Dünyada buğda qıtlığı gözlənilir: Azərbaycanı nə gözləyir? - NƏ ETMƏLİ?

25-05-2022, 21:06           
Dünyada buğda qıtlığı gözlənilir:
Çikaqo birjasında satılan buğda fyuçers müqavilələri, ABŞ Kənd Təsərrüfatı Departamentinin hesabatından sonra tədarük çatışmazlığının mövcud olduğu bazarlarda tədarüklə bağlı narahatlıqların güclənməsi ilə yüksələrək mart ayında qeydə alınan rekord səviyyəyə yaxınlaşdı. Rusiyanın Ukraynaya müdaxiləsi və Hindistanın gözlənilmədən buğda ixracına qadağa qoyması səbəbindən Qara dənizdən daşımaların dayandırılması ABŞ məhsulunun əhəmiyyətinin artmasına səbəb olub. Belə ki, Çikaqo birjasında ən yüksək ticarət həcminə malik olan buğda fyuçers müqavilələri 0,5 faiz artaraq 12,53 dollar/buşe və ya 460,4 dollar/ton olub və martın 8-dən bəri ən yüksək səviyyəyə çatıb. Bu isə o deməkdir ki, dünyada aclıq böhranı gözlənilir. Buğdanın bahalaşması milyardlarla insanı aclıqla imtahan edə bilər.
Bəs bu hadisələrdən Azərbaycan nəsibini necə alacaq? Teref.az-ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov Bizimyol.info xəbər portalına bildirib ki, Rusiya-Ukrayna müharibəsi kontekstində aktuallaşan qlobal aclıq təhlükəsi Böyük Yeddilik (G7) ölkələrinin də diqqətindən kənarda deyil. Belə ki, bu ölkələrin inkişaf nazirləri qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün alyans yaratmağa qərar veriblər.

Deputat bildirir ki, artıq əksər buğda ixracatını dayandırıblar. Hətta ildə 107 milyon ton buğda yetişdirən Hidistanda da ixracatın tənzimlənməsi ilə bağlı qərar qəbul olunub. Qazaxıstan xaricə buğda satmamağa qərar verib. Onu da qeyd edək ki, Qazaxıstan hər il xaricə 1 milyard 137 milyon dollarlıq buğda satır və dünyada 9-cu ən böyük ixracatçı idi.

Bir müddət əvvəl 8 milyard dollarlıq ixracatı ilə dünyada xaricə ən çox buğda satan Rusiyaya da ixracatı dayandırıb. 3,5 milyard dollar eksport ilə ilk beşliyə daxil olan Ukrayna da satışı dayandırıb. Yəni artıq dünyaya ikinci ən çox buğda yetişdirən və ixracatda ilk onluqda ölkə ixracatı dayandırıb. Digər ölkələrdə də mərhələləi şəkildə məhdudiyyətlər tətbiq edilir.

Qeyd edək ki, buğda ilə yanaşı dünya bazarlarıda qiymətlər bahalaşır. Dünya bazarında Rusiya-Ukrayna müharibəsi başlanan zaman 1 buşeli 287 dollara təklif edilən buğda hazırda 420 dollara satılır. Bu isə o deməkdir ki, müharibə başladıqdan sonra dünya bazarında buğdanın qiyməti 47 faiz artıb. Artım artıq qlobal bazarda buğda qıtlığı ilə müşahidə olunur.

Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur.

“Azərbaycanda buğdaya olan tələbin 40 faizi idxal hesabına ödənilir. İdxalda ən böyük paya 80 faizlə Rusiya sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da Rusiya ilə müqayisədə kiçik çəkiyə malik idi. Əvvəllər Hindistan buğda idxal etdiyimiz ölkələr sırasında deyildi. İllik buğda idxalımız 1 milyon tondan çoxdur” - deyə deputat qeyd edib. Onun sözlərinə görə, Azərbaycan buğda ilə bağlı ehtiyatlarını ötən ilin sonu və bu ilin əvvəli daha da artırmağa çalışıb. Belə ki, sadəcə bu ilin yanvar ayında ölkəmiz buğda idxalını 4 dəfə artırıb.

Dünyada ixracata qoyulan qadağalar Azərbaycanın buğda idxalına da təsir edib: “Bu ilin ilk 4 ayında Azərbaycana 105 milyon 270 min dollar dəyərində 308 min 43 ton buğda idxal edilib. 2021-ci ilin ilk 4 ayı ilə müqayisədə buğda idxalının həcmi 15,7 faiz azalıb. Bir ton buğdanın idxal qiyməti ötən ilin ilk 4 ayında 254,5 dollarkən, bu ilin sözügedən dövrü üçün 341,7 dollar olub. Bu isə idxal olunan buğdanın qiyməti 34,2 faiz artıb”.

Deputat qeyd edir ki, 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur.

“Dünyada bazarındakı qiymət artımları fonunda idxal inflyasiyası qaçılmazdır. Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişməsi dünya bazarındakı dəyişikliklərdən də birbaşa asılı olacaq”,- deyən Vüqar Bayramovun fikrincə, Nazirlər Kabineti digər alternativ mənbələri təşviq etməklə, o cümlədən yeni güzəşt mexanizmləri ilə ərzaq məhsullarına tələbin ödənilməsində stabilliyi qoruyub saxlamağa çalışır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.