Hökumət xeyriyyəçiliyi monopoliyaya alıb?

24-05-2022, 00:08           
Hökumət xeyriyyəçiliyi monopoliyaya alıb?
Dünyanın əksər ölkələrində sponsorluq korporativ sosial məsuliyyətin bir elementi kimi qəbul edilir və sosial məsuliyyətlə bağlı layihələr həyata keçirən şirkətlər belə müxtəlif sosial layihələrin maliyyələşməsini həyata keçirirlər.

Amma indiyədək Azərbaycanda xeyriyyəçilik, sponsorluq və korporativ sosial məsuliyyətin sərhədləri müəyyənləşməyib.

Xatırladaq ki, hələ 2013-cü ildə millət vəkili Musa Quliyev bildirmişdi ki, parlamentin 2013-cü ilin yaz sessiyası ərzində təmsil olunduğu komitə çərçivəsində xeyriyyəçilik, sponsorluqla bağlı yeni qanun layihəsi hazırlamaq niyyətindədir.

Onun sözlərinə görə, qanunda xeyriyyəçi təşkilatlara, sponsorlara vergi güzəştləri tətbiq etmək, onların donorluq fəaliyyətini təşviq etmək nəzərdə tutulacaq.
Millət vəkili onu da qeyd etmişdi ki, belə qanunun qəbul olunmasında ən böyük çətinlik vergi güzəştlərinin tətbiq olunmasıdır:

"Hələlik bununla bağlı müvafiq qurumlarla bu güzəştlərin hansı formada tətbiqi ilə bağlı danışıqlar aparılır".

Musa Quliyev bildirmişdi ki, qanun mədəniyyət sahəsi, həmçinin sosial və humanitar layihələr üçün nəzərdə tutula bilər:

“Xeyriyyəçilər hər zaman nümunə kimi göstərilir və belə insanlara, təşkilatlara dövlət tərəfindən müəyyən güzəştlərin edilməsi vacibdir. Bu məsələ də qanunla tənzimlənməlidir".

Artıq neçə illər keçməsinə baxmayaraq, bu istiqamətdə elə bir yenilik baş verməyib. Bugünlərdə isə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib ki, sosial sahibkarlıq bizneslə xeyriyyəçiliyin kəsişməsində olmaqla cəmiyyətin mühüm sosial və mədəni problemlərini həll edir, həmçinin sosial cəhətdən həssas vətəndaş kateqoriyalarının uyğunlaşmasına şərait yaradır:

"Yeri gəlmişkən, “Xeyriyyəçilik fəaliyyəti haqqında” yeni qanun layihəsi üzərində də iş gedir və gələcəkdə qəbulu planlaşdırılır".

Beləliklə, bu gün ölkədə xeyriyyəçilik, sponsorluq qanunla tənzimlənmir, heç bir vergi güzəşti tətbiq olunmur, hər hansı xeyriyyə təşkilatı digər qurumlarla eyni vergi ödəməli olur ki, bu da onların belə bir fəaliyyət növündən uzaq qalmasına səbəb olur.

Əgər qanunla bu proses tənzimlənsə, xeyriyyəçiliyə müəyyən güzəştlər tətbiq edilsə, bu işlə məşğul olanların sayı artacaqmı?

Teref.az yazır ki, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, xeyriyyəçilik və sponsorluq daha çox təşviqlərə bağlı məsələdir:


“Dünya ölkələrində qanunvericilikdə vergi güzəştləri nəzərdə tutulduğundan şirkətlər həm müsbət imiclərinin formalaşması, həm də vergi güzəştləri əldə etməsi üçün sponsorluq fəaliyyəti ilə məşğul olurlar.

Bunların əlavə reklam olunması, şirkətlərin məhsullarının və xidmətlərinin daha geniş yayılması, istifadə hallarının artması, pozitiv fikir formalaşdırılması üçün istifadə olunur. Bizdə qanunvericilikdə bununla bağlı bir müddəalar yoxdur, əvvəllər, 1990-cı illərdə olub, sonradan ləğv edilib. İndi də təbii ki, həm sponsorluq fəaliyyəti, həm də xeyriyyəçiliklə əlaqədar hansısa bir addımların atılmasında şəxsi təşəbbüslərə bağlı məsələ kimi qalıb.

Yəni institusional yanaşma olmadığından ancaq şəxsi təşəbbüslə, hansısa şirkətlər müraciətlərə cavab olaraq müəyyən sponsorluq fəaliyyətiylə məşğul olurlar. Təbii ki, vergi güzəştləri olsa, bu sahəyə maraq artar, bir çox sosial problemlərin həllində bu məsələnin kifayət qədər müsbət təsiri olar.

Məsələn, hansısa şirkət ağır xəstəliyə düçar olan insanlara maddi yardım göstərərsə, onların əməliyyatlarını öz üzərinə götürməsi həmin hissələrin vergilərdən çıxılması və yaxud da müəyyən güzəştlərin olunması bir çox insanların sosial, tibbi-sağlamlıq problemlərinin həllində də müsbət rol oynaya bilər”.

Ekspertin sözlərinə görə, vergi güzəştindən əlavə bu həm də reklam məsələsidir, pozitiv imicin formlaşmasıdır və şirkətlər həm də ona xeyriyyəçiliklə məşğul olurlar ki, vergi güzəştlərindən əlavə özləri haqqqında müsbət imic yaradırlar:

“Bu da onların satdığı məhsulun daha çox yayılmasına, göstərdikləri xidmətdən daha geniş istifadəyə səbəb olur”.

Ekspert deyir ki, bizdə hər bir məsələdə dövlət daha çox önə çıxır:

“Təəssüf ki, bu məsələdə də dövlətin önə çıxdığı görünür. Bu sahədə də müəyyən qədər qeyri-adi səslənsə də, müəyyən qədər inhisarçılıq var. Ancaq dövlət şirkətləri bu işlə məşğul olması reklam olunur, önə çəkilir. Ona görə də bu sahənin müəyyən qədər tənzimlənməsinə ehtiyac var. Bu da ölkədə həm xeyriyyəçilik institutunun inkişafına, həm də sosial məsələrinin həllində öz təsirini göstərə bilər”.

Göründüyü kimi nə qədər ki, xeyriyyəçilik, sponsorluq qanunla tənzimlənmir, vergi güzəşti tətbiq olunmur, heç bir qurumun xeyriyyəçilik marağı olmayacaq, imkanlı şəxslər öz vəsaitlərini xarici ölkələrdə banklara, daşınmaz əmlaklara yatıracaqlar.

Nigar Abdullayeva












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.