Sanksiya çağırışı və ya fəlakətə dəvətnamə

22-12-2023, 00:07           
Sanksiya çağırışı və ya fəlakətə dəvətnamə
Demokratik Qüvvələrin Milli Şurası adlanan təşkilatdakı, ən azı onun rəhbərliyindəki şəxslərin bir çoxu ilə yaxından tanışam. Mən siyasətdə olduğum dönəmlərdə onlarla eyni düşərgədə təmsil olunmuşdum. Təbii ki, siyasətçilərin, jurnalistlərin həbs olunması məni də bir vətəndaş kimi narahat edir. Ancaq Milli Şuranın Qərb strukturlarına müraciət edərək Azərbaycana sanksiyalar tətbiq olunmasına çağırmasından da eyni dərəcədə və daha çox əndişə duydum.
Xeyr, özüm üçün deyil, ölkəm üçün əndişələndim.

Hə, deyə bilərsiniz ki, ayrı-ayrı vəzifəli şəxslərə sanksiya qoyulmasına çağırış ediblər, ölkəyə deyil. Ancaq bu, situativ olaraq nəyi dəyişir ki?! Nəticədə bütün ölkə, bütün xalq bundan zərər çəkir, elə deyilmi?! Sanksiya altına düşən başqa ölkələrin acı təcrübəsi də bunu göstərir. Ölkədə siyasi vəziyyətdən narazısan, həbsləri durdurmaq istəyirsən, iqtidarı dəyişdirmək istəyirsən, çox yaxşı. Buyur, seçkilərə qoşul, gücün çatırsa, dəyişdir. Ancaq xarici paytaxtlara sanksiya yalvarışı... Bu nədir, nə?!

Kim məndən inciyir, qoy incisin, açıq deyəcəm: Milli Şura olsun, ya başqa bir siyasi təşkilat, siyasi qrup, siyasi lider, QHT və sair olsun, fərq etməz, öz ölkəsinə sanksiya qoyulması xahişi ilə xarici dövlətlərə çağırış etməklə 1990-cı ildə Sovet qoşunlarını Bakıya çağırmaq, xalqı qırğına vermək arasında mahiyyətcə elə də böyük fərq yoxdur.

Bir anlıq gözümüzün qarşısına gətirək: biz, məsələn, düşmənimizin arxasında, daha doğrusu, artıq bizim tam qarşımızda duran Fransaya deyirik ki, gəlsin, bizim ölkənin içindəki məsələlərə müdaxilə etsin. Bu çağırış təkcə Azərbaycan hakimiyyətinin deyil, bütövlükdə Azərbaycan dövlətinin, xalqının düşmənlərinin əlinə oynamaq deməkdir; onlar bu müraciətdən maksimum öz maraqlarına yararlanmağa çalışacaq.

Və düşünürəm: bu gün müxalifətdə olub xarici gücləri ölkənin daxili məsələlərinə qarışmağa çağıranlar, sabah hakimiyyətə gəlsələr, bizi, bax, həmin o Ukraynanın bugünkü acı taleyi, ağır məhrumiyyətləri gözləyir. Çünki bu gün ABŞ-dan, Avropa İttifaqından öz dövlətinə qarşı (qoy lap olsun hakimiyyətinə qarşı) sanksiya istəyənlər, sabah hakimiyyətdə olsalar, həmin güclərin diqtəsi ilə oturub-durmaq zorunda olacaqlar.

Tamam. Mən siyasi motivlərlə həbsləri qəbul etmirəm. Bunu yanlış sayıram. Əvvəllər də bu mövqeyimi dəfələrlə və açıq ifadə etmişəm və buna görə də başım az çəkməyib. Ancaq bu, o demək deyil ki, xarici “siyasi işğal”a çağıranlarla razılaşmalıyam, onlara da sözümü deməməliyəm. Mən bu cümlələri bir vətəndaş, bir Azərbaycanlı, Azərbaycan Türkü kimi öz şəxsi fikrim, mövqeyim olaraq yazıram: Milli Şuranın bu çağırışı nəinki yanlışdır, hətta çox təhlükəlidir. Bu, artıq hakimiyyətə deyil, bütövlükdə dövlətə qarşı müxalifət olmaq deməkdir. Fəlakətə dəvətnamə göndərməkdir.

Dövlət təkcə hakimiyyət demək deyil axı, həm də ərazi və əhali deməkdir. Deməli, həm də əraziyə və əhaliyə qarşı müxalif olmaqdır. Bax, sanksiya çağırışı edilən xarici güclərin də tam istədiyi budur: özünə tam tabe edəcəyi hakimiyyət konfiqurasiyası qurmaq, bununla da əraziyə yerləşib əhalini öz əsgərinə çevirmək. Necə ki, hazırda Ukrayna Qərbə hərbi və siyasi güc olaraq yerləşəcəyi ərazi kimi, Ukrayna əhalisi isə Rusiyaya qarşı döyüşən əsgər kimi gərəkdir. Məqsəd?! Öz geosiyasi, geostrateji, təhlükəsizlik maraqlarını təmin etmək. Sənin bir millət, bir dövlət olaraq maraqların, hətta həyatın. varlığın-yoxluğun belə o xarici gücü ilgiləndirmir. 2011-ci ildə həmin Amerikalılar Suriyanı qarışdırdılar, əvvəlcə “stajlı” siyasi müxalifəti irəli verdilər, məzhəblərarası qarşıdrma üzərindən cəmiyyəti bölüb, hamısını silahlandırıb iç savaş çıxardılar. Hakimiyyət Rusiyanı, İranı çağırdı. İran işə daxil oldu deyə İsrail öz təhlükəsizliyi üçün gəldi. Avropadan, Avropa İttifaqını təmsilən Fransa özünü yetirdi. Savaş Türkiyənin sərhəddinə çatanda Türk əsgəri müdaxilə etmək zorunda qaldı. Suriya faktik olaraq qlobal, regional güclər arasında bölüşdürüldü. Axırda Ağ Evin sahibi nə desə yaxşıdır?! ABŞ prezidenti öz müxalifətinin tənqidinə: “Narahat olmayın, məqsədimizə çatmışıq; neftlə zəngin ərazilər bizim nəzarətimizdədir” deyə cavab verdi. Daha ölkə paramparça oldu, yüzminlərlə suriyalı, on minlərlə uşaq öldü, milyonlarla insan öz evindən didərgin düşüb qaçqına, köçkünə çevrildi, dəstə-dıstə dənizdə boğuldu-filan. Bunlar o Ağ Evin vecinə olmadı. O zaman da Suriya müxalifəti Qərbi köməyə çağırmışdı. Xatırladıram. Ukrayna da ona bənzər tale yaşayır.

Yoxsa, biz də bugünkü Ukrayna olmaq istəyirik?! Niyə?!

Bir şey də deyim: Roma Papasından daha çox katolik olmağa – Qərbin özündən belə daha artıq Qərbçi olmağa çalışanlar bəlkə də elə bilirlər ki, həmin Amerika, Avropa onları hakimiyyətə daşıyacaq. Böyük səhv edirlər. İndiyədək rəngli, rəngsiz inqilablar yaşamış başqa ölkələrin təcrübəsinə baxaq: bəli, mövcud müxalifətdən destablizasiya yaratmaq, hakimiyyəti sıxışdırmaq üçün yararlana bilərlər. Gürcüstanda da ənənəvi partiyalar, çoxstajlı müxalifət liderləri vardı, Ukraynada da, Ermənistanda da, elə Moldovada da. Ancaq Qərb ona lazım olanda hakimiyyətə kimləri gətirdi?! Tamamilə yeni siyasi gücləri, yeni liderləri. “Köhnə” müxalifət ona “qara işləri” gördürmək üçün lazım idi. Elə ki istədiyini həll edə bildi, həmin o Qərb bu kiçik ölkələrin siyasi şahmat taxtasına tamamilə təzə fiqurlar düzdü.

Budur reallıq. Həm də acı və qorxuducu reallıq!
Bahəddin Həzi, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.