Ukrayna telekanalından ATV-yə sərt ittiham: - “Layihəmizi oğurlayıblar”
23-06-2016, 12:45
“Azərbaycanın ATV telekanalı bizim “Revizor” və “Revizorro” verilişlərinin plagiatı ilə məşğuldur. Bizə bu barədə məlumat çatan kimi bu kanalın “Yoxlama” adı altında gedən həmin verilişlərinə YouTube-da baxdıq. Bu, əsil plagiatdı. Azərbaycan telekanalı müəllif hüquqlarını kobud şəkildə pozub”.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu sözləri Ukraynanın “Novıy kanal” teleşirkətinin hüquq departamentinin rəhbəri Katerina Moroz bildirib. Xanım Morozun dediyinə görə, Azad Azərbaycan telekanalı onların verilişini “bütünlüklə sanki köçürüb”.
O, ATV-nin bu hərəkətini “abırsızlıq” adlandırıb.
Katerina Moroz onu da əlavə edib ki, “Novıy kanal” ATV-nin kompensasiya ödəməsi və verilişin yayımının dayandırılması tələbilə çıxış edəcək.
“Revizor” verilişinin layihə rəhbəri Viktoriya Burdukova isə bildirib ki, onlara “Yoxlama” verilişinin mənfi reputasiyalı bir veriliş olması barədə də xəbərlər çatıb: “Görünür, Azərbaycan telekanalında başa düşmürlər ki, başqasının intellektual mülkiyyətini oğurlamaq olmaz. İstifadə etmək istəyirsənsə, buyur, məbləğ ödə, lisenziya al. Biz onlara göstərəcəyik”.
Məsələylə bağlı ATV-nin Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu ilə də əlaqə saxladıq. Vaqif bəy bildirdi ki, bu məsələ ilə bağlı açıqlama veriləcək.