SAXTA DİPLOMLARLA İŞLƏYƏN MƏKTƏB DİREKTORLARI VAR
20-06-2017, 09:07

“Əlbəttə ki, bunların fəaliyyəti davam etdikcə, aidiyyəti qurumlar buna göz yumduqca, müəllimlərin nəticəsi belə aşağı səviyyədə olacaq”
Müəllimlərin diaqnostik qiymətləndirmə imtahanının keçirilməsindən sonra sosial şəbəkələrdə müzakirələr başlayıb. Balı 30-dan aşağı olan müəllimlərin işdən çıxarılacağı və onların iş yerlərinin vakant kimi göstəriləcəyi ilə bağlı iddialar səslənib.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə yayılan məlumatların şayiə olduğunu deyib. Onun sözlərinə görə, 30 baldan az nəticə göstərən müəllimlərin işdən çıxarılması məsələsi gündəmdə deyil.
Nazirlikdən həmçinin qeyd edilib ki, diaqnostik qiymətləndirmənin keçirildiyi 12 bölgə üzrə müəllimlərin 90 faizdən çox hissəsi imtahanlarda iştirak edib. Ötən ilin noyabr-dekabr aylarında baş tutan imtahanlarda iştirak edən 25 min 693 müəllimin təxminən 1 faizi imtahandan kəsilib: "Həmin kontingentin bir hissəsi öz istəkləri ilə iş yerlərini tərk edə bilərlər. Amma bu, müəllimin öz istəyindən asılıdır. Lakin onlar işlərində qalıb fəaliyyətlərini davam etdirməyi planlaşdırırlarsa, ilk növbədə öz üzərlərində işləməli və yenidən hazırlaşıb diaqnostik qiymətləndirmədən keçməlidirlər”.
Nazirlikdən o da bildirilib ki, diaqnostik qiymətləndirmədə iştirak etməyən, bu imtahandan keçməyən, həmin rayon və şəhərlərdəki məktəblərdə işə yeni qəbul olunan və iş yerlərini yeni dəyişən müəllimlərə görə yenidən qiymətləndirmənin keçirilməsi üçün həmin rayon və şəhərlərdən sorğuların daxil olmasını gözləyəcəklər. İstənilən halda, yay aylarında Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün mərkəzləşdirilmiş qaydada imtahanlar keçirir. Elə həmin ərəfədə də imtahan keçirməklə işə yeni qəbul olunan və iş yerlərini dəyişən, diaqnostik qiymətləndirmədən kəsilən, bu imtahana gəlməyən müəllimlərin hamısı üçün imtahan təşkil oluna və onlar diaqnostik qiymətləndirmədən keçə bilərlər.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən təhsil eksperti Kamran Əsədovun dediyinə görə, orta məktəblərdə çalışan müəllimlərin işdən azad edilməsi diaqnostik qiymətləndirmə imtahanının nəticələri ilə həyata keçirilməsi mümkün deyil:
"Birincisi, bu DQ imtahanı attestasiya deyil və hətta olsa belə, Əmək Məcəlləsinin 67, 70 və 71 - ci maddələrinə əsasən müəllimlərin işdən azad edilməsinə qanunvericilik imkan vermir. Bundan başqa, o müəllimlərin hər biri həmkarlar təşkilatlarının üzvüdür və hər ay bunun üçün 2 faiz əməkhaqqından pul ödəyirlər”. Müəllimin tədris etdiyi fəndən az bal toplamasının yaxşı hal olmadığını vurğulayan ekspertin sözlərinə görə, 2016-cı ilin noyabr, dekabr ayında 26 min müəllim DQ imtahanında iştirak edib və onların 3 minə yaxını tədris etdiyi ixtisas fənni üzrə ona təqdim olunmuş 60 test tapşırığından 6-sına cavab verə bilməyib: "Əlbəttə ki, bu kimi halların baş verməsi onu göstərir ki, orta məktəblərdə direktorlar rəhbərlik etdiyi orqana nəzarət edə bilmir, idarəçiliyi həyata keçirə bilmir. Maraqlısı odur ki, Təhsil Nazirliyi müəllimləri imtahan edir, amma onlara rəhbərlik edən direktorları yox. Çünki direktorların bilik və bacarıqları müəllimlərdən dəfələrlə aşağı səviyyədədir.
Onların peşəkarlıq səviyyəsi qanunvericilikdə nəzərdə tutulmuş hallardan olduqca aşağıdır. Hətta təhsilləri belə icazə vermir ki, onlar məktəblərə rəhbərlik etsinlər. Saxta sənədlərdən istifadə edərək fəaliyyətini davam etdirən məktəb direktorları da var. Əlbəttə ki, bunların fəaliyyəti davam etdikcə, aidiyyəti qurumlar buna göz yumduqca, müəllimlərin nəticəsi belə aşağı səviyyədə olacaq. Özü nəsə bilməyən müəllim qarşısındakına heç nə öyrədə bilməz”.
Diaqnostik qiymətləndirmədə zəif nəticə göstərən müəllimləri işdən azad etməyin çıxış yolu olmadığını vurğulayan K.Əsədov hesab edir ki, bu, onlara qarşı hörmətsizlik olar:
"İstənilən halda həmin insanlar müəllimlik fəaliyyəti göstərmək üçün müəyyən müddət təhsil alıblar. Lakin düzgün rəhbərliyin olmaması onların ixtisas və tədris etdikləri fənlərə qarşı laqeyd münasibət bəsləməsinə gətirib çıxarıb. Ona görə də, nəticəsi 50 faizdən aşağı səviyyədə olan bütün müəllimlərə dərs bölgüsü zamanı çox az həcmdə dərs saatı vermək lazımdır. Bundan sonra onları yenidən hazırlıq, təkmilləşdirilmə kurslarına cəlb etmək lazımdır. Bu kursların ardınca onları yenidən imtahan etmək lazımdır. Əgər bu dəfə nəticələri 80 faizdən aşağı olsa, o zaman onların əmək müqaviləsinə xitam verilə bilər. Amma yaxşı olar ki, Azərbaycanda fəaliyyət göstərən bütün orta məktəb direktorları da imtahan edilsin. Onların sənədləri yoxlanılsın və ixtisası üzrə 70 faizdən yuxarı olan şəxslərlə müqaviləni davam etdirmək lazımdır”.