Trampın müşavirindən Türkiyəni sevindirən şad xəbər – “PKK/PYD-yə dəstək verilməyəcək, Fətullah Güləni mühafizə etməyəcəyik”
11-02-2017, 14:22
ABŞ prezidenti Donald Trampın türk müşaviri Sal Saygın Şimşək FETÖ lideri Fətullah Gülən və PYD terror təşkilatı ilə bağlı mühüm açıqlamalar verib.
Avropa.info xəbər verir ki, Türkiyənin “Habertürk” qəzetinə müsahibə verən Şimşək Trampın seçilməsi ilə FETÖ liderinin üzərindəki mühafizə qalxanının qalxdığını söyləyərək PKK-nın Suriya qolu olan PYD-yə də dəstəyin davam etməyəcəyini düşündüyünü deyib.
PYD ilə bağlı mühüm açıqlamalar verən Şimşək “Dəstəyin davam edəcəyini zənn etmirəm. Bu Türkiyənin rəhbərlərinin göstərəcəyi mövqedən də çox asılıdır. Məncə ABŞ-la olan müzakirəsiz müttəfiqlik səviyyəsinə yenidən geri dönmək lazımdır. Tramp rəhbərliyi çox ciddi və sərt insanlardan ibarətdir. Bu insanlarla həqiqətən dürüst, açıq kartlarla siyasət yürüdülməsi lazımdır” deyə bildirib.
“Tramp Pentaqona İŞİD-ə qarşı mübarizə mövzusunda siyasətin müəyyən olunması üçün bir ay vaxt verib. Türkiyə bu siyasətə təsir edə bilmək üçün nə etməlidir?” sualına Şimşək belə cavab verib:
“Təkcə liderlər deyil aşağı səviyyəli kadrlar da təcili olaraq məsələ ilə bağlı addım atmalıdır. Türkiyənin Yaxın Şərqdə dünyəvi, demokratik bir ölkə olaraq nə qədər əhəmiyyətli olduğunun xatırladılması lazımdır. ABŞ Türkiyəni itirsə terror Avropa və bütün Qərb mədəniyyətini təhdid edər.”
Müşavirə verilən bir digər sual isə Ərdoğanın və Trampla telefon danışığı, Ərdoğanın PYD və FETÖ ilə bağlı narahatlıqları və Trampın bu narahatlıqlara nə dərəcədə reaksiya verəcəyi ilə bağlı olub.
Trampın müşaviri suala bu cür cavab verib:
“Məncə reaksiya verəcək. Çünki cənab Tramp radikal terrorun hər cürünə qarşıdır. Fəthullah Gülənin də missiyası məlumdur.”
Müsahibə əsnasında Şimşəkə ünvanlanan bir digər sual isə Fətullah Gülənin Türkiyəyə qaytarılması ilə bağlı olub.
“Trampın Milli Təhlükəsizlik müşaviri Mayk Flayn Güləni Türkiyənin Usamə ben Ladeni olaraq xarakterizə etmişdi. İdarənin, Türkiyənin tezisləri ilə, xüsusilə də qaytarılması ilə bağlı eyni istiqamətdə düşündüyünü deyə bilərikmi?”
“Gülənin geri qaytarılması mövzusunda hüquqi prosedura hörmət edilməsi lazım olduğunu düşünürəm. Amma bunu deyə bilərəm ki, Trampın seçilməsiylə artıq Gülənin üzərindəki mühafizə qalxanının qalxmışdır. Mən Trampa çatdırmışam ki, biz dünyəvi Türklər, Güləni cihadçı olaraq görürük. O böyük bir dini cərəyanı idarə edir.”