qoyacam, ondan ucuz satmaq qadağan olunacaq.
Alkoqollu içkilərlə bağlı minimum qiymət siyasəti kökündən səhvdir. Çünki Milli Məclisdəki müzakirələrdən belə başa düşmək olur ki, bazarda çox ucuz alkoqollu içkilər var və onlar sağlamlığa zərər verir. Amma bunun səbəbi qiymətin aşağı olması ilə bağlı deyil. Əslində, ucuz və kefiyyətsiz alkoqollu içkilərin bazara necə daxil olması araşdırılmalı və bunun qarşısı alınmalıdır. Qiyməti artıracaqlar və bu dəfə eyni keyfiyyətsiz məhsullar, məsələn, 2 manata deyil, 3 manata satılacaq, dəyişən bir şey olmayacaq.
İstər ərzaq məhsulları, istərsə də digər məhsulların qiymətini dövlətin müəyyənləşdirməsi 70 illik sovet dövründə keçdiyimiz yoldur. Bu heç bir effekt vermədi, əksinə, sonradan qıtlığa, alverçilərin yaranmasına, keyfiyyətsiz məhsulların bazara çıxmasına səbəb oldu.
Buna görə də şəxsən mən, istər ideoloji, istərsə də iqtisadçı olaraq bu yolun qəti əleyhinəyəm. Qiymətlərin tənzimlənməsini bazar iştirakçıları müəyyənləşdirməlidir. Dövlət ədalətli hakim rolunu oynamalı və bazara çıxarılan keyfiyyətsiz məhsulların yığışdırılmasına çalışmalıdır. Bunun müxtəlif inzibati və hüquqi yolları var.
Düşünürəm ki, əksinə, minimum qiymət rəsmən yüksəldikcə qara bazar artacaq və keyfiyyətsiz məhsullar bazara daha çox çıxacaq. Nəticə etibarı ilə insanların sağlamlığına daha çox zərər dəyəcək.
Sözün qısası, hökumət "sovetləşib", zatən bizdə 2 borudan asılı dövlət-məmur-büdcə iqtisadiyyatı idi, son zamanlar hökumət iqtisadiyyata müxtəlif sərt müdaxilələrlə, 35 il əvvəl SSRİ-i çökdürən, bu gün də Avropanı rəqabətdə uduzduran "over regulation" yanaşmasını özünün strategi xətti elan edib. Yanlış və zərərli yoldur...
Natig Cəfərli