Türkiyənin həmləsi təşviş yaratdı – Komando bölgəyə göndərildi

23-06-2023, 13:58           
Türkiyənin həmləsi təşviş yaratdı –
Son həftələrdə Kosovo ilə Serbiya arasında yaşanan gərginlikdən sonra NATO-nun tələbi ilə Türkiyənin Kosovoya hərbi kontingent göndərməsi Yunanıstanı narahat edib.

Teleqraf.com xəbər verir ki, Yunanıstanın “Ta Nea” qəzeti Türkiyənin Kosovo-Serbiya münaqişəsindən istifadə edərək Balkan bölgəsində gücləndiyini yazıb.

Yunan nəşri bildirib ki, Türkiyə artıq Kosovonun şimalında 500-ə yaxın komandosunu yerləşdirməklə Balkandakı mövqelərini möhkəmləndirib. Təhlildə Türkiyənin Balkanda təsir dairəsini artırmağa çalışdığı və türk komandolarının serblərin üstünlük təşkil etdiyi şimal bölgəsində patrul xidmətinə başladığı qeyd olunub.

“Türkiyənin tezliklə Kosovoda ABŞ-ın rəhbərlik etdiyi NATO missiyasının komandanlığını öz üzərinə götürəcəyi gözlənilir”, - qəzet vurğulayıb.

Mayın 26-da Kosovonun şimalında serblərin kompakrt yaşadığı Zveçan, Zubin Potok və Leposaviç qəsəbələrində aprelin 23-də keçirilən bələdiyyə seçkilərində albanların qalib gəlməsinə etiraz edilib. Alban bələdiyyə sədrlərini qorumaq üçün bölgəyə göndərilən Kosovo polisi ilə serblər arasında qarşıdurma olub. Bu, Kosovo ilə Serbiya arasında gərginliyi yenidən artırıb.

Tərəflər arasında fasilələrlə yaşanan gərginliyin əsas səbəbi Serbiyanın 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edən Kosovonu öz ərazisi kimi tanımasıdır.

2011-ci ildə Avropa Birliyinin vasitəçiliyi ilə başladılan Belqrad-Priştina danışıqları çərçivəsində münasibətlərin normallaşması və son nəticədə iki ölkənin bir-birini tanıması üçün ortaq yol tapılması üçün səylər göstərilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.