Razi Nurullayevdən tənqidlərə CAVAB - “Ağızlarına gələni yazırlar”
4-11-2024, 12:36
Sosial şəbəkələrdə fərqli paylaşım, müzakirələrə səbəb olan videoları ilə gündəmə gələn Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev yeni təkliflə çıxış edib. O, regionlar üzrə səhiyyə xəritəsinin hazırlanmasının vacib olduğunu bildirib.
Təkliflə bağlı Bizim.Media-ya ətraflı danışan deputat deyib ki, bu xəritə hazırlansa, hansı bölgədə hansı xəstəliyin daha çox yayıldığını müəyyən etmək mümkün olacaq:
“Parlamentdə hörmətli akademik, Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov dedi ki, “səhiyyə xəritəsi”adlı termin yoxdur. Mən tibb işçisi deyiləm, tibbi savadım o dərəcədə deyil.
“Səhiyyə xəritəsi” deyəndə müəyyən ərazidə çox sayda insanın eyni xəstəlikdən əziyyət çəkməsinin səbəbinin araşdırılmasını nəzərədə tutmuşam. Bunu yaradan səbəbləri, xəstəliyin yayılma arealını bilmək gərəkdir. Bunun üçün də bilməliyik ki, hansı rayonda daha çox hansı xəstəliklər yayılıb. Belə olduqda xəstəliklərin səbəbi müəyyən edilə, müalicə ilə bağlı doğru-düzgün addımlar atıla bilər.
Məsələn, bir ərazidə uzun illər hansısa zavod işləyib. Onun havaya buraxdığı tüstüdən müəyyən xəstəlik yaranıb. Yaxud bir rayonda onkoloji xəstə sayı çoxdur. Bunun səbəbi nədir? Yaxud başqa bir yerdə şəkər xəstələri çoxdur. Bu, bəlkə orada olan hansısa təbiət hadisəsi, insan fəaliyyəti ilə bağlıdır? Bütün bunları müəyyən etmək üçün “səhiyyə xəritəsinin” hazırlanmasını təkif etdim”.
Təklifiniz necə qarşılandı, həyata keçiriləcəkmi?
“Buna müvafiq qurumlar tərəfindən qərar veriləcək. Azərbaycanda tibb məntəqələri yoxa çıxıb, ya da yararsız vəziyyətdədir. İlkin səhiyyə demək olar ki, məhv olub. Bax, bunun dirçəldilməsi ilə bağlı danışılanda parlamentin sədri də bu məsələni Səhiyyə Komissiyası ilə müzakirə etdiyini söylədi. İlkin səhiyyə məsələsi də gündəmdədir. Yəqin ki, bununla bağlı addımlar atılacaq.
“Səhiyyə xəritəsi” ilə də bağlı yəqin ki, müzakirə olacaq. Bununla bağlı hər hansı qərar verilə bilər. Mən indi bunu deyə bimirəm. Amma onu bilirəm ki, bu məsələ diqqət çəkib. Yəqin Səhiyyə Komitəsində və Səhiyyə Nazirliyində müzakirə olunacaq. Lazım olub-olmaması ilə bağlı qərarı onlar verəcək”, - deyə deputat əlavə edib.
“Cəmiyyətimiz sadəliyi qəbul etmir”
Millət vəkili sosial şəbəkələrdəki bəzi paylaşımlarına görə edilən tənqidlərə də münasibət bildirib:
“Onlar hamısı keçmişdə qalıb. Siz niyə 4-5 ay qabaqkı məsələləri gündəmə gətirirsiz ki? O hər bir kəsdə belə olur. Cəmiyyətimizdə sadəliyi də qəbul etmirlər, zəhmi də. Açıq olmağı da qəbul etmirlər, bağlı olmağı da. Bu, cəmiyyətlərin problemidir. Amma onlar keçmişdə qalıb. Bir dənə paylaşıma görə niyə düşünürsüz ki, cəmiyyət qəbul etmir?! Sadəcə, onu qəbul etməyəndə fikri yönəldib mənfi rəy yazırlar, amma qəbul edəndə, müsbət rəy yazmırlar.
Bu, o demək deyil ki, hamı o cür düşünür. Minlərlə insan onu bəyəndiyini demişdi. Belədə mənə deyirlər, amma rəy yazmaq istəmirlər. Mənfi rəy formalaşdırmaq istəyənlər həmişə bir-birinin əlindən tuturlar, dəstək verirlər. Onların da xasiyyəti, içindən gələn budur. Ağızlarına gələni yazırlar. Onların 20-30 faizi cəmiyyət üçün itirilmiş insanlardır. Belələri üçün müqəddəs heç nə olmur. Dediyim kimi, bu, keçmişdə qalıb. İndi bir paylaşıma görə "sərt tənqid olunursuz" ifadəsini qəbul etmirəm”.