Ermənistanla bağlı ilginc proqnoz - iflas qapıda!..

29-10-2016, 10:38           
Ermənistanla bağlı ilginc proqnoz - iflas qapıda!..
“Pirr qələbəsi”nin məntiqi sonucu; cəbhədə düşmən təxribatlarının artmasının daha bir motivi - daxili amil; işğalçı ölkə sürətlə defolta gedir...
Son günlər təmas xəttində düşmənin hərbi xarakterli təxribatları xeyli dərəcədə artıb. Hətta bəzi hərbi analitiklərə görə, yeni genişmiqyaslı toqquşmalar da istisna deyil. Səbəblər sırasında yəqin ki, öncəliklə işğalçı ölkənin son vaxtlar Rusiyadan aldığı bəzi yeni silah sistemlərinin yaratdığı arxayınçılığı qeyd eləmək lazım gəlir.

Lakin belə görünür ki, Ermənistanda daxili siyasi amillər də düşmən tərəfin bu təxribatçı fəallaşmasında az rol oynamır. Məsələ ondadır ki, kriminal Sarkısyan rejimi dönəmində əhalinin sosial-iqtisadi durumu heç vaxt olmadığı qədər böhran mərhələsinə girib. Bir yandan da işğal altındakı Azərbaycan torpaqlarının heç olmasa, bir qismini azad etmək zərurətinin gündəmə gəlməsi hakim rejimdə devrilmək qorxusunu artırıb, istefa xofunu gücləndirib.

İstisna deyil ki, rəsmi İrəvan həm də bu üzdən, yəni daxili diqqəti, ictimai fikri narazılıqlardan yayındırmaq üçün cəbhədə təxribatları gücləndirib. Ancaq bu - xilas yoludurmu? Əlbəttə ki, yox.

***
“Ermənistan defolt ərəfəsindədir”. Bunu jurnalistlərə açıqlamasında erməni iqtisadçı Vaaqn Xaçatryan söyləyib (Axar.az). Onun sözlərinə görə, hökumət bununla bağlı təcili tədbirlər görməlidir. “Büdcənin həcminə, dövlət borcuna baxanda görürük ki, kifayət qədər problemli situasiyadayıq. Əgər hansısa qərar qəbul etməyə cəhd etsək, belə nəticəyə gələ bilərik ki, hətta dövlət borcunun işlənməsi sahəsində problemlər var və bu, bizə Ermənistanın həqiqətən iflas ərəfəsində olduğunu söyləməyə imkan verir” - iqtisadçı ekspert qeyd edib.

Onun sözlərinə görə, xəbərdarlıq siqnalı öncədən verilib: “Belə ki, iqtisadiyyat dağılır, iqtisadi artım üçün resurslar ya yoxdur, ya da təcrid edilib. Ölkə defolt ərəfəsindədir və bunun öhdəsindən yalnız korrupsiya və kölgə iqtisadiyyatı ilə mübarizə aparmaqla gəlmək olar...”

Bu yerdə yada salaq ki, az öncə Ermənistanın birinci (sabiq) prezidenti Levon Ter-Petrosyan da ölkənin tezliklə defolt olacağını açıqlamış, hakimiyyəti vəziyyətdən təcilli çıxış yolu tapmağa çağırmışdı. Belə görünür, yeni təyin olunan baş nazir Karen Karapetyanın da əlindən bir şey gəlməyəcək.

Əsas səbəb əslində erməni iqtisadçı ekspertin dediyi kimi, heç də korrupsiya və kölgə iqtisadiyyatı, ölkədən əhali miqrasiyasının güclənməsi deyil - bunlar yalnız nəticələrdir - baş səbəb əlbəttə ki, işğalçı siyasəti üzündən Ermənistanın qonşu Azərbaycan və Türkiyə tərəfindən illərdir iqtisadi-kommunikasiya blokadasında saxlanması, iri regional layihələrdən onun kənarda qoyulmasıdır.

***
Aydındır ki, Dağlıq Qarabağ konflikti ədalətli həllini tapmayınca Ermənistan bu ağır durumdan qurtula, iqtisadiyyatı rüşeym səviyyəsindən çıxa bilməyəcək. Məntiq deyir ki, defolt təhlükəsi də, korrupsiya və kölgə iqtisadiyyatı da, miqrasiya problemləri də yalnız o halda aradan qalxa bilər.

Hazırkı vəziyyətdə üstəlik, Azərbaycanla məcburi silahlanma yarışı kasad Ermənistan büdcəsi, bütövlükdə Ermənistan üçün əlavə təhdid deməkdir. Bunu indi yerli təhlilçilər də, əcnəbi analitiklər də xüsusi vurğulamaqda, Qarabağ ixtilafının uzanmasının ən çox Ermənistanın ziyanına işlədiyinə diqqət yönəltməkdədirlər.

“Qarabağ məsələsi inteqral şəkildə, yəni bütünlüklə həll olunmalı, Azərbaycan ərazilərinin hamısı qaytarılmalıdır. Sovet tarix ərzində onsuz da çoxlu Azərbaycan torpaqları ermənilərə verilib”. Bunu Azərbaycan əsilli rusiyalı tanınmış politoloq və ictimai xadim, Rusiya İslam Komitəsinin sədri Heydər Camal “Baku Network” platformasında video-görüş zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycana konfliktin istənilən şərtlər altında həlli lazım deyil: “Çünki elə həll variantları var ki, istənilən destabillikdən qat-qat pisdir. O səbəbə ki, Azərbaycan xalqının hüquq və gələcəyini hansısa kompromis qərarlara dəyişmək olmaz”.

Analitik hesab edir ki, problemin mərhələli həllinin perspektivi İrəvanın nə dərəcədə konstruktiv mövqe tutmasından asılıdır. “Bizi əhatə edən güc mərkəzləri nizamlamada yox, Azərbaycanlı daima gərginlikdə saxlamaqda, Bakıya vəd verib nizamlama perspektivi ilə bağlı bazarlıq etməyə cəhddə maraqlıdır” - Camal vurğulayıb və hələ ki nizamlama prosesi ilə bağlı birmənalı aydınlığın olmadığına da diqqət çəkib.

“Başqa yandan, aprel eskalasiyası göstərdi ki, Azərbaycanın indiki imkanları Sovet Azərbaycanında olanlardan tamamilə fərqlənir. Yəni bəd ayaqda Dağlıq Qarabağ problemini sərt şəkildə həll edə bilər”, - deyə o işğalçı ölkəyə xəbərdarlıq edib.

Politoloqun əminliyinə görə, ərazilərlə bağlı problem daha çox erməni tərəfini əldən salır: “Ermənilər daxilən öz hakimiyyətlərinə etibar etmirlər. Əhalinin ölkədən axını davam edir. Zaman Ermənistanın əleyhinə işləyir”.

Onun fikrincə, bu gün xarici qüvvələr əvvəlki gücə malik deyil. “Rusiya da Dağlıq Qarabağ münaqişəsi ətrafında situasiyanı çətin ki, dəyişə bilsin. Hərgah, Rusiya və Ermənistan arasında çoxlu təmas nöqtələri var və bu ölkədə güclənən anti-Rusiya ovqatı bu tendensiyaya təsir göstərməyəcək. Ermənistanda Rusiya bayrağının yandırılması Rusiyanın bu ölkədə uzun illərdir işləyən investisiya proqramları ilə müqayisədə çox xırda şeydir” - sonda analitik əlavə edib.

Siyasət şöbəsi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.