MAARİFLƏNDİRİCİ TƏDBİRLƏR DAVAM ETDİRİLİR
23-10-2018, 12:48
Teref.az - DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən RPŞ-nin təşkilatçılığı ilə Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 saylı tam orta məktəbində rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi və Dini Qurumlarla İş üzrə bölgə şöbəsinin məsul təmsilçilərinin, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik leytenantı Arzu Rzayev əsrin bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirərək, onun cəmiyyətimiz üçün yaratdığı təhlükə və fəsadlardan danışıb. Rəis müavini qeyd edib ki, hər bir şəxs bu ciddi bəla ilə mübarizədə fəal olmalı, ətraflarında narkomaniyaya düçar olmuş şəxslərin normal həyata qayıtması və öz sağlamlığlarına qovuşmaları üçün əllərindən gələni əsirgəməməlidirlər. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs sonradan onun bəlasından qurtula bilmir, əksinə, öz gələcəyini bilərəkdən məhv edir. Bunun üçün şagirdlər ətraflarında olan insanlara diqqət yetirməli və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri gördükdə və onlar haqqında hər hansı bir informasiya əldə etdikdə dərhal müəllim və ya valideynlərinə, polis əməkdaşlarına məlumat verməlidirlər.
Sonra çıxış edənlər dini radikalizm mövzusuna toxunaraq, ölkəmizdə tolerantlığın mövcud olduğu, hər bir şəxsin dini azadlıq və inancına hörmətlə yanaşıldığını, lakin din pərdəsi altında fəaliyyət göstərən qruplaşmalara qarşı hüquq mühafizə orqanları tərəfindən ciddi mübarizə tədbirlərinin görüldüyünü bildiriblər. Bunun üçün gənc nəslin nümayəndələrini yalan vədlərə inanmamağa çağırıb, dini mövzularla bağlı zəruri bilgiləri, lazımi məsləhətləri bu sahənin mütəxəssislərindən və valideynlərdən almağı tövsiyə ediblər.