Türkiyədə zəlzələdən sonra “Əsrin yenidənqurması”

9-05-2023, 00:11           
Türkiyədə zəlzələdən sonra “Əsrin yenidənqurması”
Türkiyənin cənub-şərqində baş verən zəlzələlər həm humanitar, həm siyasi, həm də iqtisadi baxımından böyük bir çağırış oldu.

APA xəbər verir ki, “Əsrin fəlakəti” adlandırılan və mərkəzi Kahramanmaraşda olan iki güclü zəlzələ nəticəsində 50 mindən çox insan həyatını itirdi, 100 mindən çox insan isə yaralandı.

Bir gecədə şəhərlərin böyük bir qismi yer üzündən silindi. İlkin araşdırmalara görə, on minlərlə insanın həyatını itirməsi, 100 minlərlə binanın, sosial və iqtisadi infrastrukturun dağılması ölkə iqtisadiyyatına 100-150 milyard dollar ziyan vurub. Bu zəlzələ, təbii ki, hakimiyyət üçün bir sınaq oldu.

Zəlzələ bölgəsində dağıntılar səbəbindən bəzi yerlərə yetişmək mümkün olmasa da, dövlət əlində mövcud olan bütün vasitə və imkanlarla tez bir zamanda hərəkətə keçdi. On minlərlə dövlət və qeyri-dövlət sektorunda işləyən insanlar, könüllülər və sadə vətəndaşlar dağıntılar altında qalanların imdadına yetişməyə çalışırdı. Təbii ki, dünya da Türkiyəyə yardım əlini uzatdı. Təxminən bir ay davam edən axtarış-xilasetmə işləri yekunlaşdıqdan sonra bölgənin təcili şəkildə yenidən ayağa qalxması məsələsi prioritet oldu.

Beləliklə, 13 milyondan çox əhalisi olan 11 vilayətdə yeni həyat üçün addımlar atılmağa başladı. Təbii ki, bütün bunlar külli miqdarda vəsait tələb edir, lakin Türkiyə dövləti zəlzələdə evsiz qalan vətəndaşlar üçün inşa ediləcək ilk binaların təməlini artıq bu ilin mart ayında atdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, mənzillərin əksəriyyətinin təhvil verilməsi bir il ərzində baş tuta bilər.

Türkiyənin İqtisadi Siyasət Araşdırma Vəqfi (TEPAV) zəlzələ fəlakətinin ölkə iqtisadiyyatına təsiri ilə bağlı hesabat hazırlayıb. Qeyd olunub ki, 11 vilayətdə baş verən zəlzələ nəticəsində bu bölgədə binaların təxminən 40% ya dağılıb, ya ciddi zərər görüb.

Hesablamalara görə, bölgənin 5 illik yenidənqurma planı ölkə büdcəsinə 150 ​milyard dollara başa gələcək. İnfrastrukturun inşası, bərpası və təmiri xərcləri 88 milyard dollar civarında olacaq.

Zəlzələdən zərər çəkmiş vətəndaşların müvəqqəti mənzillə təmin edilməsi, baxım, təhsil və məşğulluq kimi cari dəstəklərin isə 17 milyard dollar səviyyəsində olacağı proqnozlaşdırılır. Burada sadəcə müvəqqəti yaşayış yerləri üçün nəzərdə tutulan dəstək illik 4 milyard dollar olaraq hesablanıb. Bütün bu çətinliklərə baxmayaraq, Türkiyə hakimiyyəti “Əsrin fəlakətini” “Əsrin yenidənqurması”na çevirə biləcək gücə və əzmə sahib olduğunu nümayiş etdirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.