“Rusiya hərbçiləri orada qaldıqca Türkiyə hərbçiləri də qalacaq...” - GƏLİŞMƏ

21-11-2023, 09:41           
“Rusiya hərbçiləri orada qaldıqca Türkiyə hərbçiləri də qalacaq...” - GƏLİŞMƏ
“Hazırda Ağdam rayonunda Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin fəaliyyət göstərməsinə praktiki ehtiyac yoxdur.”

Moderator.az xəbər verir ki, bunu “Kavkazski uzel” nəşrinə hərbi ekspert, Azərbaycan Müdafiə Nazirliyinin informasiya-analitik idarəsinin keçmiş əməkdaşı Azad İsazadə söyləyib.

"Bu mərkəz 2020-ci ilin 44 günlük müharibəsindən sonra atəşkəs rejiminə riayət olunmasına nəzarət etmək üçün yaradılıb. Monitorinq texniki vasitələrlə, pilotsuz uçuş aparatlarıyla həyata keçirilib, o cümlədən qoşunların hərəkəti müşahidə edilib. Mərkəz məlumatların toplanması və işlənməsi, onların tərəflərdən gələn məlumatlarla müqayisəsi ilə məşğul olub. Amma indi, 19-20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatından sonra, Azərbaycanın suveren ərazisində Ermənistan hərbçilərinin olmadığı bir vaxtda mərkəzin fəaliyyət göstərməsinə praktiki ehtiyac yoxdur. Lakin Rusiya “sülhməramlı”ları bölgədə qalır və monitorinq mərkəzi Rusiya hərbçilərinin iştirakı ilə ortaq olduğundan Türkiyə hərbçiləri də orada qalır. Mərkəzin ləğvi ilə bağlı rəsmi qərar olmasa da, Türkiyə hərbçiləri orada açıq şəkildə iştirak etməyə davam edəcək. Üstəlik, söhbət hər tərəfdən 20-30 nəfərdən ibarət kiçik kontingentdən gedir”, - deyə İsazadə bildirib.

Ağdam Mərkəzi yaradılan zaman türk hərbçilərinin bölgədə olması Bakı üçün Rusiya ordusunun mövcudluğunu tarazlaşdırmaq üçün vacib idi. “Türkiyə üçün bunun həm də siyasi əhəmiyyəti var idi, çünki o, simvolik olsa da, regional problemlərin həllində öz rolunu, Cənubi Qafqazda hərbi varlığını göstərirdi”, - deyə ekspert qeyd edib.

Bununla belə, İsazadənin sözlərinə görə, Azərbaycan üçün Türkiyə ilə hərbi əməkdaşlığın əhəmiyyəti Türkiyə ordusunun fiziki mövcudluğu ilə deyil, Şuşa bəyannaməsində qeyd olunan qarşılıqlı təhlükəsizlik zəmanəti olan müqavilə öhdəlikləri ilə müəyyən edilir. “Azərbaycan və Türkiyə mütəmadi olaraq birgə genişmiqyaslı hərbi təlimlər keçirirlər, bu təlimlər zamanı birləşmə komandirləri və şəxsi heyətin əməliyyat uyğunluğu səviyyəsində qarşılıqlı fəaliyyət əldə edilir. Azərbaycan ordusunu Türkiyə standartlarına çatdırmağa çalışır ki, bu ölkənin ordusu da NATO-da ən qabaqcıllardan biridir. Bu proses davam edir və dərinləşir.

"Türkiyə qoşunlarının Azərbaycan ərazisində daimi mövcudluğu yoxdur. Lazım gələrsə, yəni Azərbaycanın təhlükəsizliyinə təhdid yaranarsa, Türkiyə hərbi birlikləri çox sürətlə yenidən ölkə ərazisinə atıla bilər”, - deyə İsazadə vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.