Türkiyənin dünyaya verdiyi mesaj: Nə qədər ki, lirə ucuzdur, gəlin,

24-06-2023, 00:09           
Türkiyənin dünyaya verdiyi mesaj: Nə qədər ki, lirə ucuzdur, gəlin,
Xəbər verdiyimiz kimi, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi uçot dərəcəsini 6,5 faiz bənd artıraraq 8,5%-dən 15 faizə yüksəldib. TCMB 2 ildən artıqdır ki, ilk dəfə faizi artırıb. Mərkəzi Bank faiz dərəcələrini sonuncu dəfə 2021-ci ilin mart ayında artırıb.

“Uçot dərəcəsi 40 faizə çatmasa da, 32-33 faizə qədər yüksələcəyi gözlənilir”.

Bunu Publika.az-a açıqlamasında türkiyəli iqtisadçı Neşat Gündoğdu deyib.

O, bildirib ki, faiz artımı bazar gözləntilərindən xeyli aşağı olub:

“Açıqcası, faiz artımının 40-a yüksələcəyi gözlənilirdi. Lakin 40 faizə yüksəlsəydi, bir neçə problemi olacaqdı. Əsas problem özəl bankların aşağı faizlə Mərkəzi Bankdan kredit götürməsi idi. 15-ə faizə yüksəlmənin iki səbəbi var idi. Birincisi, hökumət bankların həddindən artıq zərər görməsini istəmirdi. Buna görə də faizi bazara uyğun artırdı. İkincisi, çox aşağı məhsuldarlığı olan və ya normalda olmaması lazım olan şirkətlərin ömrünü bir az da uzatdı. Əslində bu şirkətlər həm iqtisadiyyata yükdür, həm də borclarını yüksək faizlə yuvarlaya bilmirlər”.



İqtisadçı bildirib ki, bundan sonra dəqiq bir büdcə intizamı və qənaət planı hazırlamaq lazımdır:

“Bölgədə və dünyada Türkiyənin qura biləcəyi infrastrukturlara daha çox ehtiyacın olması üçün dərin araşdırmalar edilməlidir. Artıq Türkiyə ucuz mal satan ölkə olmaqdan çıxacaq. Daha yüksək keyfiyyətli məhsullar ixrac etməyə başlayacaq. Lirə dolların qarşısında dəyər qazanacaq. Lakin tələbat olan məhsullarda verginin qalxması gözləniləndir. Ona görə də, həll yolu faiz dərəcəsini mərhələli şəkildə artırmaqdır. Bunları edərkən, təbii ki, islahatlara ehtiyac var. Türkiyədə hüquq sistemi yeni islahatlar etməlidir”.

Ekspert əvvəllər Pul Siyasəti Komitəsinin üç ayda bir toplandığını diqqətə çatdırıb:

“Üç ayda bir toplananda faiz qərarı təbii ki, üç aylıq bir dövr üçün həlledici idi. Üç ay əslində faiz dərəcələrinin təsirinin görünməsi üçün çox məqbul bir dövr idi. Amma indi fərqli yolu seçdilər. Aylıq faiz artımında göstəricilər 15-dən 45-ə qalxa bilər. Hazırda Türkiyə nəinki özəl banklarına, hətta dünya banklarına və xarici investorlara mesaj verir - “bax, faizləri artıracağam, lirə nə qədər ki, ucuzdur, gəlin”. Təbii ki, indi əsas məsələ dolların və avronun bahalaşması, yəni lirənin ucuzlaşmasının sürətlənməsidir. Bu da inflyasiyaya səbəb olur. Amma Şimşək verdiyi açıqlamada sabitlikdən bəhs edib. Ona görə də, Türkiyənin uçot dərəcəsi 6,5 faiz bənd artıraraq 8,5%-dən 15 faizə yüksəldib”.

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, seçkilərdən sonra Türkiyənin uçot sahəsində belə bir dönüş edəcəyi qaçılmaz idi:

“Əslində uçot dərəcəsinin 25 faizə qədər qalxacağı gözlənilirdi. Hazırda 15 faizə qədər qaldırdılar. Bu isə elə də effekt verməyəcək. Sadəcə lirənin ucuzlaşmasının sürətini azaldacaq. Proses isə hələ bir müddət davam edəcək. Uçot dərəcəsinin yüksəlməsi daha çox olarsa, lirənin qiymətində səngimə olacaq. Uçot dərəcəsi siyasətilə yanaşı digər iqtisadi sahələrdə doğru addımlar atılmalıdır. Bütün addımlar atıldığı zaman 2024-ci ilin ortalarında lirənin vəziyyətinin müsbət dinamikaya doğru yönəldiyini görə biləcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.