“EuroHome” rəhbəri üzərində həbs olan “Rolls Royce”ı necə sürür: sahibkarlarla qalmaqal
1-11-2024, 11:58
Bakı-Sumqayıt yolunun kənarında yerləşən “EuroHome” tikinti materialları bazarında 5 il əvvəl baş vermiş güclü yanğın nəticəsində ziyana düşmüş sahibkarlar hələ də hüquqlarının bərpası üçün mübarizə aparır. Ötən 5 il ərzində dəfələrlə məhkəmələrə, icra idarələrinə gedib-gələn zərərçəkmişlər indiyədək pullarını ala bilməyiblər.
Bizimyol.info xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi illər əvvəl bir tərəfdən “EuroHome” rəhbərliyinin üzərinə zərər çəkən sahibkarlara ümumilikdə 1.5 milyon manat pul ödəmək öhdəliyi qoymuşdu - Ümid Qayınbəyova 392 min, Samir Məhərrəmova 325 min, Teymur İbrahimova 194 min, Əjdər Həsənova 193 min, İsmayıl İsmayılova 136 min, Ramin Babayevə 115 min, İlqar Məmmədova 108 min.
Elə həmin məhkəmə digər tərəfdən isə şirkətin əmlaklarını – inşaat materialları bazarının yerləşdiyi 4 hektara yaxın torpaq sahəsi və 4 min kvadratmetrlik əmlak kompleksini “EuroHome”un öz təsisçisi Azay Möhnətova verib. Bu da belə əsaslandırılıb ki, yanğından əvvəl Azay Möhnətov öz şirkətinə 500 min manat borc veribmiş, onun 300 mini qaytarılıb, 200 mini qalıbmış. İndi həmin 200 mini tələb edir. Ya da 200 minin müqabilində “EuroHome”un əmlakını istəyir.
Binəqədi icra şöbəsinin təqdimatı əsasında Binəqədi rayon Məhkəməsi qərar verib ki, Azay Möhnətovun öz şirkətinə verdiyi borcun əvəzində Bakı-Sumqayıt yolunun kənarında yerləşən 4 hektara yaxın torpaq sahəsi və 4 min kvadratmetrlik əmlak kompleksi cəmi 200 minlə əvəzləşdirilsin. Halbuki, bu əmlakların hazırkı bazar qiyməti 20-25 milyon manatdan aşağı deyil.
“EuroHome”un bu əmlakları təsisçinin şəxsən özünə veriləndən sonra şirkətdən məhkəmə qərarı əsasında kompensasiya gözləyən sahibkarlara isə deyiblər ki, şirkət müflis olub. Yəni onlara verməyə pul yoxdur. Artıq məhkəmə qərarını yönəltmək üçün əmlak da yoxdur. Çünki şirkətin əmlakı da məhkəmə qərarı ilə Azay Möhnətovun adına keçib.
Beləliklə, yanğından sonra ziyan çəkən sahibkarlar arasında şirkətdən yeganə kompensasiya alan da “EuroHome”un öz sahibi Azay Möhnətovun özü olub.
Sonradan sahibkarlar müəyyənləşdiriblər ki, “EuroHome”un adına dəyəri yüzminlərlə olan “Rolls Royce” markalı avtomobil var.
Sahibkarlardan Ümid Qayınbəyovun vəkili Elsevər Xanalıyev bildirib ki, borclu “EuroHome” MMC-nin adına məhkəmə qərarı ilə həmin maşının üzərinə həbs qoyulmasına baxmayaraq, məcburi icra tədbiri aparılmır: “Avtomobil indiyə qədər icraya təqdim olunmayıb. Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Asəm Əhmədov heç bir məcburi icra hərəkətləri aparmır. Açıq şəkildə bildirirlər ki, maşını Azay Möhnətov idarə eləyir, icra şöbəsi həmin maşına icra tələbini yönəltməkdə acizdir. Dəfələrlə həmin nəqliyyat vasitəsinin sərbəst şəkildə Bakı küçələrində hərəkətdə olmasını şahidləri olub. Dərhal bu barədə Bınəqədi İcra Şöbəsinə məlumat verilib. Buna baxmayaraq icra məmuru heç bır addım atmayıb. Bununla bağlı Ədliyyə Nazirliyinə və Daxili işlər Nazirliyinə edilmiş şikayətlər də bu günədək nəticəsiz qalıb”.
Azay Möhnətov Azərbaycanda kifayət qədər böyük biznesmenlərdən biri sayılır. Sözügedən inşaat materialları bazarından başqa, o həm də “Af Holding” şirkətlər qrupunun, “AF Hotel Aqua Park”ın, Bakıda bina tikintisi ilə məşğul olan şirkətlərin rəhbəridir.
Aytən, Bizimyol.info