CD disklər buraxan şirkət avtobus dayanacaqları quraşdıracaq

1-10-2017, 10:27           
CD disklər buraxan şirkət avtobus dayanacaqları quraşdıracaq
Bakı Nəqliyyat Agentliyi (BNA) 300 dayanacaq pavilyonu alıb. Bu məqsədlə dövlət büdcəsindən 5,7 milyon manatdan çox vəsait ayrılıb.

Bu barədə AzadlıqRadiosuna BNA-nın mətbuat katibi Mais Ağayev məlumat verib. O qeyd edib ki, dayanacaq pavilyonlarının 150-si orta, qalan yarısı isə iri ölçülüdür. Onların hamısını bir şirkət – «Sar Qrup» MMC hazırlayacaq. Pavilyonların quraşdırılmasıyla «Etnas-1» MMC məşğul olacaq. Quraşdırma işləri təxminən 200 min manata başa gələcək.

Qeyd edək ki, bu müqavilə “Etnas-1” şirkətinin dövlət satınalmalarında ilk təcrübəsi deyil. Bu il o, həm də Mədəniyyət və Turizm Nazirliyinin Xaçmaz Turizm İnformasiya Mərkəzinə 8 min 500 manatlıq CD disklər satıb.
«Etnas-1» MMC ilə eyni gündə (27 dekabr 2016-cı il) yaradılmış «Arsinal Holdinq» şirkəti isə BNA üçün ümumi dəyəri 85 min manat olan yol nişanları hazırlayacaq. Mais Ağayev deyir ki, yol nişanları agentliyin mütəxəssislərinin araşdırmalarına əsasən, «harada zərurət aşkar olunarsa, orda quraşdırılacaq».

Əvvəlki illərdə paytaxtda avtobus dayanacaqlarının quraşdırılması ilə Bakı şəhər İcra Hakimiyyəti məşğul olurdu. Yeni dayanacaq pavilyonlarının dislokasiyası barədə məlumat verilmir. 2017-ci ildə Sumqayıt şəhərində də dayanacaq pavilyonlarının yenilənməsinə başlanıb.

Maraqlıdır ki, yol nişanlarının satın alınmasıyla bağlı tenderin qalibinin adı bu işləri görmək üçün sertifikatı olan şirkətlərin arasında yoxdur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ölkədə belə sertifikatı almış 3 şirkətin olduğunu bildirir. Bunlar «Az Siqnal» MMC, «Barama-N» MMC və «Yol Xətt» MMC-dir.Bakıda sərnişindaşıma sahəsində dövlət nəzarətini və tənzimlənməsini gerçəkləşdirən BNA 2015-ci ilin dekabrında yaradılıb. Əsasnaməsinə görə, qurum nəqliyyat axınının tənzimlənməsindən ötrü yol nişanlarını və işıqforları Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırmaqla quraşdırır və dəyişdirir.

Azadlig.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.