“Neftin qiyməti 85 dollara qədər yüksələ bilər” - nikbin proqnozun arxasındakı əsas faktor
30-09-2017, 09:43

Dünya birjalarında neftin qiyməti yenə də müxtəlif istiqamətlərdə dəyişir. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar və ya 0,14% azalaraq 51,49 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,17 dollar və ya 0,30% artaraq 57,58 dollar olub.
“S&P Dow Jones”un departament rəhbəri Codi Qunzberq CNBC telekanalına müsahibəsində bildirib ki, son həftələr ərzində neftin qiymətində müşahidə olunan artım tendensiyası davam edəcək. Onun fikrincə, nəhayət bazarda “real balanslaşma” başlanıb. C. Qunzberqin proqnozuna əsasən, təklif defisitlə üzləşərsə, neftin qiyməti 80, hətta 85 dollaradək yüksələ bilər. “Qiymət artımı anidən baş verməyəcək. Onun dəstəyə ehtiyacı var”, - deyə o vurğulayıb.
Neftin qiyməti ilə bağlı bu pozitiv açıqlama mətbuatda da əks-səda doğurub. Azərbaycanın neft ölkəsi olduğunu, neftin hər 1 dollar bahalaşmasından gündəlik yarım milyon dollardan çox əlavə gəlir götürdüyünü nəzərə alsaq, qiymətlərin 85 dollara qədər yüksəlmə ehtimalı bizim üçün sevindirici xəbərdir. Bəs görəsən, beynəlxalq təşkilatların bu açıqlaması nəyə əsaslanır? Proqnozların iqtisadi əsası varmı?
İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”ın sualını cavablandırarkən bildirdi ki, burada söhbət uzunmüddətli dövrdən gedir: “Mən bu açıqlamanın orijinal variantını oxudum. Bizim saytlarda açıqlamanın bir hissəsi tərcümə olunub. Orijinal versiyada neftin bahalaşması ilə bağlı bir çox faktorlar sadalanıb. Qeyd olunub ki, əgər Yaxın Şərqdə ciddi münaqişələr olarsa, müharibəyə qədər gedərsə neft bahalaşa bilər. İkinci faktor odur ki, əgər OPEK anlaşmanın müddətini uzatsa və yenidən neft hasilatının azaldılması ilə bağlı tələblər qoysa, bu da bazara təsir edə bilər. OPEK-in hazırki anlaşmasının müddəti mart ayının sonunda bitir. Bir neçə bu cür faktorlar sayılır. Həmçinin neftin qiymətinin 85 dollara yüksələcəyi proqnozu uzunmüddətli dövrə , ən tezi yaxın 5 ilə hesablanıb. Söhbət 2017-2018-ci illərdən getmir. Təşkilat bir çox faktorları sadalayaraq belə bir proqnoz verib. Ancaq ondan daha nüfuzlu təşkilatlar, agentliklər hesabatlar yayıblar və başqa cür proqnozlar veriblər. Rusiyanın Mərkəzi Bankının və İqtisadiyyat Nazirliyinin araşdırmaları var, gələn il üçün neftin 40-45 dollar olması ehtimalını irəli sürüblər”.
İqtisadçı vurğuladı ki, neft bazarı çox həssas bazardır, siyasi təlatümlərə , hətta təbiət hadisələrinə belə reaksiya verir: “Necə ki, bir neçə gün öncə Amerikada yaşanan qasırğa neftin qiymətinə təsir göstərdi. Həmçinin siyasi qərarlar da birbaşa bazara yansıyır. Kürdüstanda keçirilən referendum və bundan sonrakı sərt açıqlamalar, siyasi gərginlik neftin qiymətinə təsir göstərdi. Neft dünya üçün çox strateji bir məhsul olduğundan həm təbiət hadisələrinə, həm də siyasi hadisələrə çox tez reaksiya verir. Ancaq iqtisadçı olaraq biz situasiyanı analiz edərkən neft qiymətləri ilə bağlı fundamental rəqəmlərə nəzər yetiririk. Bu rəqəmlər dünya üzrə hasilatın və istehlakın səviyyəsidir. Hazırda hasilatın artımı müşahidə olunur. OPEK-dən kənar ölkələrdə, məsələn Amerikada son 1 ildə gündəlik hasilat 900 min barel artıb, 800 milyon 600 min bareldən, 900 milyon 500 min barelə yüksəlib. Kanadada gündəlik hasilat, 2,5 milyon barel idi, artıq 3 milyonu keçib, ilin sonuna yaxın 4 milyona yaxınlaşması ehtimalı var. OPEK-dən kənar, o cümlədən ənənəvi neft ölkəsi sayılmayan ölkələrdə hasilatın artım trendi yüksəkdir”.
Natiq Cəfərli digər bir faktor kimi, dünyada istehlakla bağlı çox mühüm dəyişikliklərin olduğunu bildirdi: “Avropa Birliyi ölkələri, ABŞ-ın müxtəlif ştatları və mərkəzi hökuməti alternativ enerjidən istifadə ilə bağlı təşviq proqramları həyata keçirirlər. Əsasən də avtomobil bazarında inqilabi dəyişikliklərlə bağlı çox ciddi addımlar atılır. Bu addımların nəticəsində AB ərazisində istehlakın yaxın illərdə 10 faiz aşağı düşməsi gözlənilir. Bu proses 2025-2030-cu illərə qədər çox sürətlə davam edəcək. Bəzi ölkələr ümumiyyətlə daxiliyanma mühərrikində neft məhsullarından istifadə edən avtomobillərdən imtina edəcəklər. Yəni ümumilikdə dünya bazarındakı istehlakda azalma olacaq. Bu mənada bütün ümidlər Çinə idi ki, Avropa Birliyində azalan istehlakı Çin kompensasiya edəcək, istehlakı artıracaq. Lakin bu ölkədə də yanaşma dəyişib. Çin hökuməti avtomobil istehsalçılarına elektriklə çalışan avtomobillərin sayının artmasını tapşırıb. Çinə bəslənən ümidlər də özünü sona qədər doğrultmadı. İstehlak və hasilat - bu iki iqtisadi göstərici neftin qiymətinin fundamental olaraq sabitləşməsi üçün əsas faktorlardır”.
N.Cəfərli onu da vurğuladı ki, neftin kəskin ucuzlaşmasını da gözləmir: “Qara qızıl”ın 40 dollara kimi enməsi də gözlənilmir. Lakin qarşıdakı 2-3 ildə 50-60 dollar dəhlizində sabitləşməsi çox real görünür. Bahalaşmaya səbəb olacaq yeganə amil siyasi gərginlik, müharibələr və təbii fəlakətlər ola bilər. Və ya OPEK ölkələri mart ayından sonra da hasilatın azaldılması ilə bağlı razılaşarlarsa, bu qiyməti artıra bilər. Ancaq bunun da daimi təsir olacağını demək olmaz. OPEK ölkələri bazarda yerini itirərsə, onun yerini başqa ölkələr tuta bilər. Sonradan bazarda itirilmiş yerin geri qaytarılması da çətin məsələdir. Siyasi münaqişələr və təbiət hadisələri qiymətlərdə müvəqqəti təsir göstərir, ancaq müharibələr olarsa, bu qiymətlər orta və uzun müddətdə qalıcı təsir göstərə bilər".